15:10 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
SƏHİYYƏ
Qısa URL
3436 0 0

"Yəni 100 adamın birdən gəlib USM-i gözləməsi, xüsusən də belə bir şəraitdə düzgün deyil" - Adil Qeybulla.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 21 aprel — Sputnik. Xəstəxanalarda otaqların qarşısının dolu olması hər zaman xəstələr tərəfindən narazılıqla qarşılanıb. Səhər tezdən gəlib saatlarla növbə gözləyib həkimin qəbuluna düşmədən qayıdanlar da var. Sıxlıq, xəstəxana dəhlizlərinin havasızlığı isə vəziyyəti daha da acınacaqlı bir hala gətirir.

Həkim-ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a canlı növbənin ciddi fəsadlar törətdiyini bildirib. O qeyd edib ki, pandemiyanın olduğu bir vaxtda istənilən bir yerdə sıralamanın olması vacibdir. Xüsusən də xəstəxanalarda növbəlilik olmalı və sosial məsafə gözlənilməlidir.

"Bu səbəbdən növbələr onlayn olmalıdır ki, hər kəs lazım olan vaxtda gəlsin. Yəni 100 adamın birdən gəlib USM-i gözləməsi, xüsusən də belə bir şəraitdə düzgün deyil"- deyə Adil Qeybulla əlavə edib. 

Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm də qısa zamanda xəstəxanalarda onlayn növbələrin təşkilinin vacibliyini qeyd edib.

"Xəstələr poliklinikaya gələnədək avtobusda sıxlıqda olurlar. Yəni, həm də bu səbəbə görə xəstəxanalarda sıxlıqlar çox təhlükəlidir. Virusun bu cür ərazilərdə alovlanmasının qarşısını almaq üçün təcili olaraq onlayn növbəyə keçilməlidir. Xüsusilə də Bakıda, Sumqayıtda, Gəncədə buna daha çox ehtiyac var. Çünki xəsətələrin əksəriyyəti Bakıya üz tutur və sonradan bu virusu rayonlara daşıya bilirlər", - deyə Ə.Rüstəm bildirib.

Qeyd edək ki, pandemiya dövründə nə dövlət, nə də özəl xəstəxanalar onlayn növbə rejiminə keçid etməyiblər. Hər gün xəstəxanaların qarşısında və dəhlizlərində yüzlərlə adamın canlı şəkildə həkim növbəsini gözlədiyinin şahidi ola bilərik. Ən acınacaqlı hal isə Milli Onkologiya Mərkəzində müşahidə edilir. Xüsusi risk qrupunda olan onkoloji xəstələr bu xəstəxananın koridorlarında saatlarla növbə gözləyirlər. Onları yaxınları da müşayiət edir. Bu zaman sosial məsafəyə və maskadan düzgün istifadəyə heç bir riayət olunmur.     

 

Əsas mövzular