13:56 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (390)
43 0 0

İstehlakçılar dərman vasitələri alan zaman qiymətlərin müəyyən edilmiş qiymətlərlə uyğunluğuna xüsusi diqqət yetirməlidirlər.

BAKI, 14 dekabr — Sputnik. Koronavirus pandemiyası ilə əlaqədar dünyada olduğu kimi, ölkəmizdə də bir sıra dərman vasitələrinə tələbat artıb. Bu səbəbdən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı və əsassız dövriyyədən çıxarılmaqla dərman qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər gücləndirilib.

Xidmətdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, mövcud qanunvericiliyə əsasən, dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi Tarif (qiymət) Şurası tərəfindən həyata keçirilir. İndiyədək Tarif (qiymət) Şurası tərəfindən 12114 dərman vasitəsinin qiyməti təsdiq edilib. Dərman vasitələrinin qiyməti onların ticarət adı, təsiredici maddəsi və dozası, farmasevtik forması, ticarət qablaşdırması, miqdarı, istehsalçı ölkələr üzrə müəyyən edilir. Dərman vasitələrinin üzərində onların təsdiq edilmiş qiymətləri qeyd olunmalıdır. Dərman vasitələrinin topdan və pərakəndə satışını həyata keçirən bütün təsərrüfat subyektləri bu tələblərə əməl etməlidir.

Dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı qadağandır və bu hallara görə məsuliyyət tədbirləri nəzərdə tutulur. İstehlakçılar dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətləri barədə məlumatları Tarif (qiymət) Şurasının, İqtisadiyyat Nazirliyinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsindən əldə edə bilərlər.

İstehlakçılar dərman vasitələri alan zaman qiymətlərin müəyyən edilmiş qiymətlərlə uyğunluğuna xüsusi diqqət yetirməlidirlər. Qiymətlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda Xidmətin qaynar xəttinə (498-15-01, 498-15-04) müraciət edə bilərlər. Aparılan monitorinqlər zamanı qanun pozuntusu halları aşkar edildiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək.

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (390)
Teqlər:
qiymət, aptek, dərman, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular