00:10 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
533 0 0

"Maska ağızda tərləyir. Əgər parçada kimyəvi boyadan istifadə edilibsə, bu əlbəttə ki, uşağın tənəffüs yolları üçün ziyandır. Parçanın üzərində əks olunan şəkillərin hansı boyadan çəkildiyinə diqqət etmək lazımdır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Koronavirusdan qorunmaq üçün artıq uşaqlar da maska taxır. Ən çox diqqət çəkən məqam isə uşaqların tibbi maska deyil, üzərində müxtəlif cizgi filmlərinin qəhrəmanlarının əksi olan naxışlı, şəkilli parça maskalardan istifadə etməsidir. Bir sıra tibb mütəxəssisləri bu maskaların koronavirusa qarşı qoruyucu təsirə malik olmadığını, əksinə zərərlərinin olduğunu bəyan edir. Həkimlərin fikrincə, kiçik yaşlı uşaqlara taxılan, üzərində müxtəlif rəsmlər çap olunmuş maskalar təhlükə yaradır.

Türkiyənin qulaq, burun və boğaz xəstəlikləri uzmanı, dosent Muhammed Fatih Evcimik bununla bağlı valideynlərə xəbərdarlıq edib. Yerli mediaya açıqlama verən mütəxəssisin sözlərinə görə, boyanmış, üzərinə naxışlar, fotolar çap edilən, yapışdırılan maskalar müəyyən standartlara uyğun olmadığı halda sağlamlıq üçün ciddi problemlər yarada bilər. O, tövsiyyəsində bildirir ki, bu cür maskalardan mümkün qədər istifadə etməməlidirlər: "Bu maskalar yuyula bildiyi üçün virusdan qorumaq əvəzinə bir çox xəstəliklərə yol açır. Beləliklə, ailələr uşaqları virusdan qorumağa çalışarkən daha böyük xəstəliklərə səbəb ola bilərlər. Maskalar tənəffüslə birbaşa təmasda olduğuna görə diqqətli olmaq lazımdır. Son zamanlarda xüsusilə kiçik yaşlı uşaqlarda rəngli, parça maskaları görürük. Cizgi filmi personajları uşaqların daha çox diqqətini cəlb etdiyi üçün bu maskalara üstünlük verirlər. Ancaq təəssüf ki, bu boyalı maskalar allergik uşaqlar üçün xüsusilə problemlidir, çünki birbaşa onunla nəfəs alırlar. Bu maskalar uşaqlarda nəfəs darlığına səbəb ola bilər. Xüsusilə allergiyası olan uşaqlarda burun qaşınır, asqırma olursa, bu kimi problemlər maska istifadəsi zamanı ortaya çıxırsa, maskalardakı kimyəvi maddələrin allergiyanı alovlandırdığını düşünmək olar. Digər bir problem, istifadə olunan boya standartlara uyğun olmadığı təqdirdə maska üzərindəki boya hissəcikləri tənəffüs yollarından keçib digər problemlərə səbəb olur. İstifadə edilən material və boyanın tərkibi kimyəvi deyilsə, problem olmur. Ancaq ümumiyyətlə, ailələr onlardan dəfələrlə istifadə edirlər. Bu da həmin boya hissəciklərinin tənəffüs yollarına daxil olmasına səbəb olur. Boyanın kanserogen təsiri varsa, daha ciddi problemlərə səbəb ola bilər. Ailələr bu maskalardan mümkün qədər istifadə etməməlidirlər. Bu cür parça maskalarından mümkün qədər çəkinərək tibbi, cərrahi maskalardan istifadə etmək lazımdir".

Həkim, evdən bayıra çıxanda və ya qapalı yerlərdə mümkün qədər tibbi, cərrahi maskalar taxmağı, onları da 3 saatdan artıq olmadan istifadə etməyi tövsiyə edib.

Sputnik Azərbaycan son günlər ictimai nəqliyyatda tez-tez rastlaşdığımız, uşaqların istifadə etdiyi rəsmli, rəngli parça maskaların oların orqanizmi üçün təhlükəsini araşdırıb.

Həkim-dermatoloqu Sevinc Kərimova da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaqların əksəriyyəti virus daşıyıcıdır. Bu baxımdan uşaqların maska istifadə etmələri yaxşı haldır: "Amma nəzərə almaq lazımdır ki, uşaqların istifadə etdiyi şəkilli, boyalı tibbi maskalar sintetik parçadan hazırlanır. Bu zaman həmin maskada dermatitlər ola bilər: " Haqqında danışdığımız maskalar bəzən kontakt dermatitə səbəb olar . Mənə yay boyu dermatitlə bağlı bir uşaq müraciət edib. Bununla belə həmin parçalar məsamələri çox sıx olduğu üçün qoruma baxımından məqsədəuyğundur. Belə parçaların məsaməsi daha sıx olduğu üçün ətrafdan virus keçirmir".

S. Kərimova deyir ki, bu cür maskaların uşaqların tənəffüsünə zərəri yoxdur: "Bu maskalar sintetik liflər olduğu üçün daha çox tərlədir. Atopik dermatiti olan uşaqlarda ola bilər ki, dermatit inkişaf etsin. Amma bu yüksək faiz deyil. Əksinə, tibbi maskaların ölçüsü böyük olduğu üçün uşağın tənəffüs orqanlarına hava kütləsi keçə bilər. Amma parça maskalar ağız burun nayihəsini tam örtür. Mən belə düşünürəm ki, bu maskaların uşaqların sağlamlığına elə bir təhlükəsi yoxdur".

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaqların rəngli, üzəri boyalı, şəkilli parça maskalardan istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır: "Ən yaxşısı üç qatlı tibbi maskalardır. İndi bəzən uşaqlara üzərində hansısa cizgi filminin qəhrəmanı olan maska taxırlar. Bu onları maskadan istifadəyə həvəsləndirmək üçündür. Amma bu zaman maskanın hazırlandığı parçanın keyfiyyətinə də diqqət yetirmək lazımdır. Maska ağızda tərləyir. Əgər parçada kimyəvi boyadan istifadə edilibsə, bu əlbəttə ki, uşağın tənəffüs yolları üçün ziyandır. Parçanın üzərində əks olunan şəkillərin hansı boyadan çəkildiyinə diqqət etmək lazımdır. Maska məsələsində hər kəs dəbi yox, sağlamlığı düşünməlidir. Bəzən böyüklər də geyindikləri paltarın rəngində maska taxır. Bu zaman parçanın keyfiyyəti, parçanın rənglənməsində istifadə edilən boyanın tərkibinə diqqət yetirmək lazımdır. Mən məsləhət görərdim ki, həm böyüklər, həmçinin də kiçiklər üç qatı olan tibbi maskaya üstünlük versinlər. Bu maskalar sağlamlıq üçün daha təhlükəsizdir".

Əsas mövzular