QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şuşalı döyüşçü hələ də bunu özünə bağışlamır

© Sputnik / Ramil IbrahimovMaarif Babışov
Maarif Babışov - Sputnik Azərbaycan
Abunə olmaq
Maarif Babışov: "Kaş o vaxt heç olmasa uşaqlıq şəkillərimi götürə biləydim evdən. İndi uşaqlara Şuşanı şəkillərdən göstərərdim"

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 8 may — Sputnik. Maarif Babışov 1965-ci ildə Şuşa rayonunun Qaybalı kəndində anadan olub. Qarabağ münaqişəsi başlayana qədər Şuşa avtovağzalında sürücü işləyib. Müsahibimizin sözlərinə görə, əvvəllər şəhərdə müxtəlif millətlər mehriban şəkildə yaşayıb. 1980-ci illərin sonlarından isə ermənilər arasında separatçılıq meylləri güclənir. İlk dövrlərdə Şuşa, Xankəndi istiqamətinə hərəkət edən, içərisində azərbaycanlıların olduğu avtobuslar ermənilər tərəfindən daş-qalaq edilir. Sonralar azərbaycanlıların yaşadığı kəndlərdən sakinlər oğurlanaraq qətlə yetirilir. 90-cı ildən etibarən isə xırda toqquşmalar silahlı münaqişəyə çevrilir. Amma bu zaman da qüvvələr nisbəti düşmənin xeyrinə olur. 

"Yerli əhalini müdafiə eləmək üçün özünümüdafiə dəstələri yaradıldı. Onlarda avtomat, pulemyot silahları olanda bizdə quş tüfəngləri var idi. Sonra da həmin tüfənglər də yerli əhalindən yığıldı" – deyə Maarif Babışov bildirir. 

Мечеть в городе Шуша – памятник архитектуры XVIII века, апрель 1988 года - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanlı gənc Şuşa məscidində azan çəkdirdi

Zəif silahlanma özünü döyüşlərdə də göstərir. 1991-ci ildə xaricdən muzdla dəvət olunmuş silahlıların da köməyi ilə ermənilər azərbaycanlıların yaşadığı Kərkicahan kəndinə hücum edir. Maarifin də tərkibində döyüşdüyü 63 nəfərdən ibarət özünümüdafiə dəstəsi və yerli polis qüvvələri mühasirə şəraitində kəndi 3 gün qoruya bilir. 

"Üç tərəfdən mühasirədə idik. Kərkicahan qəsəbəsinin yuxarı tərəfində "Qızılqaya" deyilən ərazini artıq ermənilər götürmüşdü. Biz mövqelərimiz onlardan çox aşağıda idi. Duman olmasından istifadə edib əhalinin bir qismini, qadınları, uşaqları çıxarmağa müvəffəq olduq" – deyir keçmiş döyüşçü. 

Vahid komandanlığın olmaması səbəbindən köməksiz qalan şəhər 1992-ci ilin may ayınadək müqavimət göstərə bilir. Mayın 7-dən 8-nə keçən gecə Şuşa ağır artilleriyadan atəşə tutulur. 

“90-a yaxın hərbi texnika ilə silahlanmış, 15 min nəfərədək təlim görmüş əsgərlər Şuşanın üzərinə hücuma keçdi. Onların qarşısında çox az idik. Bizim 670 nəfərlik özünümüdafiə dəstəsinin cəmi 80 avtomatı var idi. Onlarla müqayisə olunmayacaq dərəcədə silah-sursatımız az idi. Əhalinin 80%-ni sıldırım qayalıqlarla keçirdik, Laçın tərəfə getdilər“- həyatının ən ağır gününü — Şuşanın işğal olunmasını belə xatırlayır keçmiş döyüşçü Maarif Babışov.  

Şuşanın işğalından sonra Babışovlar ailəsi Bərdəyə pənah gətirir. 

İşğal olunmuş Şuşa şəhəri - Sputnik Azərbaycan
Şuşanın işğalından 25 il keçir

“Atam da, anam da yurd həsrətiylə dünyadan köçdü. 3 övladım var, onlar ata yurdunu görməyiblər. Şuşa haqqında çox az-az məndən soruşurlar. Bilirlər ki, kədərlənirəm danışanda. Kaş o vaxt heç olmasa uşaqlıq şəkillərimi götürə biləydim evdən. İndi uşaqlara Şuşanı şəkillərdən göstərərdim" – deyir Maarif Babışov.

25 ildir Bərdədə qohum evində məskunlaşan Maarif nə ev-eşiksizlikdən, nə də dolanışığından narazıdır. Döyüşlərdə dəfələrlə yaralansa da bu yaşda yenidən Şuşa uğrunda silaha sarılmaqdan da qorxmur. Tək qorxusu ata-anası kimi doğma torpağına bir daha ayaq basmadan dünyadan köç etməkdir. 

Xəbər lenti
0