CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Almaniya ölkəmizə 300 min tibbi maska göndərib

© AFP 2023 / ERIC PIERMONTСортировка медицинских масок, фото из архива
Сортировка медицинских масок, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.09.2021
Abunə olmaq
Bu yardım Almaniyanın pandemiyanın təsirinə məruz qalmış ölkələr üçün ayırdığı 121 milyon maska tədarükünün tərkib hissəsidir.
BAKI, 22 sentyabr — Sputnik. Almaniya Federativ Respublikası tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinə ianə edilən 300 min tibbi maska sentyabrın 22-də Dövlət Gömrük Komitəsinə təhvil verilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu yardım Almaniya hökumətinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə yeni növ koronavirus (COVID-19) pandemiyasının təsirinə məruz qalmış ölkələr üçün ayırdığı 121 milyon maska tədarükünün tərkib hissəsidir. Həmin tibbi ləvazimatdan 926 min ədəd tibbi maska Azərbaycana göndərilib.
Təhvil-təslim mərasimində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı qeyd edib ki, pandemiya başlayandan COVID-19-a qarşı mübarizədə iştirak edən səhiyyə işçiləri və humanitar təşkilatların, eləcə də hökumət tərəfdaşları və maraqlı tərəflərin təhlükəsizliyinin təmin edilməsi ÜST üçün əsas prioritetə çevrilib: "Həmçinin Almaniya hökumətinin yardımı hazırkı şəraitdə ictimai səhiyyə və sosial tədbirləri genişləndirməyə kömək edəcək, səhiyyədə fövqəladə hallara hazırlığın artırılmasında rol oynayacaq".
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev göstərilən yardıma görə Almaniya hökuməti və Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyinə təşəkkürünü bildirib, pandemiya başlayandan bəri Azərbaycan Respublikasının Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasda olduğunu vurğulayıb.
Komitə sədri qeyd edib ki, pandemiyanın ilk mərhələsində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün operativ tədbirlər görülüb. Pandemiyanın ilk günlərindən ölkənin bütün gömrük-sərhəd buraxılış məntəqələri gücləndirilmiş iş rejiminə keçirilib, hazırda da sanitar-profilaktik və dezinfeksiya tədbirləri xüsusi rejimdə davam etdirilir. Səfər Mehdiyev Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Hospitalının koronavirusla mübarizədə öz işini tamamilə yenidən quraraq hələ ötən ilin iyunundan yalnız koronaviruslu xəstələri qəbul etməyə başladığını diqqətə çatdırıb. Hazırda COVID-19-la mübarizəyə qoşulan Mərkəzi Gömrük Hospitalında koronavirusun müalicəsi üçün hərtərəfli şərait yaradıldığı və peşəkar tibbi personalın xidmət göstərdiyi bildirilib.
Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq COVID-19-la mübarizədə çoxtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
"Almaniya peyvəndlərə, diaqnostikaya və maska kimi tibbi vasitələrə ədalətli, şəffaf və əlverişli şəkildə əlçatanlığı təmin etmək öhdəliyinə sadiqdir. Almaniya bəzi dövlətlərin ikitərəfli vədlərindən fərqli olaraq, bu öhdəliyi siyasi şərtlərlə əlaqələndirmir. Almaniya Federal Hökuməti uzunmüddətli perspektivdə regional sağlamlığı təmin etmək arzusundadır. Qazanılan təcrübəni gələcəkdə istifadə etmək məqsədilə ÜST-ün güclənməsi üçün çağırış edir", - deyə səfir qeyd edib.
Bildirilib ki, Almaniya hökuməti dünyada 100 milyon peyvənd dozasının paylanması daxil olmaqla, koronavirusla mübarizəyə 2,2 milyard avro dəyərində töhfə verərək qlobal səyləri dəstəkləyir.
Məlumata əsasən, təhvil alinan tibbi maskalar səhiyyə işçiləri və pandemiya dövründə mübarizənin ön cəbhəsində əhali ilə birbaşa təmasda olan şəxslərin istifadəsi üçün qeyri-hökumət təşkilatları da daxil olmaqla, yerli tərəfdaşlar arasında paylanılacaq.
Eləcə də oxuyun:
Əzmli koronavirus: daha sürətli yayılmaq üçün mutasiya edir
Azərbaycanda "Mu" ştammına yoluxma var? Hande Harmancı suala özünəxas formada cavab verdi
Hamilələr koronavirusdan necə qorunmalı, əks göstəriş sertifikatını necə almalıdırlar?
Xəbər lenti
0