20:12 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1120)
73740

"Döyüş yoldaşları danışır ki, atam döyüşlərdə başı dik gedirmiş, deyirmiş ki, "erməni kimdir ki, mən başımı əyim. Mənim başım dik olmalıdır"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Körpə bir uşaq... Dodağının südü qurumamış, doyunca anasının qoynunda uyumamış, ana qoxusuna doymamış bir körpə...

Kənan anasını itirəndə iki yaşı var imiş. Kiçik qardaşı dünyaya gələndən bir müddət sonra anası dünyasını dəyişir. Kənan və qardaşı elə körpə yaşlarından ana nəvazişindən məhrum olurlar. İki yaşında uşaq ana itirməyin nə olduğunu da dərk etmir. Bircə onu bilir ki, həyatında nə isə çatmır. Sevgimi, qayğımı, nəvazişmi... bilmir. Bircə onu bilir ki, bir boşluq var...

Hamının bu gün cəmiyyətin reallıqlarını əks etdirən film və videoları ilə tanıdığı Kənan Yusifin heç kimin bilmədiyi, dilinə gətirməyə çəkindiyi, yanlış anlaşılmaq istəmədiyi üçün danışmamağa üstünlük verdiyi, əslində isə qürurverici bir həyat hekayəsi var.

Kənan Yusif 1992-ci ildə Füzuli uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan şəhid Elxan Yusifovun oğludur.

© Sputnik / Irade JELIL
Şəhid Elxan Yusifovun məzarı

Bəli, Kənan aktyor olduğu üçün heç bir zaman atasının şəhid olduğunu dilə gətirməyib. Düşünüb ki, əgər şəhid oğlu olduğunu dilə gətirsə, ətrafdakılar, cəmiyyət bunu reklam kimi dəyərləndirər.

Deyir, cəmiyyət belə məsələləri birmənalı qarşılamır. Buna görə də illərlə bu ağrını ürəyində saxlayıb. Təsəllini isə hər gün atasının dostları ilə görüşməkdə, bir də atasının Şəhidlər Xiyabanında olan məzarını ziyarət etməklə tapıb.

Kənan Yusif Füzuli rayonunun Cuvarlı kəndində doğulub.

Kənanla görüşüb, Şəhidlər Xiyabanına yollanırıq. Yol boyu xatirələrini dilə gətirməyə çalışır.

Atasını 5 yaşında itirib, deyir, üzü dumanlı şəkildə yadında qalıb. Hətta sonuncu dəfə atası döyüşə gedəndə boynunu qucaqlayıb ağladığını da xatırlayır: "Beş yaşım var idi. Uşaq idim. Hər şey yadımda qırıq-qırıq, kəsik-kəsik, dumanlı qalıb. Bircə onu bilirəm ki, atam anamı dəlicəsinə sevirmiş. Evləniblər. Xoşbəxt olublar. Sonradan anam ağır xəstələnir və dünyasını dəyişir. Atam bu faciə ilə barışa bilmir. Əvvəlcə anam üçün böyük mərmərdən məzar düzəltdirir. Sonra müharibə başlayır. Atam anamı o qədər sevirmiş ki, anamın qəbrini mühafizə edirmiş. Döyüş yoldaşlarına deyirmiş ki, məzara bir güllə dəysə, erməniləri darmadağın edər. Atam baş leytenant olub. Onun elə bir vəzifəsi olub ki, əslində müharibəyə getməməli idi. Amma o, könüllü batalyon toplayıb və döyüşlərdə iştirak edib".

Füzulidə vəziyyət gərginləşməyə başlayanda Kənanın atası onları Bakıya gətirir. Kənan və qardaşı Sənan nənəsi və əmisi ilə yaşamağa başlayırlar. Bir müddət sonra atasının şəhid olduğu xəbərini alırlar.

"Bildiyimə görə, Yuxarı Veysəlli kəndi uğrunda gedən döyüşlərdə həlak olub. Nənəmə atamın şəhid olma xəbərini deyilməsi bu gün də yadımdan çıxmır. Əvvəlcə dedilər ki, ağır yaralanıb. Sonra həlak olduğunu dedilər. Nənəm və əmim bizə hər zaman yaxşı baxıblar. Heç bir sıxıntımız olmayıb. Əmim ailə həyatı qurandan sonra, onun yoldaşı da sağ olsun, bizdən qayğısını, diqqətini əsirgəməyib, mənə öz övladları kimi baxıblar", - deyə Kənan danışır.

© Sputnik / Irade JELIL
Şəhid Elxan Yusifovun məzarı

Elxan Yusifov son nəfəsində həyat yoldaşının yanında dəfn edilməsini istəsə də, şəhid olduğu üçün onu Şəhidlər Xiyabanında dəfn edirlər.

"Atam əmimin yuxularına gəlirmiş. Sonra bir din xadimi ilə məsləhətləşir. Əmimə deyirlər ki, gedib anamın məzarından torpaq götürsün, atamın qəbrinə töksün. Belə də edir əmim. Sonra daha yuxularına narahat halda gəlmir atam", – deyən Kənan atasının 32 yaşında şəhid olduğunu bildirir.

Kənan məzarı əli ilə oxşayır, sanki atasını oxşayırmış kimi. Qəhər onu boğsa da, səsini çıxarmır, bir siqaret yandırır.

Döyüş yoldaşları danışırlar ki, atam döyüşlərə başı dik gedirmiş, deyirmiş ki, "erməni kimdir ki, mən başımı əyim. Mənim başım dik olmalıdır..."

Elxan Yusifovun döyüş yoldaşları da onun məzarını ziyarət edirlər. Kənana onunla bağlı xatirələrini danışırlar. Kənan atasını döyüş yoldaşlarının xatirələri ilə tanıyır: "Əvvəl atam haqqında danışmaq istəmirdim. Düşünürdüm ki, deyəcəklər ki, aktyordur, özünü reklam edir. Amma Füzuli işğaldan azad olunan gün, yuxudan duran kimi Şəhidlər Xiyabanına gəldim. Atama Füzulinin işğaldan azad olunması xəbərini birinci mən çatdırdım. Sonra düşündüm ki, kim nə düşünür, düşünsün, qoy hamı bilsin ki, mən şəhid Elxan Yusifovun oğluyam. Və Vətənim düşmən işğalından azad edilib. Qürurluyam".

32 yaş... Əslində 32 yaşında hər şeydən keçib, Vətən üçün mübarizəyə qalxmaq böyük qəhrəmanlıqdır.

Bu gün Kənan 32 yaşındadır. Atasının şəhid olduğu yaşdadır...

Düşünür ki, Füzuliyə gedib, heç vaxt görmədiyi anasının məzarını görəcək.

"Yəqin, ermənilər anamın məzarını da dağıtmış olarlar. Ancaq gedib görmək istəyirəm. Anamın adı Gülbəniz idi. Atamın adını əmim qoyub övladına, ancaq qismət olsa, anamın adını mən yaşatmaq istəyirəm", - Kənan deyir.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1120)

Əlaqədar

İlham Əliyev: "Mənim əsas vəzifəm torpaqları qaytarmaqdır. Və biz bunu edirik"
Dünya şöhrətli zəngilanlı şahmatçı: "Sevincimin həddi-hüdudu yoxdur"
İşğaldan azad olunan Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağı qaldırılıb – VİDEO
Bir igid ömrü torpağını gözləyənlər: "Ermənilər özləri orada yaşamağa ürək eləmirlər"
Bir gözümüz gülür, bir gözümüz ağlayır - Füzulili deputat
Teqlər:
şəhid, aktyor, işğaldan azad etmə, Füzuli, erməni təcavüzü, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular

  • Türkiyə sülhməramlıları, arxiv şəkli

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də bəyan edib ki, Ankara ilə Moskva Qarabağda atəşkəsə nəzarət üzrə mərkəzin yaradılmasına dair memorandum imzalayıblar və türk hərbçilər də birgə sülhyaratma missiyasında iştirak edəcəklər

    50
  • Əklil

    Cavid Zeynallı Əjdər Həmidovun bir neçə saat əvvəl Kliniki Tibbi Mərkəzdə vəfat etdiyini deyib: "Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, insultdan əziyyət çəkirdi".

    27
  • Təzə Bazar, arxiv şəkli

    "Bazarda yeraltı dayanacaqlar da nəzərdə tutulub. Bilirsiniz ki, Bakıda dayanacaq problemi var. Bu problemlər hamısı düşünülüb. Bu səbəbdən də tikintinin müddəti müəyyən dövr çəkəcək"

    26