02:51 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
107120

"Onların nə etdiyinə, nə işlə məşğul olduğuna rəsmi olaraq heç kəs nəzarət etmir"

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Heç bir beynəlxalq təşkilat rəsmi Bakının razılığı olmadan onun dövlət sərhədlərinə daxil olan ərazilərdə icazəsiz iş aparmaq hüququna malik deyil. Lakin Britaniya şirkəti olan "The HALO Trust" artıq uzun illərdir ki, Azərbaycana aid olan və Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində qanunsuz olaraq fəaliyyət göstərir.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Qəzənfər Əhmədov, işğal altında olan Dağlıq Qarabağ ərazisində minaların təmizlənməsi işinin başa çatması barədə məlumatı şərh edərkən deyib.

Qeyd edək ki, "The HALO Trust"-ın "Facebook" səhifəsində yer alan məlumata görə, bu gün Ermənistana tabe olan Aşağı Fərəcan kəndi 50% minalardan təmizlənib. Ümumilikdə bütün prosesin başa çatması üçün daha çox ianə tələb olunur.

Təşkilatın saytında isə bildirilir ki, Dağlıq Qarabağın minalardan təmizlənməsi prosesi 2000-ci ildən aparılır və ərazilərin 90%-i artıq təmizlənib.

ANAMA-nın rəhbəri qeyd edib ki, Milli Agentliyin də bu məsələdə mövqeyi Azərbaycan hökumətinin mövqeyindən fərqlənmir: "Çox kəskin və birmənalıdır. Biz "The HALO Trust"-ın hərəkətlərini qınayırıq. Onların fəaliyyəti qanunsuzdur və beynəlxalq hüquqa ziddir".

"Bakı bu fəaliyyətləri ona görə qınayır və qarşı çıxır ki, "The HALO Trust"-ın o ərazilərin minalardan təmizlənməsi istiqamətində iş aparmaq, yaxud hər hansı digər fəaliyyətlərlə məşğul olmaq üçün heç bir hüququ yoxdur. Çünki nə rəsmi Bakının, nə də digərlərinin onların işinə nəzarət etmək imkanları var. Onların nə etdiyinə, nə işlə məşğul olduğuna rəsmi olaraq heç kəs nəzarət etmir" — deyə Əhmədov bildirib.

ANAMA-nın direktoru əmindir ki, "The HALO Trust"-la bağlı məlumat donorlardan daha çox pul qoparmağa hesablanmış növbəti hiylədir: "Çünki hərbi əməliyyatların getdiyi bir vaxtda ərazilərin minalardan tamamilə təmizlənməsi praktiki olaraq mümkün deyil".

Əhmədov dediklərini sübuta yetirmək üçün bildirib ki, ANAMA-nın minaaxtaranları sistemli olaraq çaylar vasitəsilə Azərbaycan ərazilərinə axıb gələn yeni erməni minaları ilə əlləşməli olurlar: "Üstəlik, onların hamısı köhnəlmiş döyüş sursatlarıdır. Misal üçün, bu yaxınlarda Ağdamda erməni istehsalı olan piyadalar əleyhinə mina tapıldı. Adətən belə hallarda 2012-2015-ci illərin minalarına rast gəlinir".

Həmsöhbətimiz digər bir sübut olaraq diqqətə çatdırıb ki, atışmanın getdiyi vaxtda kəndi təmizləmək mümkün deyil: "Azərbaycanın Müdafiə Nazirliyi sistemli olaraq məlumat yayır ki, sutka ərzində atəşkəs rejimi yüz dəfədən artıq pozulur. Bu, o deməkdir ki, hərbi mərmilər daim havada uçur və yerə düşür".

"Bu, non-stop prosesdir. Bizdə elə ərazi var idi ki, tamamilə təmizlənmişdi. Amma aprel döyüşlərindən sonra həmin sahə yenidən partlamamış sursatlarla çirkləndi. Biz yenidən təmizləmə işləri aparırıq, təmizləyirik. Onlar deyə bilməzlər ki, Dağlıq Qarabağ ərazisini 100% təmizləmişik" — deyə Əhmədov bildirib.

Onun fikrincə, "The HALO Trust"-ın "işlərin başa çatdırılması üçün çatışmayan bir neçə yüz min dolları" haqda məlumat ola bilsin ki, Britaniya şirkətinin əsas maliyyəçisi olan USAİD-ə ünvanlanıb.

Əlaqədar

Səfixanov: “Mina qurbanlarına hüquqi, psixoloji yardımlar göstərilməlidir”
Ukraynada azərbaycanlı minaya düşərək ölüb
Tovuzun kəndləri minaatanlardan atəşə tutuldu
Üzən minaya zərbə endiriləcək
Minaatanlar işə düşdü
Teqlər:
Qəzənfər Əhmədov, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi, "The HALO Trust", beynəlxalq təşkilat, rəsmi Bakı, ANAMA, ərazi, fəaliyyət, mina, Dağlıq Qarabağ, Ermənistan, Britaniya, Azərbaycan, işğal

Əsas mövzular