06:02 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
194 0 0

"Təəssüf ki, Ermənistan tərəfindən artilleriya atəşləri – o cümlədən 10 nəfər dinc sakinin həlak olması və qırxa yaxın insanın yaralanması ilə nəticələnmiş Gəncə şəhərinin barbarcasına bombardmanı atəşkəsin parametrləri razılaşdırıldıqdan sonra da davam edir"

BAKI, 15 oktyabr — Sputnik. Rəsmi Bakı Dağlıq Qarabağda münaqişənin qaynar fazası bitdikdən sonra Azərbaycan hərbçiləri arasında olan itkiləri açıqlayacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Sputnik-ə müsahibəsində bildirib.

"Bu günə qədər 43 dinc sakinimiz həlak olub, 200-dən artıq yaralımız var, təmas xəttinə bitişik kənd və şəhərlərdə iki minə yaxın ev tamamilə dağıdılıb, yaxud zərər görüb. Təəssüf ki, Ermənistan tərəfindən artilleriya atəşləri – o cümlədən 10 nəfər dinc sakinin həlak olması və qırxa yaxın insanın yaralanması ilə nəticələnmiş Gəncə şəhərinin barbarcasına bombardmanı atəşkəsin parametrləri razılaşdırıldıqdan sonra da davam edir. O ki qaldı döyüş meydanında itkilərə, bizdə olan məlumatlara görə, Ermənistan tərəfinin itkiləri bizim itkilərimizdən qat-qat çoxdur. Biz hərbi qulluqçular arasında itkilərimizi münaqişənin qaynar mərhələsinin başa çatmasından sonra elan edəcəyik", - deyə İlham Əliyev Azərbaycan və Ermənistan liderlərinin Sputnik-ə paralel müsahibəsində "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova deyib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Bundan başqa, Ağdərə və Murovdağ istiqamətində ermənilərin bir neçə postu darmadağın edilib.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin Goranboy istiqamətindəki strateji yüksəkliklərdən birini - Murovdağ dağ silsiləsinin Murov yüksəkliyini azad edib. Azərbaycan ordusu Talış kəndi ətrafında bir neçə strateji yüksəkliyi də Ermənistanın işğalçı qüvvələrindən təmizləyib.
Oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.
Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.
 Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.
Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.
Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Əlaqədar

İlham Əliyev Rusiyanı Azərbaycan üçün strateji tərəfdaş adlandırıb
İlham Əliyev muzdluların Dağlıq Qarabağ döyüşlərində iştirakı barədə iddiaları təkzib edib
Azərbaycan Prezidenti bəyan edib ki, rəsmi Bakı Qarabağda azadlıq müharibəsi aparır
Əliyev: Gələcəkdə ermənilər və azərbaycanlılar Qarabağda sülh şəraitində yaşamalıdırlar
İlham Əliyev və Nikol Paşinyan Sputnik-ə müsahibə veriblər

Əsas mövzular