01:28 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
23610

Mühasib Vidadi Vəliyev Raya Bayramovanı qətlə yetirməkdə şübhəli bilinir

BAKI, 24 aprel — Sputnik. Tovuz rayonunun hüquq-mühafizə orqanları artıq üçüncü gündür ki, Azərsığortanın Tovuz rayon filialının öz kabinetində vəhşicəsinə öldürülmüş direktoru, 1956-cı il təvəllüdlü Raya Bayramovanın sirli qətli ilə bağlı düyünü açmağa çalışırdılar. Artıq onlar buna müvəffəq olublar.

"Azərsığorta" dövlət şığorta şirkətinin Tovuz filialının direktoru Raya Bayramovanı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, həmin şəxs filialın mühasibi, 1965-ci il təvəllüdlü Vəliyev Vidadi Bəhmən oğludur.

O, 1956-cı il təvəllüdlü Raya Bayramovanın qətlində şübhəli bilinərək saxlanılıb. Cinayətin onun tərəfindən törədilməsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən kifayət qədər faktların olduğu bildirilir. Hazırda rayon Prokurorluğunda istintaq tədbirləri aparılır.

Maraqlıdır ki, ötən şənbə günü mühasib Vidadi Vəliyev kəllə-beyin travması ilə Tovuz rayon xəstəxanasına daxil olub. Mühasib deyib ki, direktorun kabinetinə girmək istəyərkən şirkətin binasının çardağından yıxılıb. 

Tovuz rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a qətlin təfərrüatları barədə açıqlama verilib.


Hüquq mühafizəçiləri baş verən hadisəni Aqata Kristinin romanları üslubunda olan cinayət kimi xarakterizə ediblər.

Bayramova şənbə günü – aprelin 22-də öz iş otağında ölü tapılıb. Araşdırmalar zamanı məlum olub ki, qətl hadisəsi həftənin 4-cü günü günorta baş verib. Kriminalistlərin qarşısına dəhşətli mənzərə çıxıb. Kabinetin divarları və Bayramovanın iş stolu qana boyanıb. Döşəmədə cəsədlə yanaşı qırmızı kərpic parçaları olub. Ehtimal olunur ki, cinayətkar əvvəlcə qadının başını dəfələrlə stola çırpıb, sonra onu kərpiclə vurub. Cinayətdən sonra qatil şirkətin birmərtəbəli binasının qapısını çöldən bağlayaraq gizlənib.

O da məlum olub ki, Bayramova həftənin 4-cü günü işə saat 2 radələrində gəlib. Ona qədər hüzr mərasimində olub. Girişdə quraşdırılmış kamera qeydlərinə görə, onun gəlişindən 20 dəqiqə sonra mühasib peyda olub. Şirkətdə cəmi beş nəfər işləyir. Həmin gün filialın iki işçisi ASAN Xidmət-də işdə olublar.

İstintaq müəyyən edib ki, qətl baş verən gün Bayramovanın otağında yalnız onun mühasibi olub.

Tovuz rayon Polis İdarəsindən verilən məlumata görə, filialın binası dəmir yolunun yaxınlığında yerləşir və çox adam olan yer deyil. Buna görə də, Bayramovanın kabinetindəki səs-küyün ətrafda kimsə tərəfindən eşidilməməsi təəccüb doğurmur.

Həmin vaxt filialın direktorunu evdən axtarıblar. Əvvəlcə onlar fikirləşiblər ki, yəqin Bayramova Gürcüstana gedib. Doğmalarının sözlərinə görə, o, tez-tez işlə bağlı səfər edib. Faciədən bir neçə gün əvvəl Bayramova bildirib ki, Gürcüstana gedəcək. Qohumları filialın binasının qapısını da yoxlayıblar, o, bağlı olub. Şənbə günü doğmaları Bayramovanın pasportunu evdə tapıblar və başa düşüblər ki, onun başına nə isə iş gəlib. Yalnız bundan sonra onlar kömək üçün polisə müraciət ediblər.

İstintaq zamanı maraqlı detal üzə çıxıb. Məlum olub ki, filialın giriş qapısının ehtiyat açarı mühasibdə olub. Hüquq mühafizəçiləri ondan açar barədə soruşanda, kişi deyib ki, açarı çoxdan itirib.

Bayramovada da bu binanın açarı olub. Lakin o açarı əməliyyatçılar mərhumun çantasından tapıblar.

Dördüncü günü, işə gəlməmişdən qabaq mühasib spirtli içki içib. Buna yaxınlıqdakı kafenin işçiləri də şahidlik ediblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları Bayramovanın niyə qətlə yetirildiyini ayırd etməyə çalışırlar.

Əlaqədar

Filial direktoru ölü tapıldı, müavini isə yarımcan
Teqlər:
Aqata Kristi, Tovuz Rayon Polis İdarəsi, Azərsığortanın filial direktorunun öldürülməsi, Azərsığorta, Tovuz rayonu

Əsas mövzular