03:08 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (60)
1420 0 0

"Əgər sıxlıq yaranırsa, peyvənd məntəqələrinin sayı artırılmalıdır. Çünki sıxlığın yaranması virusa yoluxma təhlükəsi yarada bilər", - infeksionist

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 mart — Sputnik. Azərbaycanda peyvənd məntəqələrində sıxlıq yaranıb. Hətta bununla bağlı iqtisadçı Samir Əliyev də Facebook sosial şəbəkə hesabında məlumat paylaşıb. İqtisadçı iddia edib ki, koronavirusa qarşı peyvənd vurdurmaq üçün əvvəlcədən randevu götürmək sistemi yaxşı işləmir. Nəticədə həssas qrupa daxil olan insanlar peyvənd vurdurmaq üçün getdikləri yerlərdə uzun növbələrdə dayanır, bir-biri ilə təmasda olurlar.

Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli
© AFP 2021 / MAURO PIMENTEL

Sputnik Azərbaycan vaksin məntəqələrində yaranmış sıxlığın səbəbini və problemdən çıxış yolunu araşdırıb.

İnfeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əslində peyvənd məntəqələrində sıxlığın yaranması vaksin üçün aparılan təbliğatın müsbət nəticə verdiyini göstərir: "Müsbət tərəfi odur ki, insanlar vaksinasiyaya əvvəlki dövrlə müqayisədə daha çox müraciət edirlər. Amma pandemiya dövründə insanlar arasında sosial məsafənin qorunması şərtdir. Bunun üçün mütləq şəkildə insanlar öncə onlayn şəkildə qeydiyyatdan keçməli, daha sonra peyvənd məntəqəsinə yaxınlaşmalıdırlar. İndiki vəziyyət göstərir ki, bu vəziyyəti yaradan elə insanların özləridir. Onlar qeydiyyatdan keçməmiş vaksin məntəqələrinə yaxınlaşırlar. Bu isə sıxlığa səbəb olur. Amma istənilən halda peyvənd məntəqələrində ciddi nəzarət olmalıdır. Buna bəzi poliklinikalarda əməl olunur. Məsələn, mən 20 saylı poliklinikaya getmişdim. Orada qapıdaca insanların temperaturu yoxlanılır. Döşəməyə isə məsafə saxla işarələri vurulub. Bütün poliklinikalarda yaradılmış peyvənd məntəqələrində sosial məsafənin saxlanılmasına nəzarət edilməlidir. Əgər buna rəğmən sıxlıq yaranırsa, peyvənd məntəqələrinin sayı artırılmalıdır. Çünki sıxlığın yaranması virusa yoluxma təhlükəsi yarada bilər".

Azərbaycanlı məşhurlar vaksinasiyadan sonra özlərini necə hiss edirlər>>

Səhiyyə Nazirliyindən isə bildirdilər ki, peyvənd məntəqələrinin sayı kifayət qədərdir. Bütün poliklinikalarda bunun üçün şərait yaradılıb. Sadəcə olaraq insanlar onlayn qeydiyyatdan keçmədən peyvənd məntəqələrinə yaxınlaşdıqlarından belə sıxlıq yaranır.

İcbari Tibbi Sığorta üzrə Dövlət AgentliyiTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən isə bildilir ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq hazırda 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası həyata keçirilir. Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidilər.  Lakin bəzi vətəndaşlar koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn növbə götürmədən birbaşa olaraq tibb müəssisəsinə müraciət edirlər. Bu da təbii olaraq, tibb müəssisələrində sıxlığa səbəb olur. Tibb müəssisələrinin əməkdaşları növbədən kənar müraciət edən yaşlı nəslin nümayəndələrini hörmət əlaməti olaraq geri qaytarmamaq üçün onlara da xidmət göstərməli olurlar. Peyvənd məntəqələrində sıxlığın yaranmasına digər bir səbəb onlayn növbə xidmətindən istifadə edən bəzi şəxslərin qeyd olunan randevu vaxtından tez və ya gec müəssisəyə gəlməsi olur. Bu cür halların baş verməməsi üçün qurum vətəndaşlarımızdan bir daha xahiş edir ki, koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün https://randevu.its.gov.az/ saytından onlayn qaydada növbə götürsünlər və təyin olunan vaxta uyğun məntəqəyə yaxınlaşsınlar. Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər isə ərazi üzrə poliklinikaya zəng edə bilərlər. Bu zaman onlara qeydiyyatçılar tərəfindən onlayn növbənin götürülməsi üçün dəstək göstərilir.

Miqrantlar Azərbaycan Dövlət Miqrasiya Xidmətinin həyətində, arxiv şəkli
© State Migration Service of the Republic of Azerbaijan

Qeyd edək ki, peyvənd məntəqəsində sıxlığı əks etdirən görüntülər Xırdalandakı 5 saylı orta məktəbdə çəkilib. Fotoları paylaşan Samir Əliyev bildirib ki, randevu.its.gov.az saytında valideynləri üçün saat 11.00-a vaxt götürüb: “Gəlmişik ki, azı 200 nəfər. 50 nəfər keçib, bizə 221-222-ci sıra verilib. Soruşuram, mənim vaxtım 11.00-dır, niyə mənə yeni nömrə verirsən? Mənə camaatı göstərib deyir ki, bunlar da növbə gözləyirlər, bu qədər camaatı tapdalayıb keçmək istəyirsən? İzah edə bilmirəm ki, mən növbə tutmuşam, heç kimin növbəsinə girmək fikrim yoxdur. TƏBİB deyir ki, vaxtı seçib növbə gözləmədən vaksin vurdur. Ancaq təcrübə göstərir ki, TƏBİB-in camaata yenilik kimi sırıdığı onlayn növbə boş şeydir, işləmir. Hörmətli TƏBİB, yaxşı-yaxşı bax qurduğun sistemin təcrübədə işləməsinə...”

Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (60)
Teqlər:
infeksionist, poliklinika, sıxlıq, vaksinasiya, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular