17:17 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
95 0 0

Politoloq: "Əsas sənədlərdə ilk sırada məhz dövlətlərin ərazi bütövlüyü gəlir. Öz müqəddəratını təyinetmə isə ərazi bütövlüyü çərçivəsində müəyyənləşə bilər".

BAKI, 23 fev — Sputnik. Super dövlətlər öz maraqlarına uyğun olaraq, gah ərazi bütövlüyünü, gah da öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyirlər.

Bunu fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Sputnik Azərbaycan-a bu məsələni şərh edərkən deyib ki, buna çox zaman ikili standart siyasəti deyilir: "Həmişə deyilib ki, Helsinki Yekun Aktının əsas müddəası olan dövlətlərin ərazi bütövlüyü prinsipi beynəlxalq hüququn əsas prinsipi olmalıdır. II Dünya Müharibəsindən sonra formalaşmış sərhədlərin pozulmaması haqqında 1975-ci il Finlandiyanın paytaxtı Helsinki şəhərində razılığa gəlmişdilər".

Politoloqun sözlərin görə, amma indi qondarma "Dağlıq Qarabağ Respublikası"na münasibətdə gah öz müqəddəratını təyinetmə hüququnu, gah da ərazi bütövlüyü prinsipini irəli sürürlər.

"Öz müqəddəratını təyinetmə hüququ kommunistlərin 19-cu əsrdə irəli sürdüyü şüardır. Sonradan beynəlxalq hüququn prinsipinə çevrilib. İndi köhnəlmiş prinsip hesab edilir. Məsələn, 6 ay bundan əvvəl Polşanın paytaxtı Varşavada NATO-nun sammiti keçirilərkən belə bir fikir səslənib ki, postsovet məkanında bütün münaqişəli zonalarda ərazi bütövlüyü prinsipinə riayət edilməlidir. Gürcüstana münasibətdə ərazi bütövlüyü məsələsi müdafiə edilir. Moldovaya münasibətdə yenə də bu prinsip müdafiə edilir. Amma Azərbaycana gələndə guya burada bir əlahiddəlik var. Ona görə də hər iki sözügedən prinsipdən istifadə edilməlidir. Beləcə böyük dövlətlər öz maraqlarına uyğun olaraq iki prinsipi bir-birinə qarışdırır və dünyada normal bir düzənin formalaşmasına imkan vermirlər" — deyə politoloq bildirib. 

Atlas Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbaycan Prezidenti tam haqlıdır:

"Çünki biz öz təcrübəmizdən də çıxış edərək deyirik ki, 25 il əvvəl BMT-də işğal altında olan torpaqların boşaldılması ilə bağlı qəbul edilən 4 qətnamə yerinə yetirilmir. Həmin qətnamənin lehinə Təhlükəsizlik Şurasının 5 üzvü səs verib. Bu üzvlərdən üçü (Fransa, ABŞ və Rusiya) ATƏT-in Minsk Qrupunun həmsədridir".

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev Münhendə bir daha vurğuladı ki, bu dövlətlərin həmin o qətnamələri qəbul etmələrinə və Minsk Qrupunun həmsədri olmalarına baxmayaraq, Ermənistan hökumətinə bu qətnamələrin yerinə yetirilməsi üçün təsir etmirlər. Bu qətnamələr də yerinə yetirilmədiyi təqdirdə də, cəbhə bölgəsində gərginlik davam edir. 

Elxan Şahinoğlu hesab edir ki, beynəlxalq sənədlərdə ikili yanaşmaya — dövlətlərin ərazi bütövlüyü ilə xalqların öz müqəddəratını təyinetmə məsələsinə gəlincə, burada müəyyən ziddiyyət var:

"Əsas sənədlərdə ilk sırada məhz dövlətlərin ərazi bütövlüyü gəlir. Öz müqəddəratını təyinetmə isə ərazi bütövlüyü çərçivəsində müəyyənləşə bilər. Bütün dünya anlamalıdır ki, biz Dağlıq Qarabağdakı ermənilərin Azərbaycandan kənarda öz müqəddəratını təyinetməsinə imkan verməyəcəyik. Ermənilər azərbaycanlılarla birgə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində öz müqəddəratını təyin edə bilərlər".

Əlaqədar

Prezidentin Münhen mesajları nələri hədəfləyib?
Almaniyada 52-ci Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayıb
Ekspert: “BMT-nin Qarabağ münaqişəsinin həllində aktivləşəcəyini düşünmürəm”
Ekspert: "Qarabağ münaqişənin həlli Almaniyanın imkanı xaricindədir"
Nazirlər Qarabağ münaqişəsinin həllini ətraflı müzakirə etdilər
Teqlər:
ərazi bütövlüyü prinsipi, öz müqəddəratını təyinetmə hüququ, Helsinki, Varşava sammiti, Varşava, Münhen Təhlükəsizlik Konfransı, Minsk Qrupu, Polşa, NATO, politoloq Qabil Hüseynli, politoloq Elxan Şahinoğlu, İlham Əliyev, Dağlıq Qarabağ

Əsas mövzular