01:26 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
216909

Atəşkəs humanitar məqsədlər - hərbi əsirlərin və meyitlərin dəyişdirilməsi üçün elan olunur. Tərəflər Dağlıq Qarabağ üzrə danışıqlar formatının dəyişməyəcəyini təsdiqləyiblər.

BAKI, 10 oktyabr - Sputnik. Azərbaycan və Ermənistan Qarabağda humanitar məqsədlər - Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi əsirlərin və meyitlərin dəyişdirilməsi üçün - oktyabrın 10-u 12:00-dan etibarən atəşi dayandırmaq barədə razılığa gəliblər. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu oktyabrın 9-da başlamış və təxminən 10 saat davam etmiş məsləhətləşmələrdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Prezident İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Atəşkəsin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Lavrov həmçinin tərəflərin birgə bəyanatına əsasən, Bakı və Yerevanın "tezliklə sülh tənzimlənməsinə nail olmaq üçün baza prinsipləri əsasında substantiv danışıqlara başlamaq" barədə razılığa gəldiklərini də əlavə edib. Tərəflər Dağlıq Qarabağ üzrə danışıqlar formatının dəyişməyəcəyini təsdiqləyiblər.

Qeyd edək ki, Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla məsləhətləşmələr aparmaq üçün oktyabrın 9-da Moskvaya gedib. 

Görüşdən əvvəl heç bir tərəf açıqlama verməyib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Bundan başqa, Ağdərə və Murovdağ istiqamətində ermənilərin bir neçə postu darmadağın edilib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin Goranboy istiqamətindəki strateji yüksəkliklərdən birini - Murovdağ dağ silsiləsinin Murov yüksəkliyini azad edib. Azərbaycan ordusu Talış kəndi ətrafında bir neçə strateji yüksəkliyi də Ermənistanın işğalçı qüvvələrindən təmizləyib.
Oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.
Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.
 Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.
Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Əlaqədar

Azərbaycan Prezidenti: "Ermənistana axırıncı şans veririk, axırıncı şans!"
İsrail Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
Prezident İlham Əliyev CNN-ə: "Atəşi başlayan ilk olaraq dayanmalıdır"
Baş Prokuror Ermənistanın Qarabağa muzdlu döyüşçülər gətirməsi ilə bağlı bəyanat yaydı
Qoşulmama Hərəkatının dövlətləri Azərbaycanı dəstəklədilər
Teqlər:
Zöhrab Mnatsakanyan, Sergey Lavrov, Ceyhun Bayramov, məsləhətləşmə, Moskva, Yerevan, Bakı, cəbhə, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular