QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Torpaq həsrətinin sona çatdığı gün: "O xəbəri eşidəndə qol qaldırıb oynadım"

© Sputnik / Irade JELILCəbrayıllı məcburi köçkün
Cəbrayıllı məcburi köçkün - Sputnik Azərbaycan
Abunə olmaq
27 ildir ata-analarının qəbrinə həsrət qalan Cəbrayıl sakini: "Görürdük ki, dözə bilmirik, gedib torpaqlarımıza İrandan baxırdıq. Şükür Allaha ki, həsrətimiz sona çatır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 oktyabr — Sputnik. Oktyabr ayının 4-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Dəcal kəndlərinin işğaldan azad olunduğunu bəyan edib. İşğaldan azad olunmuş Cəbrayılın Maralyan kənd sakini Qurban Abbasov və ailəsi sevinc hisslərini Sputnik Azərbaycan-ın oxucuları ilə bölüşüblər.

Cəbrayıl rayonunun Maralyan kəndi işğal olunduqdan sonra 27 ildir ki, Bakının Qaraçuxur qəsəbəsindəki yarımçıq tikiliyə sığınan Qurban dayı bizi həyətdə gözləyirdi. Onun ömür-gün yoldaşı Asya ana isə eyvanda dayanmışdı. Maralyanın azad olunduğunu eşidən gündən yerə-göyə sığmadıqlarını deyən Qurban dayı, evdə dayana bilmədiklərini söyləyir. Deyir ki, elə həmin gündən qulağı səsdədir:

"Hər zəng gələndə telefonu özüm açıram. Elə bilirəm zəng edib Cəbrayıla dönəcəyimiz vaxtı deyəcəklər. Artıq səbrim, dözümüm qalmayıb. Bizi Cəbrayıldan Bakıya gətirən "Alabaş" avtobusun geri qaytaracağı günü gözləyirəm".

Qurban Abbasovla söhbətləşə-söhbətləşə onun məskunlaşdığı mənzilə daxil oluruq. 1939-cu ildə Cəbrayıl rayonunun Maralyan kəndində doğulan Qurban dayı kəndlərinin işğaldan azad olunma xəbərini televiziyadan eşitdiyini söyləyir: "Cəbhədə döyüş başlayandan televizoru söndürmürük. Axşam televiziyanın qabağında oturub prezidentimizin müraciətinə qulaq asırdıq. Prezident Maralyanın da işğaldan azad olunduğunu deyəndə qeyri-ixtiyarı ayağa qalxdım. 27 ildir ki, yanıma düşən qollarım yuxarı qalxdı. Nə yalan deyim, qol götürüb oynadım. Gözümdən yaş axırdı. Allah prezidentimizdən də, ordumuzdan da razı olsun".

Laçın Bağırova - Sputnik Azərbaycan
QARABAĞ
Tovuzun qocaman sakini Şuşa üçün bayraq tikir

Qurban dayının kövrəldiyini görən Asya ana söhbətə qarışır. Qurban Abbasovun torpağı işğal olunandan nəinki oynadığını, heç bir toya getmədiyini söyləyir:

"Məcburi köçkün olandan bir toya getməyib. Bütün toylara məni göndərirdi".

Bir az toxdadığını görüb Qurban dayı ilə söhbətə davam edirik. Maralyanda rus dili müəllimi işləyən Qurban Abbasov təsərrüfatla da məşğul olduğunu söyləyir. Deyir ki, bu gün ayaqları sözünə baxmasa da, kəndinə ayağı dəyən kimi gümrahlaşacağına inanır: "Məni bu günə torpaq həsrəti, torpaq dərdi qoyub. Ölüm haqdı, ölən yaddan çıxır, torpaq dərdi isə ölüncə yaddan çıxmır. Torpağı heç nə əvəz edə bilməz. Şükür ki, bizim üstümüzdən məcburi köçkün adı götürüldü. Biz hamımız prezidentimizin arxasındayıq. İndi bizə durun deyirlər. Mənim sözüm, ATƏT-in nümayəndələrinədir. Onları görsəm, deyərəm ki, bizlərdə elçiliyə üç dəfə gedirlər. Üçüncüdə qızın "hə"sini almamış geri qayıtmırıq. Siz isə 30 ildi gedib-gəlirsiniz. Amma ortada heç nə yoxdur. Ona görə də, ümid ancaq öz prezidentimizə, ordumuzadır. Mən Cəbrayıl sakini kimi öz torpağımda ölmək istəyirəm".

© Sputnik / Irade JELILQurban Abbasov
Cəbrayıllı məcburi köçkün - Sputnik Azərbaycan
1/3
Qurban Abbasov
© Sputnik / Irade JELILAsya Əhmədova Qurban Abbasov
Cəbrayıllı məcburi köçkün - Sputnik Azərbaycan
2/3
Asya Əhmədova Qurban Abbasov
© Sputnik / Irade JELILQurban Abbasov
Cəbrayıllı məcburi köçkün - Sputnik Azərbaycan
3/3
Qurban Abbasov
1/3
Qurban Abbasov
2/3
Asya Əhmədova Qurban Abbasov
3/3
Qurban Abbasov

Asya Əhmədova da deyir ki, Maralyanda bəzəkli-düzəkli, iki mərtəbəli evləri qalsa da, Qurban dayı o evin adını bir dəfə də olsun dilinə gətirməyib:

"Bir dəfə demədi ki, mənim o eldə şahnişin bir evim qalıb. Elə torpaq-torpaq deyir. Hərdən mənə danışır ki, elə bil oturmuşam ağacın dibində qoyun-mal otlayır, mən ona tamaşa edirəm".

Torpaqsız yaşamağın yaşlandıqca daha çətin olduğunu Asya ana da etiraf edir. Deyir ki, bütün gözəl günləri Maralyanla bağlıdır. Hətta vətən həsrəti onda şairlik istedadını da üzə çıxardıb...

Neçə əkinim-tökünüm qaldı,

Neçə payızım, qışım qaldı,

Mənə ar gəlir belə gəzinti,

Çünki girov qalan Cəbrayılım var!

***

Sındı Cəbrayılın sədəfli sazı,

Yamanca gecikdi baharı, yazı,

Ömrümüzə yazıldı qara bir yazı,

Gözləri yollarda qalan Cəbrayılım var!

***

Cəbrayılın bir uca kəhrizi vardı,

Altı bulaq üstündə çayxana vardı,

Fələk bu şadlığı hara apardı?

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib - Sputnik Azərbaycan
QARABAĞ
Ali Baş Komandan xalqa müraciət etdi: Bu gün Cəbrayıl rayonu və doqquz kəndi azad edilib

Asya ananın yazdığı bu şeirin son misrası düz 27 il idi ki, yarımçıq qalıbmış. Özünün dediyinə görə, illərdir ki, o, dədə-baba yurdu Maralyana həsr etdiyi şeirinin son misrasını tamamlayacağı günü gözləyirdi. Düz 27 il əvvəl yazdığı şeirin son misrasını nəhayət ki, iki gün öncə, Cəbrayılın Maralyan kəndi işğaldan azad olunan gün tamamlayıb. Şeirin son misrası belədir:

Amma Azərbaycan əsgəri geri qaytardı!

Ürəyi fərəhli Cəbrayılım var...

Asya Əhmədova doğulub boya-başa çatdığı Maralyanın hər qarışı üçün burnunun ucu göynədiyini söyləyir:

"Cəbrayılın havası, suyu, daşı, torpağı, hər şeyi üçün qəribsəmişəm. Mən ordan çıxanda 52 yaşım vardı. 1993-cü ilin oktyabr ayının 27-si idi. O günü xatırladıqca məni dəhşət bürüyür. Nə qədər cavanımız Araz çayında batdı. İlham Əliyev Maralyanın işğaldan azad edildiyini deyəndə o günlər gözümün qabağına gəldi. O xəbəri eşidəndə sevincdən ağladım. Hər ikimizin təzyiqi qalxdı. Quş olub uçmaq istədim Maralyandakı bağımıza. Torpaqda qalan əkin-tökünümüzə... Bağımızda hər meyvədən vardı. Təkcə 7 ərik ağacımız vardı. Üstü o qədər dolu olurdu ki, meyvəsini yığıb-yığışdıra bilmirdik".

Азербайджанский солдат на освобожденном от оккупации возвышенности Леле Тепе - Sputnik Azərbaycan
QARABAĞ
Cəbrayıl şəhəri və rayonun bir neçə kəndi işğaldan azad edildi

Asya Əhmədova Maralyana qayıdan gün ilk gedəcəyi yerin atasının məzarı olduğunu söyləyir. Deyir ki, 27 ildir ki, o məzarlığa Arazın o tayından, İrandan boylanaraq həsrətlə baxıb:

"Torpağına ayaq basa bilməmək, doğmalarının məzarını ziyarət edə bilməmək ağır dərddir. Görürdük ki, dözə bilmirik gedib torpaqlarımızı İrandan görürdük. Şükür Allaha ki, həsrətimiz sona çatır".

7 övlad anası olan Asya Əhmədova indi prezidentin ətrafında sıx birləşməli olduğumuzu söyləyir: "Mən ömrümdə iki dəfə sarsılmışam. Bir torpağımızdan çıxan gün, bir də mərhum Heydər Əliyevin cənazəsinin Azərbaycana gələn günü. İlham Əliyevin o gün atasının cənazəsini tək götürməsi mənim ürəyimə ox kimi batdı. Onun arxasında bir qardaşı yox idi. Amma bu gün onun qız övladı Leyla Əliyeva ona həm övladdır, həm qardaş. Nəvəm Rusiyada jurnalistika fakültəsində təhsil alır. Leyla xanımın təşkilatının Azərbaycan üçün gördüyü işlərdən danışır. Ürəyim dağa dönür. Əminəm ki, torpaqlarına qayıdanda Leyla xanım da prezidentimizlə çiyin-çiyinə bizim üçün əlindən gələn dəstəyi göstərəcək. Prezident və ailəsinin vətənpərvərliyi bizi hədsiz sevindirir, ümidləndirir. O torpaqlarımıza tezliklə qayıdacağımıza inamımız daha da artır".

Xəbər lenti
0