Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Saxta COVID-19 arayışları ilə bağlı cinayət işi açıldı

© AP Photo / Marcio Jose SanchezКарточка вакцинации против COVID-19, фото из архива
Карточка вакцинации против COVID-19, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
Bəzi kütləvi informasiya vasitələrində sərnişinlərin koronavirus infeksiyasının müayinəsinə dair "Leyla Medical Center" və "Oksigen" klinikasından verilən tibbi arayışların saxta olması barədə informasiyalar yayılmışdı.

BAKI, 11 iyun — Sputnik. COVID-19 testinin nəticələrinə dair tibbi arayışların saxta olması faktına görə cinayət işi başlanıb. Məlumat verildiyi kimi, bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən sərnişinlərin koronavirus infeksiyasının müayinəsinə dair "Leyla Medical Center" və "Oksigen" klinikasından verilən tibbi arayışların saxta olması barədə informasiyalar yayılmışdı. Prokurorluqda aparılan araşdırma zamanı müəyyən edilib ki, "ƏSR" və "Arkan Tour" MMC-nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 96 nəfər şəxsin Gəncə Beynəlxalq Hava Limanından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səyahət etməsini təşkil etmək məqsədilə "Oksigen" və "Leyla Medical Center" klinikalarının məlumatı olmadan həmin tibb müəssisələrinin adından tərtib edilib neqativ test nəticələri ilə bağlı saxta sənədlərin əldə edilməsinə və həmin saxta sənədlərin sərnişinlərə müəyyən məbləğdə pul vəsaiti müqabilində təqdim edilməsinə əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlərlə bağlı fakta görə "ƏSR" və "Arkan Tour" MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işinin istintaqı davam etdirilir.

Xatırladaq ki, bir müddət əvvəl bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin koronavirus infeksiyasının müayinəsinə dair "Leyla Medical Center" və "Oksigen" klinikasından verilən tibbi arayışların saxta olması barədə məlumatlar yayılmışdı.

"Oksigen Klinik Xəstəxanası" MMC-dən bildirilmişdi ki, ayrı-ayrı saytlarda və sosial şəbəkələrdə xəstəxana tərəfindən COVID-19-la bağlı saxta arayışların verilməsinə dair gedən məlumatlar əsassızdır və həqiqəti əks etdirmir. "Oksigen Klinik Xəstəxanası" MMC-də COVID-19-la bağlı müayinələrin keçirilməsi mövcud tibbi norma və standartlara uyğun olaraq aparılır və rəsmiləşdirilir. Hər bir müraciət etmiş pasiyent şəxsiyyət vəsiqəsi əsasında qeydə alınır və nümunələr götürülür. Müayinənin nəticəsinə uyğun olaraq TƏBİB-in portalına yerləşdirilir və tibbi arayışlar verilir. Hər bir tibbi arayışın üzərində QR kodu yerləşdirilir. Ona görə də "Oksigen Klinik Xəstəxanası" MMC bu cür saxta tibbi arayışların klinika adına səsləndirilməsini rədd edir və obyektiv araşdırılmasını tələb edir.

"Leyla Medical Center"-dən isə bildirilib ki, mərkəzin rəsmi nəticə blankında təqdim olunmasına baxmayaraq, 96 sərnişinin heç birinin klinikaya müraciət etməməsi və nəticələrin klinika tərəfindən təqdim olunmaması sübut olunub: ""Təəssüf ki, pasiyent bazamızda məlumatı olmayan şəxslər müxtəlif proqramlar vasitəsilə nəticələri saxtalaşdıraraq özlərinə uçuş öncəsi tibbi arayış hazırlayır. Vətəndaşlar tərəfindən yol verilən bu tip qanunsuz əməllərə görə biz heç bir məsuliyyət daşımırıq. Bu kimi halların qarşısını almaq məqsədilə 4 aya yaxındır ki, mərkəzimiz tərəfindən təqdim olunan bütün tibbi arayışların üzərində xüsusi QR kodlar yerləşdirilib. Bu QR kodları yerindəcə hava limanında təyin olunan müvafiq əməkdaşlar tərəfindən skan etmək kifayət edir ki, həmin tibbi arayışın saxta və ya real olduğu bilinsin. Arayışın doğruluğunu təsdiq etmək üçün, bizim tərəfimizdən təqdim olunan nəticələrin TƏBİB-in bazasında mövcud olması təyini kifayətdir. Nəticələrin bizim və TƏBİB-in bazasında olmaması isə sənədin doğru olmamasının birbaşa sübutudur", - deyə klinikanın açıqlamasında bildirilmişdi.

Xatırladaq ki, Azərbaycanda Çinin SinoVac şirkətinin CoronaVac, Rusiyanın Sputnik-V, Britaniya-İsveç birgə istehsalı olan AstraZeneca vaksinləri hazırda koronavirus əleyhinə istifadə edilir. "Pfizer" vaksini ölkəmizdə tətbiq olunan sayca dördüncü vaksindir.

Xəbər lenti
0