00:04 15 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
44542

Millət vəkili: Dağlıq Qarabağ münaqişəsinin həlli geosiyasi məsələ olduğundan, o, hüquqi müstəvidə həll perspektivini çoxdan itirib.

BAKI, 6 avq — Sputnik. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin Sputnik-ə müsahibəsi

- İqbal bəy, müdafiə naziri Zakir Həsənov artıq torpaqlarımızın azad olunması üçün vaxtın yetişdiyini bəyan edib. Siz necə düşünürsünüz, indiki halda münaqişəni hərb yolu ilə həll etmək mümkündür?

— Mən nazir Zakir Həsənovdan fərqli olaraq hesab edirəm ki, indiki halda Ermənistan-Azərbaycan münaqişəsinin hərbi həll yolu mümkün deyil. Münaqişə ancaq siyasi yolla həllini tapmalıdır. Ona görə ki, Qarabağ münaqişəsinin həlli geosiyasi məsələ olduğundan, o, hüquqi müstəvidə həll perspektivini çoxdan itirib. Bu baxımdan, ordunu dövriyyəyə buraxıb problemin güc yolu ilə həll ediləcəyinə inanmıram. Və bu mümkün də deyil.

- Siz hesab edirsiniz ki, Ermənistan-Azərbaycan münaqişəsi ancaq siyasi yolla həllini tapmalıdır?

— Bəli. Çünki dünya birliyi Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi müstəvidə həllini istəsəydi, o zaman BMT TŞ-nin qəbul etdiyi qətnamələri əsas götürüb onun əsasında həllinə çalışardı. O sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, Ermənistan ordusunun işğal olunmuş ərazilərdən çıxması və digər məsələlər öz əksini tapıb. Ancaq beynəlxalq aləm münaqişənin hüquqi deyil, siyasi həll yoluna üstünlük verir.

Siyasi həll yolu isə maraqların uzlaşdırılmasından asılıdır. Bu gün nə Ermənistanla Azərbaycan, nə də ki, regionda marağı olan böyük güclər marağını uzlaşdıra bilmir. Maraqlar uzlaşmadığından da danışıqlar prosesi davam edir və münaqişə həll olunmur.

- Azərbaycan hərb yoluna üstünlük versə necə?

— O zaman da bölgədə marağı olan böyük güclər Azərbaycana hərbi yolla problemin həllinə imkan verməyəcəklər və hər vasitə ilə buna mane olacaqlar. Yəni hərbi yola əl atmaq mümkün olmayacaq. Hesab edirəm ki, problem ancaq dialoq yolu ilə həll olunacaq.

- Geosiyasi qüvvələrin regionda marağı olduğundan bir-birinə güzəştə getmədiyi aydındır. Bəs o zaman Ermənistan  və Azərbaycanın siyasi maraqlarının uzlaşdırmasına maneçilik  yaradan nədir?

— Bu gün nə Azərbaycan, nə də Ermənistan münaqişənin həlli ilə bağlı iddialarından geri çəkilmir və hər iki tərəf Qarabağın ona məxsus olduğunu iddia edir. Tərəflərin iddialarından geri dura bilməməsi nəticəsində siyasi uzlaşma mümkün deyil. Savaş da onun üzərindədir. Digər tərəfdən iri dövlətlərin, xüsusən də Rusiyanın Cənubi Qafqazda marağı olduğundan, bu iki ölkə arasında siyasi uzlaşmaya mane olur.

- Ermənistandan fərqli olaraq Azərbaycan tərəfi siyasi güzəştlərə gedib Dağlıq Qarabağa ən yüksək status verməyə, referendum keçirilməsinə və digər şərtlərə razıdır. Bu münaqişənin həllində siyasi uzlaşma üçün yetərli deyil? 

— Azərbaycanın təkliflərinə baxmayaraq, Ermənistan razılaşmır və elə buna görə də siyasi uzlaşma əldə olunmur. Yəni Ermənistan Azərbaycandan fərqli olaraq münaqişənin həllində siyasi uzlaşmanın əldə olunması  istiqamətində hər hansı addım atmır. Bu  mövqe də siyasi uzlaşmanın əldə olunmasına mane olur.   

- Bəz o zaman nə etmək lazımdır ki, siyasi uzlaşma olsun?

— Bu regionda marağı olan böyük güclərin, ilk növbədə də Rusiyanın siyasətindən asılıdır. Yəni Rusiya Cənubi Qafqazda sabitliyin və sülhün bərqərar olması üçün siyasətini korrektə edərsə, regionda gərginliyin saxlanması mövqeyindən geri durarsa, o zaman Ermənistanla Azərbaycan arasında siyasi uzlaşma mümkün ola bilr. Yəni hər şey Rusiyadan asılıdır. Əks təqdirdə münaqişənin hərb yolu ilə həlli yeni problemlərə səbəb ola bilər.

Teqlər:
Ümid Partiyasının sədri, Ümid Partiyası, İqbal Ağazadə, Azərbaycan

Əsas mövzular