06:36 08 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
479 0 0

Həkimlər deyirlər ki, qış mövsümündə isinmək istəyənlər dəm qazından, yemək istəyənlər də turşulardan zəhərlənir

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Bakıda ciddi toksiki və qida zəhərlənmələri mövsümü başlayıb. Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, havaların soyuması ilə əlaqədar olaraq xəstəxanaya ən çox dəm qazından zəhərlənənləri gətirirlər.

“Oktyabr ayı ərzində edilən 23 müraciətdən 12-də gətirilən şəxslər xəstəxanaya yerləşdirilib. Onlardan ikisi azyaşlıdır. Radio, televiziya vasitəsilə dəfələrlə müraciət və xəbərdarlıqların edilməsinə baxmayaraq, bu il də dəm qazından zəhərlənənlərin sayı kifayət qədər çoxdur. Ötən illə müqayisədə bu rəqəmlər arasında cüzi dəyişiklik var" – deyə həkim toksikoloq bildirib.

Təcili tibbi yardım, arxiv şəkli
© Sputnik / Murad Orujov

Onun sözlərinə görə, həkimləri həmişə ən çox toksiki zəhərlənmədən sonrakı ağırlaşma halları maraqlandırır. Maqsudov bildirib ki, noyabr ayında 7 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib: “Amma qış hələ qabaqdadır. İnsanlar evləri qızdırmaq üçün qaz sobalarını yandıracaqlar və dəm qazından zəhərlənmə kimi xoşagəlməz hallarla hələ çox rastlaşacağıq”.

Həkimin sözlərinə görə, dəm qazından zəhərlənmədən sonra insanlar üzərində onun mənfi təsirləri qalır ki, bu da ağırlaşmalara səbəb olur. İnsanlar zəhərlənmədən sonra hipoksiya, tədricən yaddaşın itməsi, konsentrasiyanın itirilməsi və s. kimi hallarla üzləşirlər.

Maqsudov deyir ki, ötən ay essensiya, xlor, dərman preparatları, həmçinin alkoqoldan zəhərlənmə ilə xəstəxanaya xeyli qadın daxil olub. Dərman preparatlarının allergik reaksiyası ilə xəstəxanaya daxil olanlar da var.

Maqsudovun sözlərinə görə, iki halda saxta alkoqollu içkidən zəhərlənmə faktı qeydə alınıb. Yeri gəlmişkən, alkoqoldan zəhərlənmə də mövsümi zəhərlənmə növü kimi qeyd olunur. Çünki qış aylarında qızınmaq üçün alkoqol qəbul edənlər arasında bu cür hallar tez-tez baş verir.

Həkimin sözlərinə görə, dekabrın 3-də mövsümlə əlaqədar olaraq dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya bir ailənin 3 üzvü daxil olub. Onlar Qaradağ rayonunun Korgöz qəsəbəsinin sakinləri Əsmər Xantəmirova və onun iki övladı — on bir yaşlı oğlu Rəvan və on yaşlı oğlu Rüfətdir. Ailənin yaşadığı evi qaz sobası ilə qızdırmaq cəhdləri toksiki zəhərlənmə ilə nəticələnib və onların həyatının xilası an məsələsi olub.

Amma ölkə əhalisi təkcə dəm qazından zəhərlənmir. Hər il qış aylarında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzində onlarla insan yayda qışa hazırlıq məqsədilə marinada qoyulmuş tərəvəzlərdən zəhərlənmə diaqnozu ilə qeydiyyata alınır.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, cari ilin 10 ayı ərzində respublika ərazisində 279 qida məhsulundan zəhərlənmə faktı qeydə alınıb ki, nəticədə 506 nəfər zərər çəkib. Əsasən bu tip hallar məişət zəhərlənməsi kimi qeydiyyata alınır. Keyfiyyətsiz, vaxtı keçmiş ərzaqlardan, xarab olmuş şorabalardan da zəhərlənmə halları baş verir. Kazımov qeyd edib ki, oktyabr ayı ərzində onların Mərkəzində 19 zəhərlənmə faktı qeydə alınıb.

Bununla yanaşı, Kazımov 2017-ci ildə zəhərlənmənin nisbətən azaldığını bildirib. Çünki ötən ilin analoji dövründə GEM-də 520 qida zəhərlənməsi halı qeydiyyata alınmışdı.

Əlaqədar

Azərbaycanda faciə: bir evdə beş nəfər dəm qazından boğuldu
Hərbçinin iki azyaşlı övladı dəm qazının qurbanı oldu
Tələbə qız dəm qazından boğuldu
Akademik Tofiq Hacıyev dəm qazından zəhərlənərək ölüb
Teqlər:
Ziyəddin Kazımov, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsi, Azər Maqsudov, dəm qazı, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, zəhərlənmə

Əsas mövzular