11:42 06 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (40)
66540

"CoronaVac" peyvəndinin birinci dozasından sonra anafilaksiya (həyati təhlükə yaradan allergik reaksiya) müşahidə olunarsa, ikinci doza tətbiq edilməməlidir

BAKI, 19 yanvar — Sputnik. Dünəndən Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesi başlayıb. İlk peyvənd səhiyyə naziri Oqtay Şirəliyevə vurulub. Ümumilikdə isə birinci mərhələdə peyvənd səhiyyə işçiləri və dövlət qurumlarında çalışanlar üzərində sınaqdan keçiriləcək. Daha sonra yaşı 65-dən yuxarı olan vətəndaşlar və hüquq-mühafizə orqanlarının pandemiyaya qarşı tədbirlərə cəlb olunmuş əməkdaşları peyvənd olunacaqlar.

Mütəxəssislərin fikrincə, vaksinasiya sayəsində COVID-19 pandemiyasının qarşısı əhəmiyyətli dərəcədə alınacaq. Bununla belə, əhalinin peyvənd preparatlarına münasibəti birmənalı deyil. Bəzi ölkələrdə vaksinasiya prosesindən sonra qeydə alınan ölüm halları peyvəndə olan şübhələri bir az da artırır. Türkiyə Səhiyyə Nazirliyi bəyan edib ki, koronavirus peyvəndi vurularkən xoşagəlməz hallarla qarşılaşmamaq üçün mütləq şəkildə 14 əsas qaydaya əməl olunmalıdır. Bu barədə "CNN Türk" məlumat yayıb. Azərbaycanda da vaksinasiya prosesinin Türkiyədə olduğu kimi Çinin "CoronaVac" preparatından istifadə edilməklə həyata keçirildiyini nəzərə alaraq, həmin qaydaları diqqətinizə çatdırırıq:

1. Peyvənd sol qola vurulmalıdır. Bu, sağ əlin daha işlək olması ilə izah olunur. Başqa sözlə, peyvəndin vurulduğu yerdə hər hansı bir xoşagəlməz lokal reaksiya müşahidə olunarsa, sağ əl işlək vəziyyətdə qalsın deyə, sol ələ üstünlük verilir.

2. Digər peyvəndlərlə koronavirus peyvəndi arasında ən az 4 həftə vaxt olmalıdır.

3. Peyvənd vurulan şəxs oturaq vəziyyətdə olmalı və preparat bədənə yeridiləndən sonra 15 dəqiqə ayağa qalxmadan gözləməlidir.

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam">>

4. Növbəti təlimat verilənə qədər COVID-19 peyvəndi koronavirusa yoluxmuş və ya vaksinasiyadan 10 gün əvvəl xəstəliyi təsdiqlənmiş şəxslə təmasda olan insanlara vurulmayacaq.

5. Hamiləlik dövründə COVID-19 peyvəndinin tətbiqi ilə bağlı hər hansı bir təsdiqlənmiş məlumat yoxdur. Bununla belə, COVID-19-u ağır formada keçirmə riski olan hamilə qadınlara öz istəklərinə uyğun olaraq peyvənd vurula bilər. Lakin hamiləliyin ilk üç ayında belə qadınlara peyvəndin vurulması qadağandır.

6. Uşaq əmizdirən qadınlara da "CoronaVac" peyvəndinin vurulması ilə bağlı hər hansı bir təsdiqlənmiş məlumat yoxdur. Bununla belə, COVID-19-u ağır formada keçirmə riski yüksək olan uşaq əmizdirən qadınlara öz istəklərinə uyğun olaraq peyvənd vurula bilər.

7. Epilepsiya kimi infeksiya və ya peyvəndlə şiddətlənə bilən nevroloji xəstəlik diaqnozu qoyulmuş şəxslər üçün peyvənd olunması barədə qərar yalnız xəstəyə tibbi nəzarəti həyata keçirən səhiyyə müəssisəsinin qiymətləndirməsindən sonra verilə bilər.

8. Peyvənd qan laxtalanması problemi olan şəxslərdə daxili qanaxmaya səbəb ola bilər.

9. Peyvəndin birinci dozasından sonra anafilaksiya (həyati təhlükə yaradan allergik reaksiya) müşahidə olunarsa, ikinci doza tətbiq edilməməlidir.

10. Hərarəti 38 dərəcədən yuxarı olan və dəqiq diaqnoz qoyulmamış kəskin respirator xəstəlik ehtimalı olanlara peyvənd vurulması bu əlamətlər keçənə qədər təxirə salınmalıdır.

11. "CoronaVac" preparatı gün işığına və soyuğa qarşı həssasdır. Bu səbəbdən də +2 və +8 dərəcədə saxlanılmalıdır. Preparat peyvənd saxlama xüsusiyyəti olmayan "no-frost" tipli soyuducularda daxili divarlara toxunmayacaq şəkildə və yaxşı olar ki, ikinci rəfdə, yaxud da soyuducunun qapısındakı hissədə saxlanılsın. Soyuducunun içində isə donma dərəcəsi göstərilməlidir.

12. Peyvənd tətbiq olunan şəxs xüsusi mobil tətbiq vasitəsilə qeydə alınmalı və növbəti peyvəndin vaxtı ona xəbər verilməlidir.

13. Tibb müəssisəsində hər peyvənd tətbiqindən sonra otaq havalandırılmalı, günün sonunda isə dezinfeksiya olunmalıdır.

14. Peyvənd vurulandan sonrakı ilk 12 saatda kəskin allergik reaksiya, ilk bir həftə ərzində gündəlik həyat tərzinə təsir göstərə biləcək qədər yorğunluq, baş ağrısı, şiddətli lokal reaksiya, 38 dərəcədən yuxarı hərarət, ishal, qusma, ilk iki ayda qoxunun və dadbilmənin itirilməsi, üz iflici və digər nevropatoloji əlamətlər yaranarsa, bu barədə mütləq peyvəndin vurulduğu tibb məntəqəsinə məlumat verilməlidir.

Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (40)
Teqlər:
təhlükə, Koronavirus, epidemiya, COVID-19, vaksin, peyvənd

Əsas mövzular