Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda baş verən fövqəladə hadisə dövlət qurumlarını qarşı-qarşıya gətirdi - TƏHLÜKƏ VAR

© Sputnik / Murad OrujovНа Баку обрушился ливень
На Баку обрушился ливень - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı şəhərində dünən yağan intensiv yağışlar nəticəsində bir sıra fəsadlar yaranıb. Belə ki, yağış suları şəhərin bəzi ərazilərini, küçə və prospektlərini bürüyüb, bir sıra binaların zirzəmilərində yerləşən obyektlərə dolub.

İradə Cəlil, Sputnik Azərbaycan

 

BAKI, 24 sentyabr — Sputnik. Bakı şəhərində dünən yağan intensiv yağışlar nəticəsində bir sıra fəsadlar yaranıb. Belə ki, yağış suları şəhərin bəzi ərazilərini, küçə və prospektlərini bürüyüb, bir sıra binaların zirzəmilərində yerləşən obyektlərə dolub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yağan yağıntının miqdarı Bakıda 21 mm (norma 17.2 mm) təşkil edib.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib ki, yaranmış fövqəladə halla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dərhal operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilib: ""Azərsu" ASC, Fövqəladə Hallar Nazirliyi, paytaxtın və rayonların təsərrüfat xidmətlərinin əməkdaşları, texnika və avadanlıqları səfərbər olunub, leysanın fəsadlarının aradan qaldırılması istiqamətində konkret tədbirlər görülüb".

Məlumatda qeyd olunub ki, leysan dayandıqdan sonra kommunal və digər xidmətlərin əməkdaşlarının zəhməti nəticəsində qısa vaxt kəsimində mərkəz ərazilərə dolmuş sular çəkilib, küçə və prospektlər yağışın gətirdiyi torpaq və tullantılardan təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub.

BŞİH-dən bildirilib ki, yağış sularının fəsadları təbii səbəblərlə yanaşı, texniki səbəblərlə də əlaqəlidir. Belə ki, son dövrlərdə paytaxtın mərkəzi ərazilərində tikilən çoxsaylı yeni tikililərin daha da çoxalması buna səbəb kimi göstərilib.

Paytaxt meriyası fəsadların çoxluğunda "Azərsu" ASC-ni də günahlandırıb: ""Azərsu" ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ biliməməsi də buna səbəb kimi göstərilə bilər. Həmin gün Neftçilər prospekti boyu uzanan "Sahil" kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyə xətlərinin çox gec açılması da əlavə problem yaradıb. Sonradan bu problem aradan qaldırılıb və axıdılan suyun səviyyəsi kəskin azalıb. Bununla əlaqədar gələcəkdə belə halların baş verməməsi üçün "Azərsu" ASC tərəfindən kollektorların gücü ilə bağlı yeni hesablamalar aparılmalı və əlavə tədbirlər görülməlidir".

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə Sputnik Azərbaycan-a açıqlamasında su basmanın əsas səbəbi kimi yağışın həddindən artıq çox yağmasını göstərib: ““Montin”ə 37 mm (aylıq normanın 198%-i qədər, təxminən, aylıq normadan 2 dəfə çox), 7-ci mikrorayon ərazisinə, 27 mm, 4-cü mikrorayon ərazisinə normadan 161% çox yağıntı düşüb".

A.Cəbrayıllı qeyd edib ki, son zamanlar yeni tikililərin tikilməsi, yaşıllıqların yerində obyektlərin salınması və s. kimi hallar yağış sularının torpağa hopmasının qarşısına alır: "Və bütün yağış suları bizim xətlərə yönəldilir. Xətlərimiz 70-80-ci illərdə çəkilib və bunları tam götürmək gücündə deyil. Biz nə qədər cəhd etsək də, xətlərimiz tam işlək olsa da, həmin suları aparmaq iqtidarında olmayıb".

Onun sözlərinə görə, ASC-nin üç təxliyə xətti var: "Biri Azadlıq prospektində, digəri Yusif Məmmədəliyev küçəsində, üçüncüsü isə Səməd Vurğun küçəsindədir. Səməd Vurğun və Azadlıq Prospektində olan təxliyə xətləri dərhal açılıb. Heç bir gecikmə baş verməyib. Yalnız Yusif Məmmədəliyev küçəsindən dənizə açılan təxliyə xəttimizin açılmasında 15 dəqiqə gecikmə müşahidə edilib. Bu da yuxarıdan gələn suyun təzyiqi ilə əlaqədar olub".

"Başqa heç bir problem yaşanmayıb. Biz təxliyə xətlərini vaxtında açmasaydıq, "Sahil" metrosu, Neftçilər prospekti su altında qalardı. Yağış kəsəndən 30 dəqiqə sonra ərazidə bütün problemlər aradan qaldırıldı" — Cəbrayıllı vurğulayıb.

Yollarda yağış sularının yığılıb qalmasını yolların düzgün salınmaması ilə də izah edənlər oldu. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bu fikirlərin əsasız olduğunu bildirib: “Burda avtomobil yollarının düzgün inşa edilməməsindən söhbət belə, gedə bilməz. Bakı şəhərində küçə və prospektlər hələ sovet hakimiyyəti dönəmində inşa olunub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həmin küçə və prospektlərdə təmir və yenidənqurma işləri aparıla bilər. Bu zaman da işlər tikinti norma və standartlarına uyğun şəkildə aparılır".

"Ötən gün baş verən təbiət hadisəsi zamanı baş verənlər yolların düzgün inşa edilmədiyini deməyə əsas vermir. Bununla bağlı aidiyyatı qurumlar tərəfindən kifayət qədər geniş açıqlama verilib. Burada yolların düzgün inşa edilmədiyini dilə gətirmək məntiqə uyğun deyil. Bu kimi hadisələr hər yerdə baş verə bilər və baş verir də. Normadan artıq yağıntı zamanı mövcud yağış-kanalizasiya sisteminin eyni vaxtda o qədər su həcmini ötürməyə gücü çatmadığı üçün su yığılıb qalır. Ancaq vaxtında edilən müdaxilə və yağıntının zəifləməsi ilə su çəkilib gedir. Bu, normal bir şeydir. Əgər müdaxilə ilə, yağıntının azalması ilə su çəkilib getməsə, bax bu zaman problemin kökü araşdırılır və aradan qaldırılır" – qurumun sözçüsü əlavə edib.Nəcəfli bildirib ki, ötən illərdə Bakı şəhərində bir-neçə ərazidə belə yerlər var idi: "Ancaq aidiyyatı qurumlarla birgə bu cür ərazilərdəki problemlər tam olaraq aradan qaldırıldı. Hazırda bu cür ərazilər, demək olar ki, qalmayıb".

Tikinti eksperti Elnur Fərzəliyevin sözlərinə görə, ən böyük problem Bakı şəhərində kanalizasiya xətlərinin istismar müddətinin başa çatması ilə bağlıdır: "Yeni binalar tikilir, bu binalara qaz, su xətləri ayrı çəkilir. Amma kanalizasiya xətləri köhnə sovet dövründə çəkilmiş xətlərə qoşulur. İndiki kanalizasiya sistemləri də 500 min əhaliyə hesablanaraq tikilib. Hazırda Bakıda 3-4 milyon insan yaşayır, yeni binalar tikilir, ancaq yeni xətlər salınmır. Bütün yeni binalar köhnə xətlərə qoşulduğuna görə gücü çatmır".

Ekspert hesab edir ki, vaxtında tədbirlər görülməsə, Bakının bir çox ərazilərində sürüşmə baş verə bilər.

Xəbər lenti
0