10:26 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Elmar Məmmədyarov

Elmar Məmmədyarov: "Təəssüf ki, Minsk Qrupunun sülhyaratma prosesi nəticəsiz qaldı"

© Sputnik / Murad Orujov
QARABAĞ
Qısa URL
236 0 0

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa parlamentinin "Le Journal Du Parlement" jurnalına müsahibə verib

BAKI, 9 fevral — Sputnik. "Azərbaycan hazırda münasibətlərin üçtərəfli regional əməkdaşlıq formasında inkişafı ilə əlaqədar təşəbbüslərlə çıxış edir. Azərbaycan-İran-Türkiyə və Azərbaycan İran-Rusiya formatında olan regional əməkdaşlıq formatları bunun bariz nümunəsidir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa parlamentinin "Le Journal Du Parlement" jurnalına müsahibəsində qonşu dövlətlərlə münasibətlərə dair sualı cavablandırarkən deyib.

O qeyd edib ki, Azərbaycan-İran-Rusiya formatında olan əməkdaşlığı şərtləndirən vacib layihələrdən biri Şimal-Cənub nəqliyyat dəhlizidir: "Bu layihə 3 ölkənin dəmir-yol sisteminin birləşdirilməsi ilə Hind okeanından Şimali Avropaya doğru yeni, effektiv və əlverişli nəqliyyat dəhlizinin yaradılmasını özündə ehtiva edir. Azərbaycan qonşu və strateji tərəfdaş ölkələr olan Gürcüstan və Türkiyə ilə Şərq-Qərb nəqliyyat dəhlizini inkişaf etdirir və bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin 2017-ci ildə işə düşməsi çox sevindirici haldır".

Məmmədyarov Azərbaycanda tarixən müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını, multikulturalizmin ölkəmizin həyat tərzi olduğunu qeyd edib: "Ölkəmizdə müsəlmanlar, ortodoks və katolik xristianlar, yəhudilər və digər dini konfesiyaların nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşayaraq bir-birilərinin dini bayramlarında yaxından iştirak edirlər. Şiə və sünni müsəlmanlar birlikdə vəhdət namazı qılırlar".

O xatırladıb ki, 2016-cı ilin sentyabrında Azərbaycana səfər edən Roma papası Fransis Azərbaycanı sivilizasiyalar arasında körpü kimi səciyyələndirib: "Azərbaycan multikulturalizm, sivilizasiyalararası dialoq kimi "yumşaq güc" (soft power) elementlərini beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasının vacib komponenti hesab edir və bu istiqamətdə sistemli fəaliyyətini bundan sonra da davam etdirəcək".

Nazir müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin detallarına da toxunub. Qeyd edib ki, bu münaqişənin əsasını hərbi təcavüz və işğal faktı təşkil edir. Fransız oxuculara münaqişənin tarixindən bəhs edən nazir deyib ki, bu gün Avropada da baş qaldıran separatizm meyllərinə qarşı ciddi tədbirlər görülməli və onların qarşısı alınmalıdır. Separatizmin bütün forma və təzahürlərinə qarşı qəti və birmənalı mövqe olmalıdır.

"Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və fiziki baxımdan Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərində mövcudluğu Azərbaycanın və regionun sülh və təhlükəsizliyi üçün ən ciddi təhdiddir. İkinci Dünya Müharibəsində Almaniya və Fransa arasında olduğu kimi, işğal olunmuş ərazilərdə qoşunların təmas xətti boyunca səngərlər qazılıb və əsgərlər üzbəüz dayanıblar", — deyən nazir BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı 1993-cü ildə qəbul etdiyi qətnamələri xatırladıb.

XİN başçısı qeyd edib ki, münaqişənin siyasi həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalı və hərbi risk amili aradan qaldırılmalıdır.

Nazir öz yurd-yuvalarından didərgin düşmüş 1 milyona qədər azərbaycanlının yaşadığı humanitar fəlakətə diqqət çəkərək deyib: "Onların sülh və təhlükəsizlik şəraitində yaşamaq, öz evlərinə, kəndlərinə və şəhərlərinə qayıtmaq hüququ Avropa İttifaqından olan tərəfdaşlarımız və insan hüquqları təşkilatlarının tam diqqətində olmalıdır".

O, müsahibəsində Xocalı soyqırımına, əsir və itkin düşmüş şəxslərə, eləcə də ermənilərin girovluğunda olan azərbaycanlılara da diqqət çəkib.

"Sizcə münaqişənin bir həlli varmı?" sualına cavabında Məmmədyarov bildirib ki, münaqişənin həlli üçün danışıqlar prosesinin resursları tükənməyib: "Münaqişənin həlli regional əməkdaşlığın tam şəkildə formalaşmasına, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edə bilər. İlk növbədə Ermənistan əhalisi regionda yaranacaq əməkdaşlıq imkanlarından faydalana biləcək. Bunun üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunduğu kimi işğal faktına son qoyulmalı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və azərbaycanlı məcburi köçkünlərin geri qayıtması təmin olunmalıdır".

"Ermənistanın bu gün bir tərəfdən işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən sülhdən danışması qeyri-ciddidir. Nəhayət Ermənistan rəhbərliyi başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməz və yolverilməzdir", — deyən Məmmədyarov Minsk Qrupu tərəfindən aparılan sülh prosesinin nəticəsiz qaldığını təəssüflə qeyd edib.

"ATƏT-in Minsk Qrupunun həmsədrləri mövqelərində davamlılıq göstərərək Ermənistanın danışıqları pozmasına imkan verməməli, siyasi-diplomatik təzyiqlər vasitəsilə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin etməlidirlər. Bu halda danışıqların gedişində irəliləyişə nail olmaq mümkündür", — deyə nazir bildirib.

O deyib ki, hazırda danışıqlar prosesində müəyyən intensivlik, konkret və məntiqi axar hiss olunur: "Azərbaycan Minsk Qrupunun həmsədrləri ilə birlikdə bu istiqamətdə səyləri davam etdirəcək, çünki işğala və bir milyondan artıq vətəndaşı etnik təmizləməyə məruz qalmış tərəf kimi münaqişənin tezliklə həllində ən maraqlı tərəf Azərbaycandır".

E.Məmmədyarov Fransa ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu və inkişaf etdiyini bildirib. Deyib ki, Azərbaycan Fransanın Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır, həmçinin fransız dilinin tədrisi üzrə regional mərkəzdir.

Əlaqədar

Fransa prezidentindən Dağlıq Qarabağ problemi barədə önəmli bəyanat
ATƏT sədrindən Dağlıq Qarabağ bəyanatı
ATƏT-in yeni sədrindən vacib Dağlıq Qarabağ bəyanatı
Həmsədr ölkələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat yayıb
Rusiya Dağlıq Qarabağ üçün daha möhkəm status təklif edir
Fransa "Dağlıq Qarabağ" mübahisəsinə nöqtə qoydu
Teqlər:
xarici işlər naziri Elmar Məmmədyarov, status, Dağlıq Qarabağ münaqişəsi, İran, Ermənistan, Fransa, Rusiya, Azərbaycan, əməkdaşlıq

Əsas mövzular