09:00 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
ADNA terroru qurbanı Taleh Məmmədovun fotoları

Ana övladının sinəsinə dəyən gülləni öz ürəyində daşıyır

© Sputnik / Irade JELIL
HADİSƏ
Qısa URL
10846 0 0

ADNA faciəsində övladını itirmiş Südabə Məmmədova: "Bir ana kimi yalvarıram, heç kim heç kimin balasına qıymasın"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 30 aprel — Sputnik. Ana üçün övlad itkisindən daha böyük dərd ola bilməz. İllərlə böyütdüyün, üstündə titrədiyin, gözündən qoymadığın, xəstələnəndə başının üstündən çəkilmədiyin, yeməyib yedirdiyin, geyməyib geyindirdiyin sevimli övladın bir kor gülləyə qurban gedirsə, bu, daha dözülməzdir. 

Təəssüflər ki, nə bu itkinin qarşısını almağa, nə də yoxluğunu unutmağa gücün çatır. Uğrunda canını verməyə də hazır olsan da, heç nə övladını geri qaytarmır.

ADNA terroru qurbanı Taleh Məmmədovun anası Südabə Məmmədova
© Sputnik / Irade JELIL
ADNA terroru qurbanı Taleh Məmmədovun anası Südabə Məmmədova

Bilirsən ki, bir daha balanı görməyəcəksən, bir daha onu oxşayıb, qoxusunu ciyərlərinə çəkə bilməyəcəksən. Bundan sonra ancaq məzarı üstündəki daş parçası ilə ovunmalı olacaqsan. Tək istəyin ölmək olacaq, balana qovuşmaq üçün. Bu isə öz əlində olmayacaq, təbii ki.

Və zamanla yaşayan ölüyə çevriləcəksən. Həyat saçlarının rəngi kimi mənasını itirəcək. Hər gün çəkdiyin ağrı-acı qırışlara çevrilib üzünə dağılacaq… Gözlərin də əvvəlki gözəlliyini itirəcək…

Ürəyində bala dağı, övlad nisgili daşıyan həmin analardan biri belə deyir: "Dənizə qoymurdum ki, batar balam. Həyətə qoymurdum ki, başına nəsə gələr. Heç ağlıma da gəlməzdi ki, bir kor gülləyə qurban gedər Talehim. Kaş müharibədə şəhid olaydı, kaş vətən uğrunda öləydi. Heyif…".

Sputnik Azərbaycan-ın əməkdaşı ilə həmsöhbət olan bu xanım 10 il bundan öncə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş qətliam zamanı dünyasını dəyişmiş Taleh Məmmədovun anası Südabə Məmmədovadır.

Südabə xanım bu 10 il müddətində övladı ilə bağlı xatirələrini danışmaqdan usanmır: "Oğlum 1988-ci il mayın 26-da dünyaya gəlmişdi. Xoşlayırdı ad gününü qeyd etməyi. 2009-cu il aprelin ortaları idi. Dedi ki, "ana, ad günüm yaxınlaşır". Dedim, onu sən düşünmə, qoy mən düşünüm. Balama ad gününü qeyd etmək qismət olmadı".

"Oğlum 4-cü kursda oxuyurdu. 2009-u il aprelin 30-da imtahanı var idi. Səhər tezdən hazırlaşıb evdən çıxdı. Balamı imtahana yola saldım, heç ağlına da gəlməzdi ki, bu, oğlumla sonuncu görüşüm olacaq. Bir neçə saat sonra ölüm xəbərini aldım. Buna heç bir ananın ürəyi dözməzdi. Bəlkə də, balam vətən uğrunda ölsəydi, bu qədər yanmazdım" – deyir dərdli ana.

ADNA terroru qurbanı Taleh Məmmədovun orta məktəb şəkilləri
© Sputnik / Irade JELIL
ADNA terroru qurbanı Taleh Məmmədovun orta məktəb şəkilləri

Südabə xanım ADNA faciəsini belə xatırlayır: "İşlədiyim universitetdə xəbər yayıldı ki, Azərbaycan Dövlət Neft Akademiyasında hadisə baş verib. Oğlumun telefonuna dəfələrlə zəng etdim, bir dəfə zəng çatdı, sonra çatmadı. Mənə işdə dedilər ki, "anan xəstələnib". Amma sonradan xəbər tutdum ki, Talehimi vurublar…"

İmtahan 5-ci mərtəbədə imiş, Talehi isə 3-cü mərtəbədə vurublar. O, güclə özünü kafedralarına çatdırıb. Səs-küyə çıxan tələbələr onun vurulduğunu görüblər. Müəllimlər köməkləşib onu sinfə aparıblar. Qızlardan biri Talehin başını dizinə alıb. Bilməyiblər ki, ona güllə dəyib. Su veriblər. Son sözləri, "mənə kömək edin" olub.

S.Məmmədova deyir ki, hadisə baş verəndə güllə Talehin sinəsindən dəyib, kürəyindən çıxıb: "Taleh bir müddət yaralı qalıb. Xəstəxanaya çatdırıblar. Görünür ki, xilas etmək mümkün olmayıb. Biz ora gedəndə hər tərəf bağlı idi. Yolları da bağlamışdılar. Sonra morqa getdik. Heç bilmirdim ki, getdiyimiz yer morqdur. Elə bilirdim ki, balama qanımı versəm, ayılacaq".

Həmsöhbətimiz danışdıqca əlləri əsir, sel olmuş göz yaşlarını belə, silə bilmir. Bir qədər toxtaqlıq tapdıqdan sonra yenidən danışır: "Ana üçün ən böyük dərs övlad itkisidir. Allah heç kimi balası ilə sınamasın. Mən bir ana kimi yalvarıram, heç kim heç kimin balasına qıymasın. Axı sizin əliyalın tələbə ilə nə işiniz vardı? Heç bir anaya Allah belə dərd göstərməsin!"

Talehin qardaşı Turqut da qardaşı barəsində xatirələrini bölüşür. Deyir ki, həmişə Talehlə fəxr edib: "Həmin gün Talehin imtahanı idi. Evdən çıxandan bir neçə dəqiqə sonra zəng vurdu ki, imtahan kitabçası evdə qalıb. Qaça-qaça aparıb verdim. Gözümün önündən çəkilmir həmin gün. Özüm Sumqayıt Dövlət Universitetində birinci kursda təhsil alırdım. Sonra dərsə getdim".

ADNA terroru qurbanı Taleh Məmmədovun qardaşı Turqut Məmmədov
© Sputnik / Irade JELIL
ADNA terroru qurbanı Taleh Məmmədovun qardaşı Turqut Məmmədov

"Dərsdə uşaqlar danışırdı ki, ADNA-da dava olub. Ağlıma pis heç nə gətirmədim. Çünki Taleh davakar deyildi. Xaos artdıqca ürəyim narahat oldu. Başladım Talehə zəng vurmağa, götürmürdü telefonu. Sonra bibim zəng vurdu. Dedi ki, "nənəmin vəziyyəti yaxşı deyil, rayona gedirlər". Gəlib anama dedim, anam da dedi ki, "Taleh yaralanıb". Heç kim bizə demirdi ki, Taleh dünyasını dəyişib" – deyə qardaşı çətinliklə də olsa, danışmağa davam edir.

Talehin ölümü barədə ailəsinə sonradan xəbər verilib. Ailə Talehi öz rayonlarında - Qazaxda dəfn edib.

Aradan 10 il keçməsinə baxmayaraq, ailə hələ də bu itki ilə barışa bilmir. Südabə ana deyir ki, hər gün oğlunun xəyalı ilə danışır, fikirlərini paylaşır. Səbirsizliklə oğluna qovuşacağı günü gözləyir. Bu müddət ərzində bütün hisslərini itirib, gülə, sevinə bilmir. İşə belə, necə gedib-gəldiyini hiss etmir.

O qədər fikirli olur ki, ətrafda baş verənlərin də fərqində olmur. "Nə yaşaya bilirəm, nə ölə" - deyir.

Xatırladaq ki, 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda kütləvi qətllə nəticələnən faciə baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atəş açıb. Nəticədə 13 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahdan özünə atəş açaraq intihar edib.

Əlaqədar

İlham Əliyev kədərini ifadə etdi: “Həlak olanların ailələrinə başsağlığı verirəm”
Yüzlərlə insanın həlak olduğu hadisənin inanılmaz təfərrüatları
Göygöldə dəhşətli hadisə: 8 nəfər həlak olub, 1 nəfər ağır yaralıdır
Bakıda iki yaşayış binasında yanğın olub, həlak olan var
Teqlər:
tələbə, övlad, ana, faciə

Əsas mövzular