Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 22 fevral — Sputnik. Artıq bir neçə gündür ki, Azərbaycanda tibbi maskaların qiymətinin qalxdığı müşahidə olunur. Sputnik Azərbaycan-ın xəbərinə görə, paytaxt apteklərində maskaların qiyməti 10 qəpikdən 20 qəpiyədək qalxıb.
Xatırladaq ki, bir neçə gün öncə Baş Nazir Əli Əsədov bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən çıxarılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında qərar imzalayıb. Qərarda qeyd edilir ki, əsasən yeni koronavirus (Covid-2019) xəstəliyinin dünyada geniş yayılması ilə əlaqədar olaraq ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılması halları aşkar edilib.
İqtisadçılar isə yerli bazarda bu məhsulla bağlı qıtlıq yaranacağı təqdirdə qiymətlərin qalxacağını proqnozlaşdırmışdı.
Bir gündə yüzdən çox ölü – Dəhşətli virusun qurbanlarının sayı artır
Apteklərdən birində iddia edilib ki, onlar maskaları topdansatış qiymətindən də aşağı satırlar: "Bizə maskalar az gətirilir. Gətiriləndə də 21 (!) qəpikdən bizə satırlar. Lakin biz maskaları 20 qəpiyə satırıq".
Əlaqə saxladığımız digər apteklərdən isə onlara ümumiyyətlə, bir neçə gündür maska gətirilmədiyini söyləyirlər: "Artıq 3 gündür ki, bizə maska gətirilmir. Sonuncu dəfə gətirilənləri də 20 qəpiyə satmışdıq".
Qeyd edək ki, bəzi apteklərdə artıq maskaların satışı limitli həyata keçirilir. Bu haqda isə bizə digər aptekdən məlumat verilib: "Adambaşına 5 dənədən artıq maska satılmır. Bizə belə tapşırılıb".