11:01 25 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
SƏHİYYƏ
Qısa URL
3468 0 0

"Uşaqların vaksin olunması tez-tez gündəmə gəlsə də, ölkəmizdə "Delta" ştammına uşaqlar arasında yoluxma qeydə alınmadığından bu gün onların peyvənd olunmasına da ehtiyac qalmır"

BAKI, 30 avqust — Sputnik. Koronavirusun "Delta" ştammının sürətlə yayılması bəzi ölkələrdə uşaqların koronavirus əleyhinə vaksin olunması məsələsini gündəmə gətirib. Gürcüstanda yaxın vaxtlarda 12 yaşdan yuxarı uşaqların koronavirusa qarşı peyvənd olunmasına başlanılacaq. Bunu Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya deyib. Onun sözlərinə görə, Vaksinasiya Komitəsi bu məsələni nəzərdən keçirəcək və 2-3 həftədən sonra qərar qəbul ediləcək. T.Qabuniya həmçinin bildirib ki, 12 yaşdan yuxarı uşaqların koronavirus əleyhinə peyvənd olunması valideynlərin istəyi və qərarı əsasında həyata keçiriləcək.

ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci məktəbə gedən bütün uşaqları məcburi qaydada koronavirusa qarşı peyvənd etməyə çağırıb. Bu barədə Türkiyənin NTV kanalı xəbər yayıb.

"Uzun illərdir ki, məktəblərdə və başqa yerlərdə uşaqları qızılca, məxmərək, hepatit peyvəndi vurulur. Koronavirus pandemiyasından sonra uşaqların məktəbə getmələrini istəyiriksə, vaksin yaxşı fikirdir", – deyə o bildirib. Fauci xüsusulə, Pfizer/BionTech vaksinin artıq ABŞ Qida va Farmokoji Agentliyi tərəfindən təsdiqləndiyinə diqqət çəkərək, bu səbəbdən uşaqların peyvənd olunmasına qarşı çıxanların sayının azalacağını da vurğulayıb.

"Respotrebnadzor"un "Vektor" Virusologiya və Biotexnika Dövlət Elmi Mərkəzinin direktoru Rinat Maksyutov isə deyib ki, hazırda uşaqların koronavirusa qarşı peyvənd olunmasına ehtiyac yoxdur. 

"Əgər söhbət uşaqlardan, yeniyetmələrdən, bizim gələcəyimizdən gedirsə, əlbəttə ki, onların müdafiəsi üçün təsirli mexanizmə sahıb olmalıyıq. Ancaq belə hesab etmirəm ki, hazırda uşaqların vaksinasiyasına ehtiyac var. Düzdür, Uhan variantından fərqli olaraq, "Delta" ştammı uşaqlar üçün daha təhlükəlidir, bununla belə, böyüklərlə müqayisədə tamamilə fərqli təhlükələrdən söhbət gedir.

Biz uşaqlara tətbiq oluna biləcək peyvəndi qeydiyyatdan keçirməliyik. Amma hazırda aktiv olan "Delta" variantı nəzərə alınmaqla, uşaq və yeniyetmələrin peyvənd olunmasına əsas görmürəm", - deyə o, "Znanie" təşkilatı tərəfindən təşkil olunmuş “Peyvəndləri birlikdə araşdıraq” adlı maarifləndirmə kampaniyası çərçivəsində baş tutan canlı yayımda bildirib.

Maksyutov onu da qeyd edib ki, koronovirus tez-tez mutasiyaya uğradığından, tezliklə uşaqlar üçün ciddi təhlükə doğuran ştamm ortaya çıxa və o zaman azyaşlıların da vaksinasiyasına ehtiyac yarana bilər.

Bəzi ölkələrdə uşaqların peyvəndə cəlb olunması ilə bağlı xəbərlər, eləcə də yeni tədris ilinin yaxınlaşması uşaqlar arasında vaksinasiya məsələsini daha da aktuallaşdırıb. Hətta Azərbaycanda da bəzi infeksionistlər uşaqlar arasında vaksinasiyanın vacibliyi məsələsini gündəmə gətirirlər. Sputnik Azərbaycan ölkəmizdə uşaqlar arasında koronavirus əleyhinə vaksinasiyaya ehtiyac olub-olmadığını araşdırıb.

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan Allahverdi Musayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Delta" ştammına uşaqlar arasında yoluxma qeydə alınmır. Onun sözlərinə görə, hazırda uşaqlar arasında temperaturla müşahidə olunan xəstəlik olsa da, müayinələr zamanı onun COVID və yaxud "Delta" ştammı olmadığı məlum olur: "Əvvəlki dalğada uşaqlar arasında koronavirusa yoluxma faktları üzə çıxırdı. Amma bu gün biz uşaqlar arasında buna da rast gəlmirik", - deyə A.Musayev bildirib.

O ki qaldı uşaqların koronavirus əleyhinə peyvənd olunmasına, A.Musayev bildirib ki, hazırkı gedişatla uşaqların peyvənd olunmasına zərurət yoxdur: "Uşaqların vaksin olunması tez-tez gündəmə gəlsə də, ölkəmizdə "Delta" ştammına uşaqlar arasında yoluxma qeydə alınmadığından bu gün onların peyvənd olunmasına da ehtiyac qalmır. Amma yaxşı olar ki, övladı məktəbli olan valideynlər peyvənd olunsunlar. Xüsusilə şəkərli diabeti olan uşaqların valideynləri vaksinasiyaya önəm verməli, uşaqlarını qorumaq üçün peyvənd etdirməlidirlər".

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə 18 yaşdan yuxarı əhalinin iki doza peyvənd olunması hələ yekunlaşmayıb. Bundan əlavə üçüncü doza vaksin olunması zəruridir. Onun sözlərinə görə, bu hədəfə çatmamış uşaqların vaksin olunmasından danışmaq tezdir: "Biz bir hədəfə çatmamış digərinə cəhd etsək, əsas hədəfdən yayınmış olarıq", - deyə M.Məmmədli bildirib.

Deputat deyir ki, uşaqların koronavirus əleyhinə peyvənd olunması ilə bağlı elmi araşdırmalar hələ davam edir: "Yəni ikinci tip vaksin, dördüncü faza vaksin üzərində aparılan araşdırmalar hələ yekunlaşmayıb. Uşaqların peyvəndlənməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının da tövsiyəsi yoxdur. Dördüncü faza araşdırmalar yekunlaşdıqdan sonra uşaqların peyvənd olunub-olunmaması barədə fikirləşmək olar", - deyə deputat bildirib.

Məlumat üçün qeyd edək ki, Amerikanın biotexnoloji şirkəti olan "Moderna" hazırladığı COVID-19 peyvəndinin Avropa Birliyi ölkələri, Kanada və ABŞ-da 2 yaş və yuxarı uşaqlara vurulması üçün təcrübəyə hazırlaşır. 12 yaş və yuxarı uşaqlarda istifadəsi daha əvvəl tövsiyə edilən "Pfizer" peyvəndinin isə COVID-19 vaksinasiyasında daha kiçik uşaqlarda da test edilməsi planlaşdırılır. Başqa bir Amerika biotexnoloji şirkəti "Novavax"ın da hazırladığı COVID-19 peyvəndinin də uşaqlar üzərində təcrübədən keçirilməsi gözlənilir.

Qeyd edək ki, hazırda Gürcüstanda COVID-19 əleyhinə peyvəndin 16 yaşdan vurulmasına başlanıb. Bu yeniyetmələrə "Pfizer" vaksini vurulur. 18 yaşdan yuxarı vətəndaşlar isə "Sinopharm", "SinoVac" və yaxud "Pfizer" vaksinləri arasında seçim edə bilər. "AstraZeneca" vaksini isə yalnızca 45 yaşdan yuxarı vətəndaşlara vurulur.

Azərbaycanda isə peyvəndlənmə yaşı 18-dən yuxarıdır. Ölkəmizdə koronavirus əleyhinə Çinin "SinoVac" şirkətinin "CoronaVac", Rusiyanın "Sputnik-V", Britaniya-İsveç birgə istehsalı olan "AstraZeneca" və "Pfizer" vaksinlərindən istifadə edilir.

Əsas mövzular