CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Göz düzəltdiyi yerdə üz qaraltmaq - Bakıda əməliyyat səs-küyə səbəb oldu

© Sputnik / İgor Onuchin / Mediabanka keçidGöz həkimi
Göz həkimi - Sputnik Azərbaycan
Abunə olmaq
"Həmin xəstə üç ay öncə insult keçirib. Bu səbəbdən narkoz verilməyib və lokal keyitmə ilə əməliyyat həyata keçirilib. Həkimlə danışanda o dedi ki, əməliyyat zamanı xəstə başını sabit saxlamayıb"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. Ötən gün Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində 1945-ci il təvəülldlü Yuliya Kamolovanın döyüldüyünü iddia edən xəbər yayılıb. Bu barədə xəstənin övladları məlumat yayıblar. Y.Kamolovanın oğlu anasının əməliyyat masasında üzündən vurulmasını iddia edib. Onun sözlərinə görə, kataraktadan əziyyət çəkən anasını əməliyyat zamanı həkim Emil Hüseynov yumruqla vurub və qadının üzündə şiş və göyərmələr əmələ gəlib.

Məsələ ilə bağlı adıçəkilən xəstəxana ilə əlaqə saxladıq. Mərkəzin Elmi-məlumat, tədris və təşkilat-metodik bölməsinin rəhbəri Yazgül Abdıyeva Sputnik Azərbaycan-a xəstənin vurulması ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini bildirib: "Həkimimiz Emil Hüseynov belə hərəkət etməyib. E.Hüseynov bizim ən yaxşı həkimlərimizdən biridir. Mən onu çox yaxşı tanıyıram. Ola bilməz ki, həkim xəstəni vursun".

Y.Abdıyevanın sözlərinə görə, xəstə əməliyyatdan çıxanda üzündə heç bir əlavə izlər, şişkinlik olmayıb:

"Həmin xəstə üç ay öncə insult keçirib. Bu səbəbdən narkoz verilməyib və lokal keyitmə ilə əməliyyat icra olunub. Həkimlə danışanda o dedi ki, əməliyyat zamanı xəstə başını sabit saxlamayıb. O da məcbur olub əməliyyat zamanı fiksasiya eləməyə çalışıb, əli ilə xəstənin çənəsini tutub saxlamağa çalışıb ki, tərpənməsin. Ola bilər ki, xəstənin üzündəki qızartı da bununla əlaqədardır. Əməliyyata gəldikdə isə proses çox uğurlu keçib. Xəstə yaxşıdır, görməsi də yaxşıdır".

Y.Abdıyeva həkimin xəstəni söyməsi iddiaları ilə bağlı yayılan məlumatların da yalan olduğunu bildirib. O, xəstənin evə yazıldıqdan sonra nə üçün belə bir məlumatın verildiyini anlamadığını deyib.

Qeyd edək ki, bu hadisə ilə bağlı olaraq Səhiyyə Nazirliyinin rəsmi "Facebook" səhifəsində də mərkəzin adından məlumat paylaşılıb. Orada qeyd olunub ki, xəstə əməliyyatdan çıxanda hər kəsdən razılıq edərək gedib: "Görünür, sonradan xəstəni kimsə öyrədib. Həkim necə xəstəni vura bilər? Hələ söyüş söymək, ümumiyyətlə, inandırıcı deyil. Qeyd edək ki, bu həkim 2005-ci ildən bu günə qədər üç minə yaxın əməliyyat icra edib. Mərkəzin ən yaxşı həkimlərindən biridir".

Xəbər lenti
0