15:58 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
47331

Ölən məktəblinin yaxın qohumu Nəsirov Yaqub bildirib ki, meyiti şəxsən görüb. Onun sözlərinə görə, meyitdə heyvan izi yoxdur, buna görə də ölümə dair müəyyən şübhələri var.

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 22 may – Sputnik. Mayın 21-də itkin düşmüş Oğuz rayonu Xaçmaz kənd sakini, 2007-cı il təvəllüdlü Cəbrayıl Məmmədlinin tapılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələrinin, prokurorluq və polis işçilərinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində C.Məmmədlinin meyiti mayın 22-də saat 09 radələrində yaşadığı evdən təxminən 2 kilometr aralı meşəlik ərazidən keçən çayda aşkar edilib. Bu barədə Oğuz rayon prokurorluğu və Polis Şöbəsindən Sputnik Azərbaycan-a daxil olan birgə məlumatda qeyd olunur. Məlumata əsasən, dərhal prokurorluq və polis işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, şahidlərin izahatları alınıb.

C.Məmmədlinin meyitinə baxış zamanı meyitin baş nahiyəsində xəsarətlər aşkar edilib.

Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə C.Məmmədlinin baş nahiyəsində aşkar edilmiş xəsarətlər vəhşi heyvanın (ayının) pəncəsinin zərbəsinin təsiri nəticəsində yaranmağa xarakterikdir.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Sputnik Azərbaycan-ın müxbiri də hadisə yerində olaraq bu dəhşətli olayla maraqlanıb. Onun məlumatına əsasən, dünən axşam Oğuzda itkin düşmüş məktəblinin bu səhər cəsədi aşkar edilib. Oğuz rayonunun Xaçmaz kənd sakini 13 yaşlı Məmmədli Cəbrayıl Vüsal oğlu həyətyanı sahədə suvarma işləri başa çatdığı üçün kənddəki çaydan su kəsməyə gedib. Axşam saatlarında atası onun qayıtmadığını gördükdə arx yerinə gəlib və oğlunun velosipedinin və paltarının arxın kənarında olduğunu görüb. Məktəblinin axtarışları nəticə vermədiyindən ata polisə müraciət edib.

Kənd sakinlərinin sözlərinə görə, 300 nəfərdən çox insan gecə saatlarından etibarən axtarışa çıxıb. Axtarışların gecə də davam etməsinə baxmayaraq heç bir nəticə olmayıb. Nəhayət ki, bu gün səhər saat 9.35-də Cəbrayılın meyiti paltarlarının olduğu ərazidən 2 km aralıda, Nazar çayından tapılıb. Meyit aidiyyəti orqanlar tərəfindən Patoloji Anatomiya və Tibbi Ekspertiza Birliyinin Oğuz rayon bölməsinə təhvil verilib.

© Sputnik / Ilham Ahmadov
Patoloji Anatomiya Birliyi Oğuz şöbəsi

Kənd sakinləri məktəblinin ölümünə səbəb kimi vəhşi heyvan, ayı hücumu ola biləcəyini ehtimal edirlər. Məktəblinin qohumları və yaxınları isə ölümün başqa səbəblərdən olma ehtimalından şübhələndiklərini deyiblər. 

Ölən məktəblinin yaxın qohumu Nəsirov Yaqub Məmmədəli oğlu bildirib ki, meyiti şəxsən görüb. Onun sözlərinə görə, meyitdə heyvan izi yoxdur, buna görə də ölümə dair müəyyən şübhələri var. O, uşağın alnında geniş həcmli çapıq və küt alət izləri müşahidə edib.

© Sputnik / Ilham Ahmadov
Oğuz Rayon Mərkəzi Xəstəxanası

Xatırladaq ki, bu ilin yanvar ayında Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilmişdi.

© Sputnik / Ilham Ahmadov
Oğuz rayonun Xaçmaz kəndində

Nərmin Quliyeva ötən il 21 noyabrda, saat 15:00-da qonşuların qeyd etdiyi toy şənliyi zamanı yoxa çıxmış və onun yandırılmış cəsədi bu ilin əvvəllərində tapılmışdı.

Əsas mövzular