19:10 02 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
111110

Nəsib Quliyev: "Məktəblərdə tibb bacıları mütləq şəkildə vizual nəzarət aparmalıdırlar, əks halda digər şagirdlərin yoluxması mümkündür"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 fevral — Sputnik. Dünyanın bir sıra ölkələrində yayılan koronavirusla bağlı profilaktik tədbirlər bütün sahələrdə aparılır. Şagirdlərin kompakt cəmləşdiyi təhsil müəssisələri də bu tədbirlərdən kənarda qalmayıb.

Bu gün Təhsil Nazirliyi respublikanın rayon və şəhər təhsil şöbələrinə koronavirusla bağlı müvafiq tapşırıqlar verib. Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirliyin tapşırığında deyilir ki, son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə həssas yanaşma tələb edir. Bu baxımdan, Nazirliyin tabeçiliyindəki ümumi təhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranıb.

"Qeyd olunan vəziyyət nəzərə alınaraq ümumi təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi tapşırılıb. Həmçinin, ümumi təhsil müəssisələrində şagirdlər arasında respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına dair baxışın keçirilməsi, belə əlamətlər müşahidə olunduqda, bu şagirdlərin ambulator müalicəyə yönləndirilməsi, tibb otaqlarının zəruri tibbi ləvazimatlarla təchiz olunmasına nəzarətin artırılması, dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması da tapşırıqlar sırasındadır. Ümumi təhsil müəssisələrində aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması, təşkil olunan kütləvi tədbirlərin məhdudlaşdırılması da bu siyahıya daxildir", - deyə Nazirlikdən agentliyimizə bildirilib.

Bəs görəsən bu tapşırıqlar ümumtəhsil müəssisələrində koronovirusun qarşısını almaq üçün yetərlidirmi?

Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev məktəblilərin koronavirusa yoluxmasının qarşısını almaq üçün imzalanan bu qərarın vacib olduğunu deyib. Amma baş pediatr bildirir ki, bunlarla yanaşı, ehtiyatı da əldən vermək olmaz:

"Məktəblərdə sanitar-gigiyenik vəziyyətə həmişə əməl olunmalıdır. Çünki məktəblər uşaqların ən çox kompakt cəmləşdiyi müəssisədir. Şagirdlər günün bir hissəsini təhsil müəssisəsində keçirir, öz yoldaşları ilə ünsiyyətdə olurlar. Bu baxımdan, əllərin daim təmiz saxlanılması vacib şərtdir. Əl daha tez çirklənir və virus əl vasitəsilə keçir".

N. Quliyev məktəblərdə ən başlıca profilaktik tədbirin xəstə uşaqların məktəbə buraxılmaması olduğunu söyləyir:

"Məktəblərdə tibb bacıları mütləq şəkildə vizual nəzarət aparmalıdırlar. Hərarəti olan, halsız, öskürüb-asqıran uşaqlar məktəbə buraxılmamalıdır. Əks halda digər şagirdlərin yoluxması mümkündür. Viruslar əsasən hava-damcı və təmas yolu ilə keçir. Amma bununla belə virusdan tam qorunmaq mümkün deyil. Koronavirusla bağlı Çinin təcrübəsi göstərdi ki, körpə uşaqlar bu virusu yüngül keçirir. Bununla belə, tam əmin olmaq olmaz. Koronavirus Azərbaycanda qeydə alınmasa da, məktəblilərin səhhəti daim evdə valideyn, məktəbdə tibb bacıları tərəfindən nəzarətdə saxlanılmalıdır".

Əsas mövzular