16:40 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
SƏHİYYƏ
Qısa URL
103 0 0

"Mutasiyaya uğramış virusun antigen qruluşunda dəyişiklik varsa və bu zaman COVID-19 qarşı istifadə olunacaq vaksin effektsiz olacaqsa, yeni mutasiya olunmuş növə qarşı yeni vaksin hazırlanmalıdır".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 dekabr — Sputnik. Koronavirusla bağlı ümidlər vaksinə qalsa da, virusun mutasiyaya uğrayaraq yeni növünün ortaya çıxması peyvəndlərin effektlivliyini şübhə altına alıb. Bu günlərdə mətbuata açıqlama verən TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib ki, mutasiya virusun hər hansı bir xüsusiyyətinin gen səviyyəsində tam dəyişməsi deməkdir. Əgər mutasiyaya uğramış virusun antigenliyi də dəyişirsə, onda əvvəlllər hazırlanmış vaksinlərin effektivliyi azala bilər. Onun sözlərinə görə, peyvənd hazırlayanlar koronavirusun dəyişən virus olduğunu qabaqcadan görürdülər: "Ona görə də vaksin üçün onun elə gen bölgələrini istifadə ediblər ki, həmin genlər mutasiyaya çox az məruz qalır. Bu baxımdan hesab etsək ki, mütəxəssislər belə bir dəyişikliyin baş verə biləcəyini görürdülər, onda onun qarşısını da alırdılar. Vaksinlərin hazırlanmasında COVİD-19 virusunun elə bir gen bölgələrindən istifadə olunub ki, onlar mutasiyaya çox az məruz qalır. Ona görə də biz hesab edirik ki, indi hazırlanmış vaksinlər mutasiyaya uğramış viurusun törətdiyi xəstəliyə qarşı da kifayət qədər effektiv olacaq. Gələcəkdə hər hansı dəyişiklik baş verərsə, bu barədə əlavə məlumat verilə bilər".

Qeyd edək ki, artıq dünyanın bir sıra ölkələrində də koronavirusa görə vurulmuş vaksinlərlə bağlı şübhəli məqamlar ortaya çıxıb. Çində koronavirusa görə peyvənd edilən şəxs yenidən bu virusa yoluxub. ABŞ-ın "Pfizer" şirkətinin dərmanı ilə koronavirusa qarşı peyvənd olunan amerikalı tibb işçisinin isə halı pisləşib. 360 TV kanalının məlumatına görə, o, şiddətli allergik reaksiya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu "Pfizer" peyvəndindən sonra ilk belə hadisə deyil. Ötən həftə də başqa bir tibb işçisi peyvənd vuurdurduqdaan sonra mətbuat konfransında canlı yayım zamanı huşunu itirmişdi. Bu kimi hallar koronavirusa qarşı hazırlanan peyvəndlərin effektivliyi ilə bağlı narahatlıqlar yaradır.

Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusa görə vaksinlərin effektliyinə hələki 100 faiz təminat verilmir: "Hazırda dünyanın bir sıra ölkələrində vaksinlər hazırlanır. Bu vaksinlərin geniş tətbiqinə hələki başlanılmayıb. Vaksinin effektivliyi üçün elmi-tədqiqat işləri aparılmalıdır. Biz COVID-19-a qarşı tam effektiv vaksin ortaya çıxartmamışıqsa, təbii ki, mutasiya olunana qarşı da vaksinin hazırlanması müəyyən vaxt çəkəcək. Mutasiyaya uğramış virusun antigen qruluşunda dəyişiklik varsa və bu zaman COVID-19 qarşı istifadə olunacaq vaksin effektsiz olacaqsa, yeni mutasiya olunmuş növə qarşı yeni vaksin hazırlanmalıdır. COVID-19-a qarşı hazırlanan vaksin əgər yeni mutasiya olunmuş növə qarşı effektiv olacaqsa istifadə ediləcək. Yox effektsiz olacaqsa, neçə dəfə mutasiya olacaqsa yeni vaksin hazırlanmalıdır".

Professor Adil Qeybulla da bildirir ki, vaksin illuziyasından çəkinmək lazımdır: "Virus mutasiya olunduğu üçün o qədər ştamlara malikdir ki, konkret peyvəndin buna təsir etməsi real görünmür. İkinci tərəfdən peyvənd ortaya çıxıb, sınaqdan keçirilib insanlarda tətbiq ediləndən sonra onun hansı effekti verməsi də sual altındadır. Məsələn, RNT daşıyan virusların demək olar ki, əksəriyyətinin peyvəndi yoxdur. Bundan başqa, qripin özünün də indiyə qədər normal bir vaksini tapılmayıb. Hər il bir ştam peyda olur və ona qarşı olan vaksin də demək olar ki, effekt vermir. Bu baxımdan vaksin illuziyasından çəkinmək lazımdır. Hesab edirəm ki, vaksin ortaya çıxana kimi virus yox olacaq. Virusun bu ştamının konkret olaraq uzun müddət mövcud olması mümkün deyil. Hər halda elmi proqnozlar bunu deyir. Bu səbəbdən insanların özünü qoruma tədbirlərinə üstünlük verməsi daha məqsədəuyğundur".

 Rusiyada epdimioloji vəziyyət
© Russian Federal Service for Veterinary and Phytosanitary Surveillance (Rosselkhoznadzor)/Handout via REUTERS

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə bildirib ki, hazırda mövcud olan 5 vaksində təhlükəsizliklə bağlı tədqiqatlar yekunlaşmaq üzrədir, digər iki element isə tam məlumdur: "Bunlardan biri Almaniya və ABŞ-ın birgə hazırladığı "BioNTech/Pfizer" vaksinidir. Burada saxlanma şəraiti bir qədər çətindir. Dünyanın əksər ölkələrində səhiyyə infrastrukturları buna hazır deyil və bu istiqamətdə işlər gedir. Bu vaksin -70 dərəcədə saxlanılır və effektivliyi 95 faiz olduğu barədə məlumatlar artıq məqalələrdə nəşr olunub. Digəri Rusiya Federasiyasında Gamaleya İnstitutunda hazırlanan "Sputnik V" vaksinidir. Bu vaksin -20 dərəcə temperaturda saxlanılmalıdır və effektivliyinin 95 faiz olduğu barədə məlumatlar var. Bundan başqa, Oksford Universitetində "AstraZeneca" şirkəti ilə birgə İngiltərə və İsveç alimlərinin birgə hazırladığı, -4 dərəcədə saxlanıla bilən vaksin ön plana çıxıb. Bu vaksinin də effektivliyinin 70 faiz olduğu barədə məlumatlar var. Ancaq bu vaksinin ikinci dozası ilə bağlı yenidən tədqiqatlara başlanılıb. Hazır olan vaksinklərdən Çinin "Sinovac" şirkətinin hazırladığı "CoronaVac" vaksinidir. Bu vaksinin saxlama temperaturu sadədir, 2-8 dərəcə Selsidə 3 ilə qədər saxlamaq mümkündür. İlkin nəticələrə görə, bu vaksinin effektivliyinin 95-97 faiz olduğu bildirilir".

Məlumat üçün qeyd edək ki, ABŞ-ın baş infeksionisti Entoni Fauçi COVİD-19 peyvəndinin 60 faiz effektli ola biləcəyini bildirib. "Pfizer" şirkətinin prezidenti və baş icraçı direktoru Albert Burla şirkətinin istehsal etdiyi peyvəndin koronavirusun Böyük Britaniyada tapılan yeni ştammına qarşı təsirli olacağına əmindir.

Əsas mövzular