05:31 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (440)
126111

"Son günlər sosial şəbəkələrdə peyvənd edilən vətəndaşların iflic olması, ağır xəstələnməsi, hətta ölməsi, vaksinasiyanın gələcəkdə sonsuzluğa səbəb olacağı barədə heç bir elmi əsası olmayan və həqiqəti əks etdirməyən məlumatlar yayılır" - Baş infeksionist

BAKI, 11 mart — Sputnik. Koronavirus infeksiyasına qarşı aparılan vaksinasiya ilə bağlı Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov əhaliyə müraciət edib. Sputnik Azərbaycan Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki,  baş infeksionist müraciətində peyvəndin təsirlərindən danışıb: "İndiyədək yeni koronavirus infeksiyasına qarşı müxtəlif vaksinlər hazırlanıb. Bəzilərinin hazırlanma metodları elmi tərəqqinin ən son nailiyyətlərinə əsaslanır. Artıq əminliklə deyə bilərik ki, hazırlanıb və tətbiqinə icazə verilib, bütün vaksinlərin yetərli effektivliyi və təhlükəsizliyi aparılan çoxsaylı elmi araşdırmalarla sübut olunub".

"Ölkəmizdə istifadə olunan peyvənd, təhlükəsizliyi və effektivlik dərəcəsi illərlə sınanmış ənənəvi üsulla inaktivləşdirilib, yəni ölü virusdan hazırlanıb. Hər bir vaksinin yan təsirləri mövcuddur. Bu, əsasən az hallarda rast gələn, zəif ifadə olunmuş və qısamüddətli, inyeksiya yerində mülayim ağrı hissi, qızartı, yüngül ümumi zəiflik, baş ağrıları, subfebril hərarət və s.-dir. Bu əlamətlər orqanizmin yeridilən yad maddələrə qarşı verdiyi təbii reaksiyasıdır və immun sistemin yetərli fəaliyyətini əks etdirir", - deyə baş infeksionist əlavə edib.

O bildirib ki, tətbiq olunan vaksinin qeyd olunan xüsusiyyətləri ölkə üçün vaksin seçimi zamanı bu sahənin əksər aparıcı alim və mütəxəssisləri tərəfindən nəzərə alınaraq dəstəklənib və müvafiq dövlət qurumlarına tövsiyə edilib: "Nazirlər Kabineti tərəfindən qəbul olunmuş "Vaksinasiya Strategiyasına" əsasən, artıq xeyli vətəndaşımız peyvənd olunub və vaksinasiya prosesi bu gün də davam edir. Vaksinasiyanın məqsədi yoluxma hallarının əhəmiyyətli azalmasına nail olmaqla infeksiyanı nəzarət olunan həddə saxlamaq, ölüm hallarını minimuma endirməkdir. Lakin bu məqsədə yalnız əhalinin əksəriyyəti peyvənd olunduqda çatmaq mümkündür".

"Dünyada vaksin qıtlığının olması səbəbindən lazımi sayda preparatın ölkəyə birincilər sırasında gətirilməsini təmin etmək dövlətimizin nailiyyətidir. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, dövlətimizin bu uğuruna kölgə salmaq istəyənlər də var. Son günlər sosial şəbəkələrdə peyvənd edilən vətəndaşların iflic olması, ağır xəstələnməsi, hətta ölməsi, vaksinasiyanın gələcəkdə sonsuzluğa səbəb olacağı barədə heç bir elmi əsası olmayan və həqiqəti əks etdirməyən məlumatlar yayılır. Bu çür yoxlanılmayan şayiələr tirajlanaraq insanlarda çaşqınlıq yaradır. Nəzərinizə çatdırmaq istərdik ki, Səhiyyə Nazirliyinə indiyədək vaksin olunmuş insanlarda bu tip qeyri-adi ağırlaşmalar barədə heç bir məlumat daxil olmayıb. Bir daha əhalinin nəzərinə çatdırırıq ki, peyvənddən sonra hər hansı bir güclü reaksiya baş verərsə, bu haqda mütləq qaydada müvafiq tibb qurumlarına müraciət etsinlər", - deyə o əlavə edib.

Baş infeksionist bildirir ki, artıq 400 mindən çox vətəndaşımız peyvənd olunub və hər gün vaksin olunmaq üçün minlərlə insan könüllü olaraq müvafiq tibb idarələrinə müraciət edir: "Sevindirici haldır ki, peyvənd olunanların sayı bir il ərzində bu infeksiya ilə xəstələnənlərin rəsmi statistik göstəricilərini üstələyib. Bu o deməkdir ki, yaxın gələcəkdə bu qədər insan infeksiyaya yoluxmayacaq və hətta az sayda yoluxmalar olsa belə, onlar arasında ölüm halları baş verməyəcək. Ümid edirəm ki, tezliklə peyvəndləmənin müsbət effektini hər birimiz öz həyatımızda hiss edəcəyik. Şayiələrə deyil, elmi faktlara əsaslanaraq peyvənd kampaniyasında könüllü iştirak edək, bu infeksiyaya qalib gələk və normal həyatımıza qayıdaq!"

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (440)
Teqlər:
infeksionist, Azərbaycan, vaksinasiya, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular