05:15 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
25210

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyir ki, koronavirus pandemiyası ilə əlaqədar təcili yardım avtomobillərinə tələbat artıb

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 iyun — Sputnik. Məlum olduğu kimi, 14-15 iyul tarixlərində doqquz şəhər və rayonda yenidən sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.

Ötən həftə tətbiq edilən karantin günləri zamanı ortaya bəzi problemlər çıxmışdı. Yaşanan problemlərdən biri də təcili tibbi yardımla bağlı idi. Vətəndaşlar təcili tibbi yardım maşınlarının çağırışlara gəlməməsindən şikayətlənirdilər. Əlaqədar qurumlar isə bunu ölkəmizdə koronavirusun yayılması ilə bağlı təcili yardım maşınlarının çatışmaması ilə əlaqələndirdilər.

Sputnik Azərbaycan bu həftə təcili tibbi yardım xidmətinin necə işləyəcəyini, çağırışlara gecikməmək üçün hansı işlərin görüldüyünü araşdırıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən həftə iki günlük karantində təcili tibbi yardıma çağırışlar kəskin şəkildə artıb. Bu isə onsuz da çatışmaya təcili tibbi yardımın işini bi az da ağırlaşdırıb: "Həftəsonu qadağaların olduğu müddətdə təcili tibbi yardıma çağırışların və hospitalizasiyaların sayı artmışdı. Həmin günlərdə sutka ərzində paytaxtda 2 500-ə qədər çağırış icra edilib. Arterial təzyiq, nevrotik vəziyyət, nefroloji xəstələrin daşınması və somatik müraciətlər üstünlük təşkil edib. Dializ xəstələri və sair xəstələrin təcili yardıma müraciəti ilə yanaşı, ciddi zərurət olmadan çağırışlar və sui-istifadə halları da oldu. Halbuki, qapanma ilə bağlı insanları əvvəlcədən məlumatlandırmışdıq ki, apteklər fəaliyyət göstərməyəcək. Buna görə, müəyyən dərmanlar alınıb evdə saxlanmalı idi. Lakin buna baxmayaraq, çağırışların sayı həddindən artıq artdı. Bu da təbii ki, təcili yardımda ləngimələrə səbəb oldu. Adi ağrıkəsicinin vurulması üçün belə, təcili yardım çağırılıb. Başı ağrıyan, dişi ağrıyan da təcili yardıma müraciət etmişdi. Bütün bunlara görə də, təcili yardımın fəaliyyətində çağırışlara gecikmələr baş verdi. Ümid edirik ki, növbəti mərhələdə vətəndaşlar daha yaxşı hazırlaşmış olacaq və süni tıxac yaratmayacaqlar. İnsanlar həmin günlərdə necə davranmaq lazım olması ilə bağlı maarifləndiriliblər. Dializ xəstələrinin daşınması ilə bağlı qaydalar açıqlanıb. Vətəndaşlardan xahiş edirik ki, daha ciddi xəstəlikləri olanlar təcili yardıma müraciət etsinlər. Nəzərə alsınlar ki, koronavirus pandemiyası ilə əlaqədar təcili yardım avtomobillərinə tələbat artıb".

Qeyd edək ki, bu günlərdə Bakıya xeyli sayda təcili tibbi yardım maşınları gətirilib. Həmin ambulans maşınlarının Bakı istiqamətinə yük maşınları vasitəsilə daşınıb. Rəvanə Əliyeva deyir ki, təcili tibbi yardım maşınları sırf koronaviruslu xəstələrin daşınması üçün nəzərdə tutulmayıb: "Bu, icbari tibbi sığortanın tətbiqi ilə bağlı təchizatla əlaqədardır. Əvvəldən də açıqlanmışdı ki, təchizatda yeniliklər olacaq və bu, planlı işdir. Ambulansların gətirilməsinə başlanılıb və davam da edəcək".

Xatırladaq ki, yeni növ koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması, eləcə də, onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.

Əsas mövzular