11:48 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
SƏHİYYƏ
Qısa URL
39 0 0

"Azərbaycanın bütün rayonlarında həkim çatışmazlığı var. İcbari tibbi sığortanı icra etmək üçün isə yetərli sayda tibb personalı olmalıdır".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 dekabr — Sputnik. 2021-ci ilin yanvar ayının 1-dən etibarən icbari tibbi sığorta haqları toplanılacaq. İndi hər kəsi maraqlandıran sual icbari tibbi sığorta paketinə daxil olan tibbi xidmətlər və həkim seçimi məsələsidir. Sputnik Azərbaycan-a İcbari Tibbi Sığorta Agentliyindən bildirilib ki, 2021-ci ildən bütün sığortaolunanlar icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edəcəklər.

"İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Buraya ilkin səhiyyə, təcili və təxirəsalınmaz tibbi yardım, ixtisaslaşdırılmış ambulator yardım,laboratoriya, fizioterapiya, invaziv radiologiya, stasionar tibbi xidmət daxildir. Agentlikdən bildirilir ki, ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi də icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcəkdir.

Həmin xidmətlərin sırasında stasionar terapevtik xidmətlər 3500-dən artıq diaqnoz əhatə etməklə miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin, sеrеbrоvаskulyаr хəstəliklərin, mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion və parazitar xəstəliklərin müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr zamanı sığortaolunanların müalicəsi daxildir. Əlavə olaraq hamiləlik, doğuş və zahılıq dövründə müayinə və müalicə icbari tibbi sığorta təminatındadır.

Xidmətlər Zərfinə 1100-dən çox cərrahi əməliyyat da salınıb. Həmin əməliyyatlar sırasına koxlear implantasiya əməliyyatı, oynaq endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anevrizma əməliyyatları, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcədə minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları daxildir. Bahalı əməliyyatlar sırasında həmçinin kifayət qədər geniş sayda oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyə əməliyyatları var.

O ki qaldı, vətəndaşların özəl tibb müəssisələrinin xidmətindən hansı hallarda yararlanacağına, Agentlikdən bildirilir ki, dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində xidmətlər zərfi çərçivəsində müvafiq tibbi xidmətin göstərilməsi mümkün olmadığı halda, sığortaolunan göndəriş əsasında həmin xidməti yalnız Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində əldə edə bilər.

Sığortaolunanlara ilkin səhiyyə xidmətlərini isə ailə həkimləri, yəni sahə həkimi-terapevti, sahə həkimi-pediatrı göstərəcək. Təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaş səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir. Ailə həkimi vətəndaşı müayinə-müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir.

Ailə həkimini seçmək və ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsində qeydiyyata alınma prosesi "Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası" əsasında həyata keçirilir. Belə ki, ailə həkimini seçmək üçün sığortaolunan yaşadığı ərazi üzrə ən yaxın olan ilkin səhiyyə xidmətini göstərən dövlət tibb müəssisəsinə müraciət etməlidir. Ərizə formasını doldurmalı və qeydiyyatçıya ərizə ilə yanaşı, şəxsiyyət vəsiqəsini, eləcə də yaşadığı ünvan üzrə qeydiyyata dair sənədi təqdim etməlidir. Ailə həkimini seçərək sığortaolunan tibb müəssisəsində qeydiyyata alınır.

Sığortaolunan ailə həkimini seçmək və məhdudiyyət qoyulmadan dəyişməkdə sərbəstdir. Lakin sığortaolunan eyni zamanda iki və ya daha çox tibb müəssisəsinə qeydiyyat üçün müraciət edə bilməz. Vətəndaş qeydiyyata alındığı tibb müəssisəsini öz arzusu ilə qeydiyyata alındığı gündən etibarən azı birtəqvim ili keçdikdən sonra dəyişə bilər. Şəxsin yaşadığı ərazi dəyişildiyi halda isə yeni ərazidəki tibb müəssisəsinə yuxarıda göstərilən vaxt məhdudiyyəti nəzərə alınmadan qeydiyyata alınmaq üçün müraciət olunmalıdır.

Agentlikdən bildirdilər ki, stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri Xidmətlər Zərfinə daxildir. Ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri isə Xidmətlər Zərfi ilə təminata alınmayıb. Amma İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Xidmətlər Zərfinə dəyişikliklərin edilməsi barədə layihə hazırlanıb. Layihədə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayının 3000-ə qədər artırılması nəzərdə tutulur. Yəni gələcəkdə Xidmətlər Zərfindəki tibbi xidmətlərin sayı artırılacaq.

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri, sosial ekspret İlqar Hüseynli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2021-ci ilin yanvar ayının 1-dən etibarən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanacağı bəyan edilsə də, tibbi sığortanın ödəmə mənbələrində problem yaranacağı qaçılamzdır:

"İcbari tibbi sığorta ödənişlərinin bir hissəsi özəl sektorda çalışanlar tərəfindən ödəniləcək. Pandemiya sahibkarlara təsir etdiyindən özəl sektorda yetərli maliyyə yoxdur. Bu isə icbari tibbi sığorta ödənişlərinin yığılmasında azalmaya səbəb olacaq. Nəticədə ölkə boyu tibbi sığortanın tətbiqində müəyyən çatışmazlıqlar yaranacaq".

İ. Hüseynli bildirir ki, icbari tibbi sığortanın ölkəmizdə keyfiyyətli tətbiqi o qədər də inandırıcı deyil: "Azərbaycanın icbari tibbi sığorta ilə bağlı hansı ölkənin modelini seçməsi çox önəmlidir. Bizim üçün ən yaxını Türkiyə təcrübəsidir. Amma icbari tibbi sığorta ilə bağlı baza olmalıdır. İcbari tibbi sığorta o zaman uğurlu layihəyə çevriləcək ki, həkimlərin əmək haqqı yüksək olacaq. İcbari tibbi sığorta ilə bağlı pilot layihə oldu. Amma vətəndaşlar icbari tbbi sığortadan tam yararlana bilmədilər. Bunun səbəbləri isə müxtəlifdir".

Ekspert bildirir ki, həkimlərin icbari tibbi sığortadan əldə etdiyi gəlirlər çox aşağıdır:

"İcbari tibbi sığortadan bir aylıq ən çox əldə edilən məbləğ həkimlər üçün üç min manat olub. Halbuki bu, cərrah üçün çox az məbləğdir. Cərrahlar var ki, üç min manatı bir gündə qazanırlar".

İ.Hüseynlinin sözlərinə görə, 2020-ci ildə icbari tibbi sığortaya keçid baş tutmayıb. Çünki pilot layihələr özünü doğrultmayıb:

"Azərbaycanın bütün rayonlarında həkim çatışmazlığı var. İcbari tibbi sığortanı icra etmək üçün isə yetər sayda tibb personalı olmalıdır. İxtisaslı kadrlarla bağlı ciddi çatışmazlıqlar var. Məsələn, bu gün kardiocərrahiyyədə etibar ediləcək cərrahların sayı 10 nəfərdir. Bu mütləq icbari tibbi sığortanın tətbiqində çətinliklər yaradacaq. İxtisaslı kadrlarla bağlı həkim qəbuluna uzun növbələr yaranacaq. Amma elə xəstəliklər var ki, növbəyə dayanmaq xəstənin həyatını təhlükəyə ata bilər. Ürək əməliyyatı növbə gözləmədiyindən, xəstə məcbur olacaq ki, öz vəsaiti hesabına əməliyyat olunsun".

Ekspert stasionar müalicədə dərman problemi yaranacağının da qaçılmaz olduğunu bildirir: "Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri Xidmətlər Zərfinə daxildir. Amma bu gün pandemiya ilə əlaqədar ölkədə dərman qıtlığı yaşanır. Əgər icbari tibbi sığorta olunan xəstəyə müalicə kursu üçün dərman tələb olunarsa, həmin dərmanların çatışmazlığı yaranarsa bu ciddi problemə səbəb olacaq. Ona görə də, icbari tibbi sığortanın tətbiqindən əvvəl baza yaradılmalıdır. Elə ucqar kəndlər var ki, heç tibb məntəqəsi yoxdur. Yaxud da bəzi şəhərlərdə diaqnoz üçün lazımi tibbi avadanlıqlar yoxdur. Əvvəlcə bu çatışmazlıqlar aradan qaldırılmalıdır ki, icbari tibbi sığortanın ölkə üzrə tətbiqi pilot layihənin taleyini yaşamasın!".

Xatırladaq ki, 1 yanvar 2020-ci ildən icbari tibbi sığorta Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir. 1 yanvar 2021-ci il tarixindən etibarən daha 36 şəhər və rayon icbari tibbi sığorta sisteminə qoşulacaq. 1 aprel 2021-ci il tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta ilə əhatə olunacaq.

Beləliklə, 2021-ci ildə icbari tibbi sığortanın tətbiqi bütün ölkə ərazisində təmin olunacaq. "Tibbi sığorta haqqında" Qanununa əsasən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər gələn ildən icbari tibbi sığorta haqları ödəməlidirlər. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

Teqlər:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, icbari tibbi sığorta, tibbi sığorta

Əsas mövzular