11:22 01 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
127020

Bəhruz Xalıqov: Reanimasiyada olan COVID-19 xəstələri arasında təxminən hər 10 xəstədən 2-3-də orqan çatışmazlığı ilə əlaqədar dializə ehtiyac duyanlar olur.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 sentyabr — Sputnik. COVID-19-dan müalicə alanlar arasında uroloji xəstəliklərdən əziyyət çəkənlər də var. Onlar digər xəstələrlə müqayisədə bu xəstəliyi daha ağır keçirirlər.

Sputnik Azərbaycan Mərkəzi Gömrük Hospitalının uzman uroloqu Bəhruz Xalıqovla bu mövzuda bəzi suallara aydınlıq gətirib:

- MGH-də müalisə alan COVID-19 xəstələri arasında dializ olunanların sayı nə qədərdir?

- Bildiyiniz kimi, biz COVID-19-la mübarizəyə ilk qoşulan xəstəxanalardan biriyik. Hazırda Azərbaycanda COVID-19-la əlaqədar stasionar şəraitdə yatan xəstələrin yanaşı xəstəlikləri ilə bağlı statistika aparılmayıb. Bu səbəbdən də biz rəqəm açıqlamaqda çətinlik çəkirik. İndi biz xəstəliklə mübarizə mərhələsində olduğumuzdan, statistika ilə bağlı işləri arxa planda saxlamışıq. Pandemik vəziyyət sabitləşdikdən sonra bu rəqəmləri işləyəcəyik. Lakin onu qeyd edim ki, hazırda stasionarda dializ olunan xəstəmiz yoxdur. Lakin reanimasiyada olan COVID-19 xəstələri arasında təxminən hər 10 xəstədən 2-3-də, orqan çatışmazlığı ilə əlaqədar dializə ehtiyacı olanlar olur. Dünyada koronavirusun böyrəyin funksiyasına mənfi təsirini sübut edən elmi araşdırmalar mövcuddur. Müxtəlif xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər var ki, onlar COVID-19-a yoluxduqları, orqan çatışmazlığı yarandığı zaman sidik ifrazı azalır və digər problemlər baş qaldırır. Biz məcburuq ki, bu durumlarda xəstələri dializə bağlayaq.

- Belə xəstələr təqribən hansı yaş aralığındadır? Onların içində gənc və azyaşlı varmı?

- Bizim təcrübəmizdə belə xəstələr arasında azyaşlı olmayıb. Ən gənc xəstəmiz 18 yaşında idi. Digərləri orta və yaşlı nəslin nümayəndələri olub.

- COVID-19-dan ölüm hallarında uroloji xəstəliklərin payını necə qiymətləndirirsiz?

- Yanaşı, xroniki xəstəlikləri olan şəxslər COVID-19 pnevmaniyasını daha ağır şəkildə keçirirlər. Məsələn, belə xəstələrə şəkər, zob, onkoloji xəstəliklərdən əziyyət çəkənləri də aid etmək olar. Uro-onkoloji, yəni uroloji yollarda onkoloji xəstəlikləri olan və bu səbəbdən də kimyaterapiya alan xəstələrdə immunitet aşağı düşür. İmmunitet aşağı olduğundan belə xəstələr COVID-19-u ağır keçirirlər. Sidik kisəsində daş, zəif böyrək xəstəlikləri olan xəstələrdə də infeksiyaya bağlı olaraq, immunitet aşağı düşür və bu səbəbdən onlar da xəstəliyi ağır keçirirlər. Avropa Uroloji Dərnəyi bu sahədə diqqətli olmağı tövsiyə edir. Qurum bildirir ki, COVID-19-a yoluxan insanların sidik yollarının infeksiyası alovlana bilər. Bundan başqa, COVID-19-dan müalicə alan uro-onkoloji xəstələrdə kimyaterapiyanın ertələnməsi tövsiyə olunur. Dərnəyin məsləhəti oldu ki, təcili durumlarda, qanaxmalarda, şiddətli infeksiyalarda, kəskin böyrək çatışmazlığında, ağırlaşmış onkoloji xəstəliklər zamanı ilkin yardımlar göstərilsin. Biz də fəaliyyətimizdə bu protokollara əməl edirik.

- Ölənlər arasında uroloji, uro-onkoloji xəstəliklərdən əziyyət çəkənlər nə qədərdir?

- Dünyasını dəyişən xəstələr arasında xroniki xəstəlikləri olanlar üstünlük təşkil edir. Çünki belə xəstələrdə immunitet aşağı olur və onlar xəstəliyə daha tez təslim olurlar. Lakin statistika aparmadığımızdan, bu istiqamətdə dəqiq bir rəqəm deyə bilməyəcəm.

- Oxucularımıza nə tövsiyə edərdiz?

- İnsanları maksimum dərəcədə məsuliyyətli olmağa, sosial məsafəni gözləməyə, maska taxmağa, gigiyenik qaydalara əməl etməyə səsləyirik. Bunlara əməl etsək, virus bizə yaxın gəlməz.

Teqlər:
Uroloq, xəstəxana, COVID-19, həkim

Əsas mövzular