08:45 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
SƏHİYYƏ
Qısa URL
53 0 0

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev "Delta"ştammından çox COVID-dən ağırlaşmanın təhlükəli olduğunu söyləyir.

BAKI, 16 iyul — Sputnik. Azərbaycanda koronovirusun "Delta"ştammının (Hindistan) qeydə alınması uşaqlar arasında bu ştamma yoluxma ilə bağlı müəyyən narahatlıq yaradıb. Hazırda paytaxtda uşaqlar arasında boğaz ağrısı, öskürək, hərarət, burun axması ilə müşahidə olunan əlamətlərin qeydə alınması bu narahatlığı daha da artırır. İndi valideynləri düşündürən əsas suallardan biri koronovirusun "Delta"ştammının uşaqlarda yayılma təhlükəsi ilə bağlıdır.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı da bu günlərdə mətbuata verdiyi açıqlamasında "Delta" ştammının uşaqlara keçmə ehtimalının olduğunu bildirib. O, deyib ki, COVID-19 infeksiyası yayılandan uşaqlar arasında koronavirusa yoluxma geniş vüsət almasa da, ölənlər arasında azyaşlılara da rast gəlinib. Bu səbəbdən virusa və mutasiyaya uğramış variantlarına da uşaqların yoluxmayacağını demək düzgün olmaz.

TƏBİB İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri Akif Qurbanov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Delta+" ştammının törətdiyi xəstəliklər uşaqlar və gənclər arasında da qeydə alınır: "Uşaq və gənclərdə COVID virusları çox vaxt əlamətsiz keçsə də, artıq müəyyən olundu ki, "Delta+" ştammına uşaq və gənclər də çox həssasdır. Onlarda da bu xəstəlik müşahidə oluna bilər".

A.Qurbanov deyir ki, dünyada və Azərbaycanda istifadə olunan vaksinlər insanları "Delta+" ştammlarından qorumaq gücündədir. Ona görə də Komitə sədri hamını təxirə salınmadan xəstəliyə qarşı vaksinasiya olunmağa səsləyir: "Çünki vaksin bizi COVID-19-dan və hazırda yayılan "Delta+" ştammından da qoruyacaq. Artıq vaksinasiya hər bir şəxsin vətəndaşlıq borcuna çevrilməlidir".

Uşaqlar arasında "Delta" ştammı ağırlaşması diaqnozu ilə instituta müraciət daxil olmayıb

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev Sputnik Azərbaycan-a müsahibəsində "Delta" ştammının uşaqlara təhlükəsindən danışıb. O, bildirib ki, uşaqlar COVID-19 virusunu əksər hallarda ayaq üstündə, oynayaraq keçirir. Amma A. Musayev deyir ki, bəzi uşaqlarda COVID-dən sonra ağırlaşma müşahidə olunur:

"Bu MİS-C xəstəliyi (multiorqan yetməzliyi) adlanır. Bu post-koronavirus iltihab sindromu (MIS-C) immunitet sisteminin pozulmasının yeni bir formasıdır. Bu zaman uşağın ürək boşluğunda, ağciyərdə su yığılır. MIS-C COVID-in ağırlaşmasıdır. Bu virusun "Delta" və digər ştammlarında da müşahidə olunur. İndiyədək 80-dən çox uşaq MİS-C diaqnozu ilə bizim institutda müalicə alıb. O uşaqlar əvvəl koronavirusa yoluxub, daha sonra ağırlaşma dövrü başlayıb.

Qrip virusunun ağırlaşması pnevmoniya verdiyi kimi, koronavirusa yoluxmadan sonra da MİS-C müşahidə olunur. Amma həmin dövrdə artıq COVID virusu xəstədə aktiv olmur. Bizə müraciət edən 80-dən çox belə uşaq arasında ölümcül vəziyyətdə olanları da olub. Onlar müalicə edilərək sağalıb. Şükür ki, həmin uşaqlar arasında ölüm halı baş verməyib" deyə institut direktoru bildirir.

A. Musayev bildirib ki, hazırda uşaqlar arasında "Delta"ştammı ağırlaşması diaqnozu ilə instituta müraciət daxil olmayıb. A.Musayev "Delta"ştammının uşaqlar üçün deyildiyi qədər də təhlükəli olmadığını söyləyir. Onun sözlərinə görə, bununla belə koronovirusun mutant ştammlarından qorunmaq üçün əsas risk qrupuna aid uşaqların vaksinasiyası vacibdir. A. Musayev deyir ki, 12 -18 yaşlı risk qrupuna daxil olan diabet, ürək qüsurlu uşaqların vaksinasiyası vacibdir.

A. Musayev hazırda valideynlərin narahatlığına səbəb olan məqama, uşaqlar arasında yayılan xəstəliklə bağlı da fikir bildirib. O, deyir ki, uşaqlarda hazırda yayılan mövsümi viral xəstəliklərdir: "Bu xəstəlikdə də uşaqlarda hərarət, öskürmə, tərləmə, ishal və qusma baş verə bilər. Onun COVID-lə heç bir əlaqəsi yoxdur".

Həmsöhbətimiz hazırda uşaqların qidalanmasına diqqət yetirməyin proteinli qidalar, eləcə də, meyvə-tərəvəz və bol maye qəbul etməyin vacib olduğunu söyləyir.

Azyaşlılar peyvəndlənsinmi? 

Qeyd edək ki, hazırda dünyanın əksər ölkələrində koronavirusa qarşı tətbiq edilən peyvəndlərin azyaşlılara vurulması da müzakirə olunur. Belə ki, 12 yaşdan yuxarı yeniyetmələrin də vaksin olunacağı haqda məlumatlar yayılır. Bununla bağlı olaraq, "Moderna" şirkəti istehsal etdiyi vaksininin 12 yaşlı uşaqlarda da effektli olduğunu elan edib. Şirkət iyunda yeniyetmələrlə bağlı datasını ABŞ-da və digər yerlərdə qlobal tənzimləyicilərə təqdim edib.

"Moderna"dan sonra "Pfizer & BioNTech" vaksinlərinin də 12 yaşlı uşaqlara vurulması təsdiqlənib. Artıq Danimarkada 12 - 15 yaş arasındakı uşaqların peyvəndlənməsinə başlanılacaq. Fransada valideynlərin razılığı ilə 12 yaş və yuxarı uşaqların peyvəndlənməsinə başlanılıb. Almaniya Peyvəndləmə üzrə Məsləhət Şurası 10 iyunda yalnız əvvəllər xəstəlikləri olan uşaqlar və yeniyetmələrin "Pfizer" peyvəndi ilə vaksin olunmasını tövsiyə edib.

Avstriya 12-15 yaş arası 340.000 uşağı avqust ayının sonuna qədər peyvənd etməyi hədəfləyir. Estoniya payızda yeniyetmələrin peyvəndlənməsinə başlaya bilər. Macarıstanda 16-18 yaş arası gəncləri may ayının ortalarından peyvənd etdirilir. İtaliya 31 mayda "Pfizer-BioNTech" peyvəndinin 12-15 yaş arası uşaqlara tətbiq edilməsini təsdiqləyib. Litvanın Baş naziri İnqrida Şimonite 12 və daha yuxarı yaşdakı uşaqların iyun ayından peyvənd ediləcəyini açıqlayıb.

İspaniyanın Səhiyyə Nazirliyi 12-17 yaş arası uşaqların yeni tədris ilinin başlamasından iki həftə əvvəl peyvəndlənəcəyini elan edib. İngiltərədəki Peyvənd Komitəsi iyul ayına qədər uşaqların peyvənd edilməsi ilə bağlı qərar verməyəcək. "Pfizer" peyvəndi əvvəllər İngiltərədəki 12-15 yaş arası uşaqlarda istifadə üçün təsdiq edilib. İsveçrə 4 iyun tarixində 12-15 yaş arası uşaqlar üçün "Pfizer" peyvəndini təsdiqləyib. Bu yaş qrupunun peyvəndi iyul ayında başlayacaq.

Norveç də "Pfizer" peyvəndi ilə ciddi xəstəlik riski olan uşaqların peyvəndlənməsi məsələsini müzakirə edir. San Marino Sosial Müdafiə İnstitutunun yaydığı xəbərə görə, 12-15 yaş arası uşaqların vaksinasiyası start götürüb. İsrail "Delta" variantı səbəbiylə xəstəlik sayının artması fonunda 12-15 yaş arası bütün uşaqların peyvənd edilməsinə dair çağırışlar edib. Bu yaş qrupu may ayından peyvəndlənməyə başlayıb. Birləşmiş Ərəb Əmirlikləri may ayının ortalarında 12-15 yaş arası uşaqlarda "Pfizer-BioNTech" peyvəndinin istifadəsini təsdiqləyib. Azərbaycanda isə hələki uşaqların COVID-ə görə vaksinasiyası həyata keçirilmir.

Xatırladaq ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumata görə, , ölkəmizdə bir neçə gün öncə aparılan araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı aşkar olunub. Nümunələrdən 9-da isə B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.

Eləcə də oxuyun:

Əsas mövzular