QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Kəlbəcər rayonunun bir hissəsi işğaldan azad edilib - Prezident

CC BY-SA 2.0 / ogannes / KalbajarKəlbəcər, arxiv şəkli
Kəlbəcər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev: "Bu gün hələ bir ay keçməyib, artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib".

BAKI, 25 oktyabr - Sputnik. Bu gün hələ bir ay keçməyib, artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. 

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu gün Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirdiyi operativ müşavirədə deyib.

 

Döyüş meydanında uğurlar qazandığımızı vurğulayan Ali Baş Komandan, döyüşlər zamanı müəyyən qüsurların, çatışmazlıqların olduğunu, lakin onların operativ qaydada aradan qaldırıldığını bildirib.

"Bu döyüşlərdən sonra, ikinci Qarabağ müharibəsi başa çatandan sonra döyüş zamanı əldə edilmiş bütün uğurlar və çatışmazlıqlar ciddi təhlil edilməlidir. Baxmayaraq ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, biz bundan sonra ordu quruculuğu işində daha müasir metodlardan istifadə etməliyik. Bu döyüşlər bizim üçün böyük təcrübədir. Biz gördük ki, hərbi arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o qədər də lazım olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir. Ancaq mən bunu demişəm və bir daha demək istəyirəm ki, torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər. Ona görə növbəti günlərdə, - bu gün biz bu barədə danışacağıq, - bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, onların səmərəsi daha da təsirli olsun, vaxt itirməyək", - Prezident deyib.

Президент Ильхам Алиев в Центральном командном пункте Министерства обороны - Sputnik Azərbaycan
QARABAĞ
Prezident Azərbaycan xalqını əmin etdi: "Haqq yolumuzdan dönməyəcəyik!"

O, həmçinin qeyd edib ki, bəzi hallarda yubanmalar var, amma buna rəğmən, ərazilərimizin, eləcə də Kəlbəcərin bir hissəsi işğaldan azad edilib:

"Bəzi hallarda yubanmalara heç bir əsas gətirə bilmirlər. Biz bütün bunları təhlil edirik, təhlil edəcəyik. Yenə də deyirəm, Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir. Biz 1990-cı illərin əvvəllərində bir neçə il ərzində torpaqlarımızı itirmişik. Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş tapşırığını təsdiqləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir".


İlham Əliyev bir daha əmin olduğunu bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək: 

"Biz öz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizim tərəfimizdədir. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik, işğalçıları öz torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyini təmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq. Amma buna nail olmaq üçün əlbəttə ki, hər bir vəzifəli şəxsdən böyük məsuliyyət tələb olunur, cəsarət tələb olunur və nizam-intizam tələb olunur".

Qeyd edək ki, bu günədək rəsmi mənbələrdə Kəlbəcər rayonunun bir hissəsinin işğaldan azad olunduğuna dair hər hansı məlumat verilməyib.

Xəbər lenti
0