QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ərdoğan: "Rusiya ilə Türkiyə atəşkəs monitorinq mərkəzi haqqında müqavilə imzalayıb"

© © Presidential Press Office/Handout via REUTERSПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə lideri: Azərbaycan və Qarabağdakı 28 illik işğal rəsmi və faktiki olaraq sona çatır. Qarabağ bir daha əmin-amanlıq yurduna çevrilməkdə, hilalın kölgəsində hüzurlu yerini almaqdadır.

BAKI, 11 noyabr — Sputnik. Atəşkəsə nəzarət üçün yaradacağımız ortaq Türkiyə-Rusiya monitorinq mərkəzi ilə bağlı saziş bu səhər imzalanıb. Sputnik Azərbaycan "Milliyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Atəşkəsə nəzarət üçün yaradacağımız ortaq Türkiyə-Rusiya monitorinq mərkəzi ilə bağlı saziş bu səhər imzalanıb. Bu mərkəz Azərbaycanın işğaldan azad etdiyi bölgədə qurulacaq. Dağlıq Qarabağda atəşkəsin pozulmasının qarşısını alacaq bütün tədbirlər bu mərkəzdən idarə ediləcək. Beləliklə, Azərbaycan və Qarabağdakı 28 illik işğal rəsmi və faktiki olaraq sona çatır. Qarabağ bir daha əmin-amanlıq yurduna çevrilməkdə, hilalın kölgəsində hüzurlu yerini almaqdadır", - deyə Ərdoğan bildirib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0