10:19 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
7505100

Şəhid Çingiz Qurbanovun atası ilə son danışığı: "Burada hər şey əladır, yanıma gəlməyin!"

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 9 fev — Sputnik. Çingiz Salman oğlu Qurbanov. 2016-cı ilin 29 dekabrına qədər bu ad Azərbaycan oxucusuna heç nə demirdi. Amma bu gün o, hər bir azərbaycanlının qəlbindədir. Prezident İlham Əliyev ona ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adını verib. Bu ad Çingiz Qurbanova Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə verilib.

Şəhid Çingiz Qurbanovun məzun albomundakı fotosu
© Sputnik / Leyla Abdullayeva
Şəhid Çingiz Qurbanovun məzun albomundakı fotosu

Çingiz Azərbaycanın geri qaytarılmayan itkisidir. Bu itki hamımıza təsir etsə də, daha çox ailəsini, doğmalarını yandırıb yaxır. Çingiz haqqında daha çox şey öyrənmək üçün onun doğulub böyüdüyü kəndə yollandıq.

Çingiz Qurbanov 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra Azərbaycan Texniki Universitetinə daxil olub. 2016-cı ilin iyununda universitetdən məzun olub və iyul ayında həqiqi hərbi xidmətə çağırılıb.

Çingizin bibisi Nüşabə xanım
© Sputnik / Leyla Abdullayeva
Çingizin bibisi Nüşabə xanım

Onun yarımçıq qalmış ömrünün bəzi səhifələrini xatırlamaq üçün dogmalarını axtardıq. Kənddə bizə onun bibisini — Hacıyeva Nüşabə Qurban qızını nişan verdilər. Və görüşdük.

N. Hacıyeva Çingizin şəhid olması xəbərini necə aldıqlarını belə anladır: "29 dekabr 2016-cı il tarixində televizorda xəbərlərə baxırdıq. Bir də eşitdik ki, deyirlər "Çingiz Salman oğlu Qurbanov əsir düşüb". Tez bir zamanda xəbər bütün qohum-əqrabaya yayıldı".

"Sonra bizə məlumat verdilər ki, ermənilər sərhədi pozaraq bizim ərazilərə daxil olublar. Geri qayıdanda Çingiz onları təqib edərək sərhədi keçib və düşmən tərəfdən 3 nəfəri öldürüb, 1 nəfəri isə yaralayıb. Sonra onu mühasirəyə alıblar və o, əsir düşüb. Biz onun əsir düşdüyünü biləndən sonra da son ana qədər sağ qayıdacağını gözləyirdik" — bibisi deyir.

Nüşabə xanımın sözlərinə görə, Çingiz qardaşının ailəsində ilk itki deyil: "Çingizdən qabaq qardaşımın ailəsi 2 yaşlı qız övladını itirmişdi. Ailə kasıbçılıqla dolanıb. Çingiz kasıbçılıqla böyüyüb. Buna baxmayaraq, həmişə özünə fikir verirdi, geyim-geciminə diqqət edirdi. Hər hansı çətinliyi olsa belə, heç kimə bildirməzdi. 28 dekabrda atası ilə son telefon danışığında dedikləri də buna sübutdu. Onda atasına deyib ki, "yanıma gəlməyin ha, burada hər şey əladır, uşaq deyiləm ki?! Yanıma gəlib uşaqları mənə güldürməyin".

Şəhid Çingiz Qurbanovun məzarı
© Sputnik / Leyla Abdullayeva
Şəhid Çingiz Qurbanov Qusardakı Şəhidlər Xiyabanında dəfn olunub

N. Hacıyevanın dediyinə görə, Çingiz atası ilə son telefon danışığında diplomunun ona göndərilməsini istəyib: "Həm də yanvarın 5-də məzuniyyətə gələcəyini deyib. Səbrsizliklə onun gəlməyini gözləyirdik. İstər məktəb illərində, istərsə də universitetdə müəllim və yoldaşlarının hörmətini qazanmışdı. Azərbaycan Texniki Universitetinin "Sənaye mühəndisliyi və optik cihazlar" fakültəsini bitirmişdi. Bu fakültənin ilk məzunlarından biri olmuşdu. Bu istiqamətdə elmi fəaliyyətini davam etdirməzdən öncə Vətənə borcunu yerinə yetirməyə qərar vermişdi. Balamın arzuları yarımçıq qaldı. Cəmi 4 ayın əsgəri oldu".

"Çingizin Beytulla adında bir qardaşı var. Beytulla hazırda Bakıda ali təhsil alır. Valideynləri uşaqların təhsili ilə əlaqədar Bakıya köçüblər, orada işləyib, uşaqlarını oxudurdular. Çingizin ailəsi Bakıda kirayədə yaşayır. Doğma kəndlərinə də hərdənbir gəlirlər" — müsahibimiz bildirir.

"Biz heç bilmədik ki, Çingizin sevdiyi qız var idi, ya yox. Nişan, toy xonçası tutmaq, gəlin gətirmək bizə nəsib olmadı. Əvəzinə tabutunu soyuq məzara qoyduq. Düşmən yaman amansız oldu, gül balamıza qıydı" — deyən Nüşabə xanım göz yaşlarını tuta bilmir.

İndi Çingizin ailəsinin, doğmalarının sadəcə bir təsəllisi var: Çingiz Vətən uğrunda şəhid olub!

Ç. Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Onun nəşi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Çingiz fevralın 6-da Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Əlaqədar

Şəhid atası: “O biri oğlum da canından keçməyə hazırdır”
Şəhid Çingiz Qurbanov doğma rayonunda dəfn olunacaq
Şəhid Çingiz Qurbanovun nəşi geri qaytarılıb
Azərbaycan Prezidenti Şəhidlər Xiyabanını ziyarət edib
"20 Yanvar - Şəhidlik zirvəsi" mövzusunda konfrans keçirilib
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub
Teqlər:
bibi, Çingiz Salman oğlu Qurbanov, Qusar, itki, ailə, şəhid, İlham Əliyev, Azərbaycan, prezident

Əsas mövzular