00:47 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
30750

Son günlər ordumuzun cəbhədə apardığı uğurlu əməliyyatlar Ağdam kənd sakini Laçın Bağırovanı da həvəsləndirib. 85 yaşlı Laçın nənə uzun illərdir işlətmədiyi tikiş maşınını yenidən işə salıb.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 6 oktyabr — Sputnik. 29 il öncə Tovuzun Ermənistanla sərhəd kəndlərində dalğalanan Azərbyacan bayrağı ermənilərə göz dağı verib. Müstəqilliyini hələ yeni qəbul edən ölkəmizdə həmin dövrdə bu dövlət atributunu tapmaq mümkün deyildi. Bu səbəbdən Tovuzda üçrəngli bayrağımızı tikmək işini Ağdam kənd sakini Laçın Bağırova öz üzərinə götürüb. Onun tikdiyi bayraqlar sərhəd kəndlərinin ən hündür yerlərində dalğalanıb, özünü müdafiə batalyonlarının döyüş bayrağına çevrilib. Həmin günləri L.Bağırova belə xatırlayır:

"Hər iki oğlum kəndin könüllü dəstəsində vuruşurdu. Bir gün kiçik oğlum əlində bir şəkil gətirdi ki, bizə bu bayraqdan tikmək lazımdı. Səhəri gün gedib bazardan o rənglərə uyğun parçalar aldım. İlk dəfə 5 bayraq tikdim. Üzərinə oğlumun ağ parçadan kəsdiyi ay-ulduzları vurdum. Beləliklə, rayonda ilk dəfə üçrəngli bayrağı Ağdam kəndində dalğalandırdıq."
  • Tovuzda 3 rəngli bayrağımızı tikən Ağdam kənd sakini Laçın Bağırova
    © Sputnik / Ilham Mustafa
  • Tovuzda 3 rəngli bayrağımızı tikən Ağdam kənd sakini Laçın Bağırova
    © Sputnik / Ilham Mustafa
  • Tovuzda 3 rəngli bayrağımızı tikən Ağdam kənd sakini Laçın Bağırova
    © Sputnik / Ilham Mustafa
  • Tovuzda 3 rəngli bayrağımızı tikən Ağdam kənd sakini Laçın Bağırova
    © Sputnik / Ilham Mustafa
  • Tovuzda 3 rəngli bayrağımızı tikən Ağdam kənd sakini Laçın Bağırova
    © Sputnik / Ilham Mustafa
1 / 5
© Sputnik / Ilham Mustafa
Tovuzda 3 rəngli bayrağımızı tikən Ağdam kənd sakini Laçın Bağırova

Bundan sonra rayonda bayraq tikən qadın kimi məşhurlaşan Laçın nənəyə müraciətlər gəlməyə başlayıb. O da öz növbəsində bu işin ustasına çevrilərək hər kəsə təmənnasız bayraqlar tikib:

"Axı o vaxtlar bayraq hər yerdə rastımıza çıxmazdı. Ona görə bayrağı görən belə heyrətlənirdi. Hər yerdən parça alıb gətirirdilər ki, bizə də tikin. Mən də həvəslə oturub tikirdim. Sonra tikdiyim bayraqları gördükcə, özüm də qürurlanırdım", - deyə o günləri yada salıb.

Sonralar bu işə ehtiyac olmadığından, Laçın nənə tikiş maşınını bir küncə qoyub. Lakin son günlər ordumuzun cəbhədə apardığı uğurlu əməliyyatlar onu da həvəsləndirib. 85 yaşlı Laçın nənə uzun illərdir işlətmədiyi tikiş maşınını yenidən işə salıb. O, bu dəfə tikdiyi bayrağın Şuşada dalğalanmasını arzulayır.

Əsas mövzular