04:31 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SƏHİYYƏ
Qısa URL
8101

"Əgər sms-icazə ilə yanaşı biz evdə kortəbii müalicənin qarşısını ala bilməsək, virusdan ölüm halları daha da artacaq"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 dekabr — Sputnik. Azərbaycanda koronavirus infeksiyasına yoluxma və ölüm halının artması səbəbindən dekabrın 14-dən etibarən ölkədə sms icazə sistemi işə düşüb. Bəs görəsən evdən çıxışa qoyulan bu məhdudiyyət virusa yoluxmanın azalması üçün yetərlidirmi? İnfeksionistlər sms icazə sistemi ilə yanaşı, bəzi tədbirlərin də görülməsini zəruri hesab edirlər. İnfeksionist İlhamə Şirinova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əgər sms icazə ilə yanaşı digər zəruri addımlar atılmasa, vətəndaşların evdən çıxmasına qoyulmuş məhdudiyyət elə də effekt verməyəcək.

İ.Şirinova deyir ki, sms-icazə bu gün koronavirusa yoluxma sayının azalması üçün görülən ən vacib tədbirlərdəndir: "Amma gəlin görək, evdən çıxan hər kəs yoxlanılırmı? Əlbəttə ki, yox! Bu gün mən işə gəldikdə məni saxlayıb yoxlayan olmadı. Bundan başqa, insanlar evdən rahat çıxmaq üçün VÖEN açdıraraq icazə alır. SMS-icazənin tətbiqi ona görədir ki, ictimai yerlərdə sıxlıq yaranmasın. Ancaq işləyən və həyatı vacib işləri olan şəxslər evdən çıxsınlar. Bizdə isə çox təəssüf ki, bunun mahiyyətini bəzən insanlar anlamırlar. Həyatlarını təhlükəyə ataraq ehtiyac oldu-olmadı evdən çıxırlar. Bu isə yoluxma sayının azalması üçün görülən tədbirlərin effektini azaldır. Ona görə də düşünürəm ki, sms-icazə dövründə nəzarət gücləndirilməlidir. Polis əməkdaşları ictimai yerlərdə insanları saxlayaraq evdən çıxmalarına icazənin olub-olmadığını yoxlamalıdırlar".

İnfeksionist deyir ki, digər zəruri tədbirlərdən biri düzgün müalicənin aparılmasıdır: "Bu gün virusun yayılma sayının artması ilə yanaşı, ölüm hallarında da artım müşahidə olunur. Virusa yoluxan çoxdursa, təbii ki, ölüm halları da artacaq. Amma ölüm hallarını artıran daha bir amil koronavirusa görə səhv müalicənin aparılmasıdır. Bizə müraciət edən xəstələrin çoxu bir kurs müalicə aldıqdan sonra xəstəxanaya müraciət edənlərdir. Onlarla söhbət zamanı məlum olur ki, artıq antibiotik qəbul ediblər. Bu koronavirusun müalicəsində yolverilməzdir. Antibiotik qəbulu immun sistemini zəiflətdikdən, orqanizmin virusla mübarizəsi çətin olur. Eyni zamanda xəstəlik ağırlaşır. Bütün bunlar ölüm hallarının artmasına səbəb olur. Əgər sms-icazə ilə yanaşı biz evdə kortəbii müalicənin qarşısını ala bilməsək, virusdan ölüm halları daha da artacaq".

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sms-icazə sisteminin işə düşməsi o zaman effekt verəcək ki, evdən çıxan hər kəs yoxlansın: "SMS-icazə sisteminə nəzarət daha da gücləndirilməlidir. Çünki, koronavirusa yoluxma sayında artıma əsas səbəb insanların sıx toplaşması, sosial məsafə tələbinə əməl etməməsidir. Ona görə də sms-icazənin qüvvəyə minməsi vacib idi. Amma buna nəzarət güclü olmalıdır ki, qərar effekt versin".

Ə.Rüstəm deyir ki, digər görülməsi zəruri olan tədbir qadağa qoyulmuş sahələrdə xidmətə nəzarətin gücləndirilməsidir: "Nazirlər Kabineti yanında Operativ Qərərgahın son qərarından sonra bir sıra sahələrdə xidmət dayandırılıb. Amma təəssüf ki, bəzən həmin sahələrdə fəaliyyət gizli şəkildə davam edir. Məsələn, gözəllik salonlarının, bərbərxanaların fəaliyyəti dayandırılıb. Amma bu sahədə evdə xidmət davam edir. Repetiror fəaliyyəti dayandırılsa da, müəllimlər evdə hazırlıq keçir. Belə davam etsə əlbəttə ki, sms-icazə effekt verməyəcək. Ona görə də qeyd etdiyim kimi nəzarət güclü olmalıdır".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sərtləşmiş karantin rejimində polis gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Onun sözlərinə görə, həm piyada naryadlarında, həmçinin də avtomobillə patrul xidmətində polis gücləndirilmiş şəraitdə işləyir. E.Hacıyev əlavə edib ki, müvafiq icazəsi olan şəxslərin hərəkətinə heç bir məhdudiyyət tətbiq edilmir. O, fəaliyyəti dayandırılan sahələrdə də nəzarət məqsədilə bütün profilaktik tədbirlərin gücləndirildiyini söyləyib. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi ölkədə tətbiq edilən sərtləşdirilmiş karantin rejimində icazələrin yoxlanılmasına mülki polisləri də cəlb edib. Artıq vətəndaşlara küçədə və digər ictimai yerlərdə xidməti formada olmayan şəxslər yaxınlaşaraq onlardan icazələrinin olub-olmadığını soruşur və DİN tərəfindən onlara verilən cihazda icazəni yoxlaya bilirlər. Həmin şəxslər mülki formada olan polis əməkdaşlarıdır: " İnzibati xətanı aşkar edən mülki geyimli polis əməkdaşı xidməti vəsiqəsini təqdim etməklə, inzibati xəta törədən şəxsi müvafiq polis orqanına təhvil verir. Əsasən tibbi maskalardan istifadə etməyən, sosial məsafəni gözləməyən, aktiv koronavirus xəstələrinin profilaktikasında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena karantin rejimlərinin pozulmasına zəmin yaradan şəxslər aşkarlanaraq, barələrində qanunvericiliyə uyğun tədbir görülür".

Qeyd edək ki, dünən Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1505 yeni yoluxma faktı qeydə alınıb, 3028 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 203593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 142807 nəfər müalicə olunaraq sağalıb, 2253 nəfər vəfat edib, aktiv xəstə sayı 58533 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 383, ötən müddət ərzində isə ümumilikdə 2 073 137 test aparılıb.

Teqlər:
ölüm, yoluxma, Koronavirus, COVID-19, sms icazə

Əsas mövzular