17:23 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (391)
11510

Azərbaycanlı həkimlər və ictimaiyyət nümayəndələri şəxsi mülahizələri əsasında koronavirusla mübarizədə hansı peyvəndin daha effektli olacağını açıqlayıblar.

BAKI, 23 dekabr — Sputnik, Zarina Orucəliyeva. Tezliklə Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesi başlayacaq. Bunu ölkə başçısı İlham Əliyev bəyan edib. Onun sözlərinə görə, vaksinasiya 2021-ci ilin əvvəlində başlayacaq və bununla əlaqədar artıq müvafiq strategiya işlənib hazırlanıb. Eyni zamanda, "Sputnik V", "AstraZeneca", "Sinopharm", "Sinovac", "Moderna", "Pfizer" və "BioNTech" preparatlarının istehsalçıları ilə də danışıqlar aparılıb.

Bir qədər bundan əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Çinin "Sinovac" şirkətinin işləyib hazırladığı "CoronaVac" və Rusiyanın N.F.Qamaleya adına Milli Epidemioloji və Mikrobioloji Tədqiqatlar Mərkəzinin hazırladığı ikikomponentli vektor peyvəndi olan "Sputnik V"nin üstünlüklərindən bəhs etmişdi.

Daha sonra məlum oldu ki, Rusiya nümayəndə heyəti "Sputnik V" və "AstraZeneca" peyvənd birləşməsinin klinik sınaqlarını müzakirə etmək üçün Azərbaycana gedəcək. Azərbaycan səhiyyə nazirinin müavini Viktor Qasımov isə vurğuladı ki, hansı peyvənd klinik sınaqların üçüncü mərhələsini digərlərindən daha sürətli keçsə, Azərbaycana məhz həmin preparat gətiriləcək.

Sputnik Azərbaycan həkimlər və ictimaiyyət nümayəndələri arasında bu iki peyvənddən hansına üstünlük verəcəkləri barədə sorğu keçirib.

Azərbaycan Dövlət Tibbi Universitetinin mütəxəssisi, professor Adil Qeybulla bildirib ki, peyvəndlər antikor sayının artmasına səbəb olan paradoksal reaksiya göstərir.

"Çin vaksinləri arasında yaxşı preparatlar var. Onları birmənalı şəkildə tənqid etmək olmaz. Çinin özündə çoxlu sayda kifayət qədər güclü elmi-tədqiqat institutları mövcuddur. Əsas məsələ, Azərbaycana Çin peyvəndlərindən hansının gətiriləcəyidir", - deyə A.Qeybulla vurğulayıb.

Azərbaycan Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov isə hazırda Rusiyanın İngiltərənin əczaçılıq şirkəti olan "AstraZeneca" ilə tibbi preaparatların kombinasiyası üzrə danışıqlar aparmasını "ümidverici məlumat" adlandırıb: "Bu, ciddi addım sayılır. "AstraZeneca" da rus şirkətinin yolu ilə gedərək peyvənd istehsalında şimpanze adenovirusundan istifadə etdi. Əgər bu variant sınaqdan yaxşı çıxsa, mən həmin peyvənddən imtina etmərəm".

Yeni təsdiqlənən koronavirus vaksininin 400 min dozasını məhv etdilər>>

İsmayılov Rusiya peyvəndi ilə bağlı bəzi sualların ortaya çıxdığını da qeyd edib. Klinik tədqiqatların keyfiyyətə daha sərt nəzarətin olduğu başqa bir ölkədə deyil, Hindistanda aparılması onu bir qədər narahat edir: "Məsələ burasındadır ki, vaksinasiya çox ciddi prosesdir. Digər dərman preparatlarından fərqli olaraq, burada plasebo effektinə bel bağlamaq olmaz".

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B və C viruslu hepatitin diaqnozu və müalicəsi üzrə komissiyasının rəhbəri, professor Murad Məmmədov isə bildirib ki, o özü Azərbaycanda mövcud olacaq hər hansı bir preparatla peyvənd olunmağa hazırdır.

"Mən özüm professional virusoloqam. Nə dediyimi də yaxşı bilirəm. Məhz hansı vaksin preparatı ilə peyvənd olunmağın heç bir fərqi yoxdur. Hazırkı epidemioloji vəziyyətdə istənilən vaksin işə yarayır.

Hansı vaksinin daha yaxşı olması ilə bağlı fikrimi bilmək istəyirsiniz? Bu da məlumdur. Novosibirsk Virusologiya Mərkəzinin hazırladığı "Vektor" peyvəndi. Ancaq o, hələlik əlçatan deyil. O, dünyadaki ən yaxşı vaksindir. Amma məncə, biz daha çox Çin peyvəndindən istifadə etməli olacağıq. İndi bunun bir o qədər də fərqi yoxdur.

Mən rus peyvəndinin yaradıcılarını da yaxşı tanıyıram. Normal vaksindir. Moskvada artıq 120 min insan peyvənd olunub və heç bir terapevtik ağırlaşma qeydə alınmayıb. Daha bir yaxşı rus peyvəndi də var - M.P.Çumakov adına İmmunobioloji Preparatların Tədqiqatı və İnkişafı üzrə Federal Elmi Mərkəzinin hazırladığı preparat. Ümumiyyətlə isə istənilən vaksin işə yarayır. Onların arasında prinsipial fərq yoxdur" , - deyə mütəxəssis əminliklə bildirib.

Professorun sözlərinə görə, indiyə kimi Çin vaksini ilə təxminən 5 milyon insan peyvənd olunsa da, nəticələrlə bağlı məlumat açıqlanmayıb.

Milli Məclisin deputatı, "Yeni Azərbaycan" partiyasının siyasi şurasının üzvü Aydın Mirzəzadə isə koronavirusla bağlı məlumatları mütəmadi izlədiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın dünyada vaksin istehsal edən şirkətlərlə sıx əməkdaşlıq etdiyi dəfələrlə qeyd olunub. Dövlət həmin vaksinlərdən ən yaxşısının alınıb ölkəyə gətirilməsində maraqlıdır. Odur ki deputat ona təklif olunan istənilən peyvəndi düşünmədən qəbul etməyə hazırdır.

"Belə hesab edirəm ki, nəzərdən keçirilən peyvəndlərin hər biri istifadəyə yararlıdır. Rusiyanın ilk vaksin hazırlayan ölkələrin sırasında olması təqdirəlayiq haldır. Rusiyanın böyük elmi potensialı var və bu səbəbdən də Rusiya Federasiyasında peyvənd istehsalı gözlənilən idi. "Sputnik V" peyvəndinə dünyada böyük maraq göstəriləcəyinə şübhə etmirəm. Rus elminə və tibbinə inanıram, eyni zamanda rus peyvəndinin təsirinin yalnız müsbət olacağına da əminəm", - deyə Mirzəzadə bildirib.

COVID-19-un ağır formasından müalicə almış Əməkdar artist Bəhram Bağırzadə isə peyvənd olunmağa hazırdır, ancaq İsrail vaksini ilə! İsraildə isə məlum olduğu kimi, bu məqsədlə "Pfizer" və "BioNTech" şirkətlərinin peyvəndlərindən istifadə edilir.

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (391)
Teqlər:
Rusiya, Çin, Həkimlər, Azərbaycan, AstraZeneca, Sputnik-V peyvəndi, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular