CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda təhlükəli şprislər satılır

© AFP 2023 / JOHN THYSШприцы в руках, фото из архива
Шприцы в руках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa, habelə digər qitələrdə qabaqcıl ölkələr artıq 2 hissəli şprislərə keçib. Hissə nə qədər az olarsa, şprisi steril etmək daha asan olur

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 1 noyabr — Sputnik. Azərbaycanda standartlara uyğun olmayan, Çin istehsalı saxta şprislər satılır. Bu barədə Sputnik Azərbaycan-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, vətəndaşlardan bu barədə Birliyə çoxlu sayda şikayətlər daxil olub: "İnsanlar bizə zəng edərək, apteklərdə Çin istehsalı olan saxta şprislərin olduğunu bildiriblər. Sözügedən şprislər insan sağlamlığı üçün çox təhlükəlidir və vətəndaşlar buna görə çox narahatdırlar".

E.Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında satışdakı standartlara uyğun olmayan və təhlükəli şprislər barədə məlumat verərək bildirib ki, belə şprislər üç hissəli olur: "Bu şprislər silindr, porşen və onun sonluğunda yerləşən və ayrıla bilən qara rəngli rezindən ibarətdir. Standartlara uyğun və təhlükəsiz şprislərin isə porşeninin sonluğu qopmur və ayrılmır. Normal şprislər iki hissədən ibarət olur - porşen və silindrdən. İstifadə edildikdən sonra isə təhlükəlilərdən fərqli olaraq azca əyməklə sındırılıb tullanılır. Təkrar istifadəsi mümkünsüz olur".

Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Virusun susdurduğu insanlar - cəmiyyət onlara salam verməyə qorxur

Birlik sədri deyir ki, Azərbaycan Standartlaşdırma İnstitutu da saxta şprislərlə bağlı araşdırma aparıb: "İnstitut ölkədə standartların tələblərinə cavab verməyən, Türkiyə, Çin və digər ölkələrdən idxal olunan, insan sağlamlığı üçün təhlükə törədən şprislərin mövcudluğunu təsdiqləyib. Hətta institut rəhbərliyi bu şprislərlə bağlı Rusiyada ekspertiza aparılması üçün müraciət də edib. Həmin ekspertiza sənədlərində də Azərbaycan bazarında satılan şprislərin standartlara uyğun olmadığı təsdiqlənib. Şprislərin saxta olduğunu təsdiqləyən ekspertiza sənədləri rus dilindədir və 30 səhifədən ibarətdir. Biz bu sənədləri İnstitutdan əldə etmişik. Kim istəsə, biz həmin sənədləri təqdim etməyə hazırıq".

Ekspertiza sənədlərinin təhlili göstərir ki, Azərbaycanda apteklərdə satılan Türkiyə və Çin istehsalı olan 6 növ 9 adda şprislər Rusiyada 14-dən çox parametr üzrə ekspertiza olunub.

"Nə şprislər, nə də iynələri əksər göstəricilər üzrə normativ tələblərə cavab verir. Ekspertizaların nəticəsi təhlükəli şprislərin bir çox nöqsanlarını, o cümlədən onların bölgü şkalasının düzgün olmadığını, porşenin dəyişdirilib yenidən istifadə olunduğunu, tullantı materialından hazırlandığını və s. üzə çıxarıb. Şpris üçün iynələrin də təkrar istifadə olunması, ucluğunda insan damarlarına ciddi zərər verə biləcək nöqsanların olduğu aşkar edilib", - deyə Birlik sədri bildirib.

Ekspertizaya Türkiyənin "Ayset Tibbi", "SET MEDİKAL" "Gienjest", Çinin "Changzhou Medikal", "Changzhou", "Shandonq Zibo Medikal" firmalarının istehsalı olan və Azərbaycanda apteklərdə satılan şprislər göndərilib.

E.Hüseynov hazırda da bu firmaların istehsalı olan təhlükəli şprislərin apteklərdə satıldığını bildirir.

Sputnik Azərbaycan ekspertizada standartlara uyğun istehsal olunmadığı və təhlükəli olduğu təsdiqlənən şprislərin apteklərdə satıldığını müşahidə edib. Məsələn, Nizami küçəsində yerləşən apteklərdə üç hissədən ibarət şprislər 10 qəpiyə satılır.

Azərbaycan Standartlaşdırma İnstitutundan isə Sputnik Azərbaycan-a bildirilib ki, monitorinqlər zamanı Azərbaycanda apteklərdən alınan şprislərin nə dərəcədə standartlara cavab verdiyini yoxlamaq üçün sözügedən xarici şirkətlərin məhsulları xaricdə akkreditasiya olunmuş laboratoriyalara göndərilib:

"Təəssüf ki, nəticə heç də ürəkaçan olmayıb. Məlum olub ki, şprislərin iynələrinin ölçüləri və qalınlıqları standartlara uyğun deyil. Bu da istifadə zamanı insanlara əziyyət verir. Həmçinin vurulan mayenin bir hissəsi geri qayıdır, insan bədəninə keçmir. Nəticədə xəstələr lazımi dozanı ala bilmirlər.

Eyni zamanda bu şprislərin şkalası düzgün göstərmir. Sözügedən şprislər 2 hissəli və 3 hissəli olur. Avropa, habelə digər qitələrdə qabaqcıl ölkələr artıq 2 hissəli şprislərə keçib. Hissə nə qədər az olarsa, şprisi steril etmək daha asan olur. Üç hissəli şprislərdə sterillik 30-35% risk altına düşür. Bu da hər üç belə şprisdən birinin tam steril olmadığı riskini artırır.

Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Virusun susdurduğu insanlar - cəmiyyət onlara salam verməyə qorxur
Çox təəssüf ki, bizdə isə hələ də 3 hissədən ibarət keyfiyyətsiz şprislər satılır. Şprisin hermetikliyini təmin etmək məqsədi ilə isifadə olunan həmin qara rezin hissə bir çox dərmanla reaksiyaya girərək, insanlarda allergik fəsadlar törədir və bu şprislər çox qaldıqda həmin rezinlər zaman keçdikcə quruyur. Ondan qopa biləcək mikrohissəciklər istifadə zamanı insan həyatına təhlükə törədir. Ona görə də inkişaf etmiş ölkələrdə belə şprislərin istifadəsi qadağandır".

Sputnik Azərbaycan-ın saxta və təhlükəli şprislərlə bağlı sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Əkbərova bildirib ki, Mərkəzə heç bir vətəndaşdan bu xüsusda şikayət daxil olmayıb:

"Tövsiyə edirik ki, vətəndaşların hər hansı şikayəti yarandığı təqdirdə qurumun qaynar xəttinə zəng edərək və ya AEM-in "Bir Pəncərə" xidmətinə yaxınlaşaraq, əyani olaraq şikayətlərini bildirsinlər".

Qeyd edək ki, bu ilin mayında Pirallahı Sənaye Parkında "Diamed Co" şpris istehsalı zavodu işə salınıb. Ümid edək ki, Azərbaycanın yerli məhsulu idxaldan asılılığımızı azaldaraq keyfiyyəti ilə üzümüzü ağ edəcək.

Xəbər lenti
0