04:51 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
HADİSƏ
Qısa URL
17110

"Evdə, demək olar ki, yaşamaq mümkün deyil. Bu səbəbdən də oğlumu ailəsi ilə bir yerdə müvəqqəti qohumlarımızın evində məskunlaşdırmışam”.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 11 yanvar — Sputnik. Lerik rayonunun ucqar Veri-Əliabadı kəndinin sakinləri son günlər evlərində rahat yaşamaqdan da qorxurlar. Kənddə 60-dan yuxarı ev var və bunlardan təxminən 10-u torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşüb. Kənd sakini Akim Abbasovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata əsasən, evlərinin arxasından başlayan torpaq sürüşməsi son 1 ildə daha da aktivləşib.

© Sputnik / Rahim Murad
Lerikdə sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən ev

"Biz evimizi 2002-ci ildə tikmişik. Son 2-3 ildə evin arxa tərəfində sürüşmələr başladı. Son aylarda isə sürüşmə aktivliyi artıb. Nəticədə  evin bünövrəsinin altı, demək olar, boşda qalıb. Bu da bizim üçün təhlükəlidir. Evdə uşaqlarla bərabər ümumilikdə 6 nəfər ailə üzvümüz  yaşayır. Hər gecə evin divarı səs edir, biz də qorxuruq. Problemimizlə bağlı bütün aidiyyatı qurumlara müraciət etmişik. Ötən il evin divarında azca çatlar əmələ gəlmişdi. Çatları suvaqla örtdük, amma bu il çatlar daha da böyüyüb və hətta evin divarının bir tərəfi uçmaq üzrədir. Biz əvvəl çatları bünövrədən yaranan porblem zənn etdik. Sonra isə evin arxasında torpağın dərəyə, çaya tərəf sürüşdüyünü görüb çatların bu səbəbdən yarandığını anladıq. Amma həyətdə ağaclar olmasaydı, torpaq sürüşüb gedər və evimiz uçardı. İnşallah, səsimizi eşidən olar və bizə köməklik edilər”, - Abbasov deyir.

  • Lerikdə sürüşmə nəticəsində evi qəzalı vəziyyətə düşən kənd sakini Akim Abbasov
    © Sputnik / Rahim Murad
  • Lerikdə sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən ev
    © Sputnik / Rahim Murad
  • Lerikdə sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən ev
    © Sputnik / Rahim Murad
  • Lerikdə sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən ev
    © Sputnik / Rahim Murad
  • Lerikdə sürüşmə
    © Sputnik / Rahim Murad
1 / 5
© Sputnik / Rahim Murad
Lerikdə sürüşmə nəticəsində evi qəzalı vəziyyətə düşən kənd sakini Akim Abbasov

Eyni problemi yaşayan digər kənd sakini Ozal Alxasov isə baş verən problemlə bağlı bir neçə dəfə aidiyyatı qurumlara müraciət etdiyini bildirdi: “Gəlib, baxıb, bu evdə yaşamağın təhlükəli olması haqqında rəy veriblər, hətta mənə arayış da veriblər. Evin bu vəziyyətdə olduğuna görə ailəmin bir neçə nəfər üzvünü Bakıya göndərməli olmuşam. Amma özüm təsərrüfatımı qoyub gedə bilmədiyim üçün bu evdə yaşayıram. Bir neçə il öncə belə problem var idi, lakin mənə sadəcə evin bünövrəsinin oturduğunu dedilər. Sonra evin torpaq sürüşməsindən qəzalı vəziyyətə düşdüyünü gördük. İki il idi, sürüşmə gedirdi, lakin son bir neçə ay intensivləşib. O da son aylarda yağan yağış və qara görə intensivliyi artıb. Hazırda bütün aidiyyatı qurumlardan yardım etmələrini xahiş edirəm. Hər hansı bir köməklik göstərsinlər ki, heç olmazsa, qışda evsiz qalmayaq”.

© Sputnik / Rahim Murad
Lerikdə sürüşmə nəticəsində evi qəzalı vəziyyətə düşən kənd sakini Ozal Alxasov

Evi qəzalı vəziyyətdə olan Veri-Əliabadı kəndinin başqa bir sakini Zahid Orucov da indi aidiyyatı qurumlardan kömək istəyir: “Bizim evimiz də torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşüb. Evin arxa divarında, mətbəxin döşəməsində iri çatlar əmələ gəlib. Evdə, demək olar ki, yaşamaq mümkün deyil. Bu səbəbdən də oğlumu ailəsi ilə bir yerdə müvəqqəti qohumlarımızın evində məskunlaşdırmışam.  Mən və yoldaşım isə evin qismən salamat olan otağında qorxa-qorxa yaşayırıq. Mən də təsərrüfatımıza görə məcburi olaraq evimizi tərk edə bilmirəm”.

© Sputnik / Rahim Murad
Lerikdə sürüşmə nəticəsində evi qəzalı vəziyyətə düşən kənd sakini Zahid Orucov

Ərazi İcra nümayəndəsi Allahverən Məmmədovun Sputnik Azərbaycan-a verdiyi açıqlamasına əsasən, o, qəzalı evlərə baxış keçirib: "Baxış keçirdikdən sonra akt tərtib edib Lerik Rayonu Fövqəladə Hallar Komissiyasına təqdim etdim. Problemlə bağlı Lerik Rayonu Fövqəladə Hallar Komissiyası tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Müraciət ediləndən sonra FHN və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əraziyə gəlib, yerində araşdırma aparıb, sənədlər tərtib ediblər.

© Sputnik / Rahim Murad
Lerikdə sürüşmə

Evləri qəzalı vəziyyətdə olan vətəndaşlara müvəqqəti olaraq qohumlarının və doğmalarının evində yaşamalarını yazılı halda müraciət edərək tövsiyə etdik. Sürüşmə zolağında aktivliyin artmasının başlıca səbəbi yağmış qarın əriməsidir. Əriyən sular torpaq laylarının altına axır və bu da sürüşmələrə səbəb olur”.

Məlumat üçün bildirək ki, dəniz səviyyəsindən təxminən 1600 metr hündürlükdə yerləşən Veri-Əliabadı kəndində sürüşmə zonası əsasən kəndin ərazisindən axan çay boyunca 1 km uzunluqda ərazini əhatə edir.

Teqlər:
qəzalı vəziyyət, qəzalı ev, torpaq sürüşməsi, ev, kənd, Lerik

Əsas mövzular