15:26 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (390)
10 0 0

"Təcili yardıma yalnız davam edən yüksək qızdırma, xəstənin vəziyyəti qəfil pisləşən zaman, boğulma halları və s. zamanı müraciət edilməlidir" - Baş infeksionist

BAKI, 8 dekabr — Sputnik. Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronaviruslu xəstələrin və COVID-19-a şübhəli insanların hansı hallarda poliklinikaya, hansı hallarda isə təcili tibbi yardıma müraciət etməli olduqları məsələsinə aydınlıq gətirib. Sputnik Azərbaycan-ın Səhiyyə Nazirliyinə istinadən xəbərinə görə, o, evdə özünütəcrid, digər qoruyucu tədbirlər, xəstəlik haqqında müxtəlif sualların məhz poliklinika həkimi və tibb işçiləri ilə müzakirə oluna biləcəyini deyib və bildirib ki, bu məqsədlər üçün təcili yardıma zəng etmək yolverilməzdir. Çünki belə olan halda həmin xidmət və onun əlaqə vasitələri izafi yüklənir:

"Təcili yardıma yalnız davam edən yüksək qızdırma, xəstənin vəziyyəti qəfil pisləşən zaman, boğulma halları və s. zamanı müraciət edilməlidir. Bəzi hallarda evdə müalicə alan koronavirus xəstələrində vəziyyətin pisləşməsi zamanı poliklinika tərəfindən də təcili yardım çağırıla bilər. Nəzərə almaq lazımdır ki, təcili yardımın hər bir əsassız çağırışı hansısa bir ağır xəstəyə göstəriləcək zəruri tibbi yardımın gecikməsinə səbəb olur".

O bildirib ki, virusa yoluxmuş və xəstələnmiş insanların böyük əksəriyyəti xəstəliyi yüngül keçirir:

"Bu bir çoxlarında belə təəssürat yaradır ki, hər şey müvəqqəti və fəsadsız keçib gedəndir. Onlar həkimə müraciət etmədən və ya müxtəlif qeyri-peşəkar və ya ümumiyyətlə tibb təhsili olmayan və xəstəliyi yüngül keçirərək qurtulmuş şəxslərdən müxtəlif məsləhətlər, o cümlədən müalicəvi tövsiyələr alaraq bunları icra edirlər. Təbii ki, bu tövsiyələr xəstənin vəziyyətinə adekvat olmadığından bir çox hallarda ziyanlı olur. Xüsusən də evdə antibiotiklərdən, hormonal preparatlardan, yüksək dozalı müxtəlif vitamin preparatlarından, infuzion mayelərdən tibbi göstərişlər olmadan və nəzarətsiz istifadə olunması fəsadlara yol açaraq faciəvi sonluqla bitə bilər".

"Ona görə də ən düzgün yol özündə hərarətin yüksəlməsi, əzginlik, zəiflik, əzələ ağrıları, quru öskürək, boğaz ağrısı və s. kimi əlamətlər hiss edən şəxs mütləq qaydada yaşadığı ərazi üzrə sahə həkiminə ilk olaraq telefonla müraciət etməli, yalnız həmin həkimlərdən aldığı lazımi və düzgün olan tövsiyələri icra etməlidir", - deyə baş infeksionist əlavə edib.

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (390)
Teqlər:
təcili yardım, poliklinika, xəstə, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular