CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siyahı ilə gəzməyən xəstələr üçün vicdansız apteklər: Tarif Şurasına da məhəl qoymurlar

© Sputnik / Zulfiyya GuluyevaZülfiyyənin apteklərlə bağlı yazısı
Zülfiyyənin apteklərlə bağlı yazısı - Sputnik Azərbaycan
Abunə olmaq
Heç kəs qiyməti dövlət tərəfindən tənzimlənən dərmanların siyahısını çıxardıb öz üzərində gəzdirmir. Bundan əlavə, istehlakçıların çoxu hansı dərmanın qiymətinin dövlət, hansının sərbəst müəyyənləşdirildiyindən də xəbərsizdir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 dekabr — Sputnik. Azərbaycanda həyati əhəmiyyətli dərmanların qiyməti dövlət tərəfindən tənzimlənsə də, son vaxtlar onların da qiyməti qanunsuz olaraq Tarif Şurasının müəyyənləşdirdiyi qiymətdən baha satılır. Bununla bağlı sosial şəbəkələrdə də çoxsaylı şikayət motivli rəylər yazılır. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Günel Bəhramqızı şikayətlərlə bağlı bildirib ki, dərman vasitələrinin qiyməti onların ticarət adı, təsiredici maddənin adı və dozası, farmasevtik forması, qablaşdırılması, miqdarı, habelə istehsalçı şirkət və ölkələr üzrə müəyyən edilir: "Bununla yanaşı, dərman vasitələrinin üzərində onların təsdiq edilmiş qiymətləri göstərilir. Dərman vasitələrinin topdan və pərakəndə satışını həyata keçirən bütün təsərrüfat subyektləri bu tələblərə əməl etməlidirlər. Qanunvericiliyə əsasən, dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı qadağandır və bu hallara görə məsuliyyət tədbirləri nəzərdə tutulur".

© Sputnik / Zulfiyya GuluyevaAptek
Siyahı ilə gəzməyən xəstələr üçün vicdansız apteklər: Tarif Şurasına da məhəl qoymurlar - Sputnik Azərbaycan
Aptek

O bildirib ki, istehlakçılar dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətləri barədə məlumatları Tarif (qiymət) Şurasının, İqtisadiyyat Nazirliyinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsində əldə edə bilərlər:

"Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılara dərman vasitələri alan zaman qiymətlərin müəyyən edilmiş qiymətlərlə uyğunluğuna xüsusi diqqət yetirmələrinin vacibliyini bildirir. Qiymətlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda xidmətin "qaynar xətti"nə (498-15-01, 498-15-04) müraciət edə bilərlər".

Amma sözsüz ki, aptekə dərman almağa gedən istehlakçıların çoxu dərmanın qiymətini hansısa qurumun veb saytında axtarmır. Yaxud da heç kəs qiyməti dövlət tərəfindən tənzimlənən dərmanların siyahısını çıxardıb öz üzərində gəzdirmir. Bundan əlavə, istehlakçıların çoxu hansı dərmanın qiymətinin dövlət, hansının sərbəst müəyyənləşdirildiyindən də xəbərsizdir. Belə halda ümid qalır aptek sahiblərinin və apteklərdə qiyməti tənzimlənən dərmanların satışına nəzarət edənlərin insafına. Sputnik Azərbaycan qiyməti dövlət tərəfindən tənzimlənən dərmanların satış qiymətini araşdırıb.

© Sputnik / Zulfiyya GuluyevaAptek
Siyahı ilə gəzməyən xəstələr üçün vicdansız apteklər: Tarif Şurasına da məhəl qoymurlar - Sputnik Azərbaycan
Aptek

Hüseyn Cavid prospektində yerləşən "Zeytun" aptekdən Sputnik Azərbaycan-a bildiriblər ki, hansı dərmanın qiyməti dövlət tərəfindən tənzimlənirsə, həmin dərman o qiymətə də satılır: "Biz dərmanı Tarif Şurasının müəyyən etdiyi qiymətdən baha satmırıq. Buna görə çox ciddi cərimələr var. Depolardan qaimə-fakturada hansı dərmanın qiyməti neçə göstərilibsə, o qiymətə də satırıq. Söhbət dövlətin qiymətini tənzimlədiyi dərmanlardan gedir. Biz ancaq depolardan o dərmanların satışına görə faiz alırıq".

Əczaçı bildirir ki, qiyməti dövlət tərəfindən tənzimlənən dərmanlar çox vaxt mərkəzdən kənarda yerləşən apteklərdə baha satılır. Amma Şərifzadə küçəsində yeləşən "Glukoza" aptekindən Sputnik Azərbaycan-a bildirilib ki, Sloveniyanın istehsalı olan "BRONXO-MUNAL" dərman preparatının qiyməti 14 manat 50 qəpikdir. Halbuki bu dərman preparatının dövlət qiyməti 13.16 təşkil edir. Apteklər qiymət artımını qəti təkzib etsələr də, istehlakçılar bunun əksini söyləyirlər.

İstehlakçı Telman Quliyev Sputnik Azərbaycan-a bildirib ki, yaşlı insan olduğundan dərmanların qiymətini internetdə axtara bilmir. İstehlakçı deyir ki, o, Almaniya istehsalı olan "Kardiomaqnil" dərman preparatını 3 manat 48 qəpiyə alır. Halbuki "KARDİOMAQNİL TAKEDA GMBH, Almaniya" dərman preparatının Tarif Şurası tərəfindən təsdiqlədiyi satış qiyməti 2 manat 90 qəpikdir. Alıcı bildirir ki, Avstriya istehsalı olan İSMN adlı dərman preparatını 4 manata alır. Amma "İSMN GENERİKON, GENERİKON FARMA GESELLSHAFT MBH, Avstriya" dərman preparatının Tarif Şurasının müəyyən etdiyi qiymət cədvəlində qiyməti 2.94 manat təşkil edir.

© Sputnik / Zulfiyya GuluyevaDərman
Siyahı ilə gəzməyən xəstələr üçün vicdansız apteklər: Tarif Şurasına da məhəl qoymurlar - Sputnik Azərbaycan
Dərman

Dövlət tərəfindən qiymətləri tənzimlənən dərmanlarla bağlı problem təkcə qiymətin baha olmasında deyil.

Məsələn, Almaniya istehsalı olan "Konkor" adlı dərman preparatı apteklərin çoxunda tapılmır. Bu siyahını uzatmaq da olar.

İqtisadçı Samir Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi düzgün deyil. Ekspert bildirib ki, dərman bazarında monopoliya aradan qaldırılarsa, dərman preparatları satışında qiymətlər kəskin artmaz:

"Dövlət dərmanların qiymətini tənzimləyib. Amma apteklərdə qiyməti tənzimlənən dərmanların çoxunu tapmaq olmur. Dərman firmaları eyni tərkibdə, başqa adda dərman gətirirlər. Nəticədə istehlakçılar dərman problemi ilə üzləşirlər".

O ki qaldı dərmanların qiymət artımına nəzarət məsələsinə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilir ki, qanunvericiliyə əsasən, dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı qadağandır və bu hallara görə məsuliyyət tədbirləri nəzərdə tutulur. Bu sahədə ictimai nəzarətin xüsusi əhəmiyyətini nəzərə alaraq, dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətləri barədə istehlakçıların maarifləndirilməsi istiqamətində müvafiq işlər görülür. Eyni zamanda daxil olmuş müraciətlərin araşdırılması və müvafiq monitorinqlər formasında qeyd olunan sahədə dövlət nəzarəti həyata keçirilir. Qiymətləri təsdiq edilmiş dərman vasitələri barədə məlumat mütəmadi olaraq istehlakçılara çatdırılır və həmin qiymətlər barədə istehlakçıların məlumatlandırılması üçün KİV-də informasiyalar yayımlanır. Eyni zamanda istehlakçılar dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətləri barədə məlumatları Tarif Şurasının, İqtisadiyyat Nazirliyinin və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsində əldə edə bilərlər. Bununla yanaşı, dərman vasitələrinin üzərində onların təsdiq edilmiş qiymətləri göstərilir.

© Sputnik / Zulfiyya GuluyevaDərman
Siyahı ilə gəzməyən xəstələr üçün vicdansız apteklər: Tarif Şurasına da məhəl qoymurlar - Sputnik Azərbaycan
Dərman

Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən, hər bir dərman vasitəsinin ƏDV daxil olmaqla təsdiq edilmiş pərakəndə satış qiyməti qablaşdırmanın üzərində göstərilməlidir. Dərman vasitələri haqqında qanunvericiliyin pozulması inzibati məsuliyyət yaradır və bununla bağlı İnzibati Xətalar Məcəlləsində məsuliyyət tədbirləri nəzərdə tutulub. Belə ki, dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışına görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilirlər. Bu inzibati xətaların təkrar törədilməsinə görə isə vəzifəli şəxslər 2500 manatdan 3500 manatadək məbləğdə, hüquqi şəxslər 7000 manatdan 9000 manatadək məbləğdə cərimə edilirlər. Qiymət intizamına nəzarət İqtisadiyyat Nazirliyinin və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tərəfindən həyata keçirilir.

Qeyd edək ki, indiyədək Tarif (qiymət) Şurası tərəfindən 12 min 114 dərman vasitəsinin qiyməti təsdiq edilib. Digər dərmanların isə qiymətlərinin müəyyənləşdirilməsində apteklər sərbəstdir. Ümumiyyətlə, ölkəmizdə dərman preparatlarının qiymətində mütəmadi olaraq artım müşahidə olunur. Dünyanın bir sıra ölkələrində dərman preparatlarının qiyməti xəstələr üçün əlçatan olsa da, bizdə əks vəziyyət müşahidə olunur. Hətta bu səbəbdən dərmanı qonşu ölkələrdən - Türkiyə, Gürcüstan, Rusiyadan alıb gətirənlər də var.

© Sputnik / Zulfiyya GuluyevaDərman
Siyahı ilə gəzməyən xəstələr üçün vicdansız apteklər: Tarif Şurasına da məhəl qoymurlar - Sputnik Azərbaycan
Dərman

Yeri gəlmişkən, xatırladaq ki, bu yaxınlarda ABŞ Prezidenti Donald Tramp dərman qiymətlərinin aşağı salınması barədə sərəncam imzalayıb. O, bu barədə "Twitter" səhifəsində məlumat verib: "Dərmanların qiymətinin azaldılmasına dair sərənmcam imzaladım. Qiymətləri aşağı salmaqla vasitəçilər üçün bütün güzəştlərə də son qoydum", - Tramp yazıb. Prezident qeyd edib ki, indi amerikalılar dərman preparatlarını farmasevtika şirkətlərinin onları xaricə satdıqları qiymətə ala biləcəklər.

Xəbər lenti
0