04:51 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
41610

"İşğalçı Ermənistanın təxribatları nəticəsində əhaliyə hansısa formada zərər dəyirsə, bu zərərin aradan qaldırılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir, əhali tam olaraq dövlətin qayğısı ilə təmin olunur" - Elşad Mirbəşirli

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. Son günlər cəbhə xəttində vəziyyət daha da gərginləşib. Ermənilər Azərbaycanın mülki vətəndaşlarına, cəbhəboyu ərazilərdə yerləşən yaşayış məntəqələrinə, evlərə atəş açırlar. Evlərin bir qismi tamamilə yararsız vəziyyətə düşüb.

Cəbhəboyu ərazilərdə yaşayan sakinlərin problemlərinin həlli istiqamətində və evləri tamamilə yararsız vəziyyətə düşən şəxslərlə bağlı hansı addımlar atılacaq?

Sputnik Azərbaycan olaraq cəbhəboyu ərazilərdə yaşayan əhalinin probleminə toxunduq. Eyni zamanda baş verən hadisələrlə bağlı millət vəkilləri də fikirlərini açıqladılar.

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc Sputnik Azərbaycan-a açıqlamasında dövlət qurumları tərəfindən operativcəsinə atılan addımları yüksək səviyyədə qiymətləndirib. O bildirib ki, beynəlxalq hüquq və konvensiyaların kobud şəkildə pozulmasını özündə ehtiva edən, mülki insanları hədəfə alan və onların üzərindən savaşa aparan amansız qırğınlar, bəşəri cinayətlər törədən ermənilərin bu əməlləri ilə bağlı sənədləri toplayaraq beynəlxalq cinayət xarakterində müvafiq olaraq məhkəmələrə təqdim etmək və bununla bağlı Ermənistandan cavabdehlik istəmək mümkün olacaq. Z.Oruc bildirir ki, cəbhə ərazisində yaşayan ailələr heç zaman diqqətdən kənar qalmayıb və bu dəfə də elə olacaq: "Tovuz döyüşlərindən sonra da hər bir ailəyə xüsusi diqqət ayrıldı. Bərpa tədbirləri həyata keçirildi, bunun üçün dövlət büdcəsindən 1 milyondan artıq vəsait ayrıldı. Bundan öncə, ölkə başçısı 2016-cı ildə Tərtər və ön cəbhədə yerləşən digər ərazilərdə oldu, eyni zamanda da Lələtəpədə oldu, bərpa və quruculuq işləri görüldü".

"Ermənistan silahsız insanlara hücum edərək, 90-cı illərin təkrarlanmasına cəhdlər edir. Ancaq gördüyünüz kimi, bütün bunlar onlara qarşı nifrət və hiddəti artırmaqla, xalqın dövlət və orduya bağlılığını gücləndirməklə nəticələnir. Bütün bunlar Ermənistanı güclü şəkildə arqumentsiz qoyur, Azərbaycanın hüquqi mövqelərini gücləndirir", - deyə Z.Oruc əlavə edib.

O bildirir ki, Naftalan, Daşkəsəndə bir ailə üzvlərinin öldürülməsini hər hansı 3-cü, 4-cü qüvvənin ayağına yazılan cinayət kimi göstərmək mümkün deyil, bunları Ermənistan edir: "Sabah bunu Qarabağ erməniləri ilə əlaqələndirməklə bağlı arqumentlər də tam aradan qalxıb. Biz bu ölkəyə qarşı savaş elan etməmişik. Amma gördüyünüz kimi, onlar birinci olaraq hərbi vəziyyət tətbiq etdi, ardınca səfərbərliyə getdilər. Ölənlər niyə Ermənistana aparılır?! Bütün bunlar hamısı onun sübutudur ki, savaşı aparan tərəf Ermənistandır, Qarabağ ermənilərini də süngünün ucunda məhv edən onlardır. Bu səbəbdən mülki vətəndaşlara dəyən ziyan, cavabdehlik və onların dünyasını dəyişmələri ilə bağlı məsuliyyət bilavasitə Ermənistanın üzərində qalır", - deyə Z.Oruc əlavə edib.

Milət vəkili Elşad Mirbəşiroğlu da bildirir ki, Ermənistan təkcə cəbhədə deyil, eyni zamanda da dinc əhaliyə qarşı da amansız müharibə aparır: "Cəbhəboyu ərazidə yerləşən sakinlərimizə atəş açılır, onların evləri dağıdılır, zərər görür. Azərbaycan dövləti müharibədən əziyyət çəkmiş qruplara münasibətdə hər zaman həssas davranıb. Bundan sonrakı mərhələdə də zərərçəkmişlərə münasibətdə bütün zəruri sosial tədbirlər həyata keçiriləcək. Sadəcə olaraq hazırda Azərbaycan əks-hücumlar həyata keçirməkdədir".

"Bir sıra mühüm yaşayış məntəqələri erməni işğalından azad edilib. Bu isə ona dəlalət edir ki, bütünlükdə işğaldan azad olunan ərazilərlə bağlı dövlətin bərpa layihələri haqda düşünmək lazım gələcək. Ölkə başçısı İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan gələcəkdə də işğaldan azad olunan ərazilərdə bərpa işlərini həyata keçirtmək, infrastruktur qurmaq iqtidarındadır. Cocuq Mərcanlının nümunəsində də bunu gördük", - deyə o əlavə edib.

Elşad Mirbəşirli deyir ki, cəbhəboyu ərazilərdə yaşayan vətəndaşlarla bağlı təşəbbüslərlə çıxış etməyə gərək yoxdur. Çünki bütün hallarda əhalinin bu və digər səbəbdən mülkünə zərər dəydikdə bu zərərin aradan qaldırılması istiqamətində bütün zəruri tədbrilər həyata keçirilir: "İşğalçı Ermənistanın təxribatları nəticəsində əhaliyə hansısa formada zərər dəyirsə, bu zərərin aradan qaldırılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir, əhali tam olaraq dövlətin qayğısı ilə təmin olunur".

"Sadəcə olaraq indiki şəraitdə hansısa qərarların qəbul olunaraq dərhal həyata keçirilməsi tam olaraq mümkün deyil. Çünki hazırda müharibənin kəskinləşdiyi şəraitdəyik. Dövlətin bütün diqqəti hazırda Ermənistanın təxribatlarının qarşısının alınmasına və onun işğalçılıq siyasətinin nəticələrinin aradan qaldırılmasına yönəldilib", - deyə millət vəkili bildirib.

Millət vəkili Fazil Mustafa da bildirir ki, istənilən halda dəymiş zərər dövlət tərəfindən kompensasiya olunacaq: "Hesab edirəm ki, bu işlər yüksək səviyyədə həyata keçiriləcək. Yəni evlərin salınmasına görə sığorta vəsaitinin ödənilməsi, istər sosial vəsaitin ödənilməsi, bu şəxslərin müalicə və dəfn xərcləri də dövlət hesabınadır. Gələcəkdə də bu ailələrdə hansısa problemlər olarsa, yenə də onlara nəzərdə tutulan imtiyazlar verilə biləcək".  

Millət vəkili Musa Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, cəbhəboyu ərazilərdə yaşayan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə yanaşı, eyni zamanda digər sosial yardımlar da göstərilə bilər: "Azərbaycan hökuməti hər zaman Ermənistan tərəfindən atəşə tutulan mülki əhalinin yanında olub. Bu vətəndaşları müvəqqəti olaraq sığınacaqlara yerləşdirib, evlərini təmir edərək tamamilə yararlı vəziyyətə gətirdikdən sonra onlara təhvil verib. Eyni zamanda mal-qarasına dəyən maddi zərər hökumət tərəfindən ödənilib. Müharibə bitəndən sonra da bu istiqamətdə təcili yardımlar göstəriləcək, evlər təmir olunacaq və yaxud da yeni evlər veriləcək".

"Hazırda ermənilərin yaşayış məntəqələrinə hücumunu terror aktı adlandırmaq olar. Ermənistanın bu addımı Cenevrə Konvensiyasına ziddir", - deyə millət vəkili bildirib.

Ermənilərin mülki əhaliyə hücumunu pisləyən digər millət vəkili Tahir Kərimli eyni zamanda cəbhə bölgəsində yaşayan şəxslərin bunadək olan problemlərinə və onların həlli istiqamətlərinə toxunub: "Bu bölgələrdə yaşayan şəxslər müəyyən müavinətlər arzu edirlər. Uşaqpulu, yaxud da əlillərin müdafiəsi, qocalara yardım və s. ehtiyac duyurlar. Son zamanlar cəbhəyanı bölgələrdə yaşayan əhali də xeyli çətinliklərlə üzləşib. Düşünürəm ki, bu şəxslərin banklara borcları silinməlidir, bir müddət kommunal xərclərdən azad olunmalı və yardımlar almalıdırlar".

"Bizim böyük qayıdış planımız var. Həmin ərazilərdə yenidən məskunlaşma təmin edilməli, infrastruktur yaradılmalıdır. Düşünürəm ki, Azərbaycanın ehtiyatları və dövlət büdcəsi buna kifayət edər", - deyə T.Kərimli bildirib.

Əlaqədar

Ermənistan ərazisindən Daşkəsən rayonu ərazisi atəşə tutulur
Hüsənli kəndində Ermənistan ordusunun mərmisi yaşayış evini dağıdıb – VİDEO
Sputnik Azərbaycan-ın müxbirinin önündə mərmi partlayıb – hadisə yerindən kadrlar
Ermənistan qoşunları dinc azərbaycanlıları atəşə tutur – FOTOFAKTLAR
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib
Naftalanda bütün ailənin tələf olduğu evdən dəhşətli kadrlar 18+
Teqlər:
millət vəkili, hökumət, Azərbaycan, dağıntılar, problemlər, əhali, cəbhəboyu zona, cəbhə bölgəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular