08:14 18 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0621
  • RUB0.0230
SƏHİYYƏ
Qısa URL
1125 0 0

Maye, bəzən də hava-damcı yolu ilə keçən rota və entera viruslar əslində o qədər də təhlükəli deyilmiş

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. Son günlər elə sosial şəbəkələrdə bəzi şəxslərdə qarıngetmə, qusmanın müşahidə olunması ilə bağlı məlumatlar paylaşılır. Yaş fərqi olmadan əhalinin bir qismində bu kimi arzuolunmaz hallar halsızlıq və təzyiqin daha da aşağı düşməsi ilə birgə müşahidə olunur. Əksər hallarda isə belə şəxslər həkimə müraciət etmədən, "türkəçarə" adlanan üsullarla dərdlərinə dərman tapırlar.

Maraqlıdır, belə bir halın vüsət alması nədən, hansı virusun yayılmasından qaynaqlanır?

Respublikanın baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb. O bildirib ki, bu halın müşahidə edilməsinə səbəb müəyyən virusların, yəni rota virus, yaxud da entera virusların sayında artımın olması ilə əlaqədardır: "Bu virusların yayılması bəzi şəxslərdə qusma və ishalla müşahidə edilir. Lakin belə viruslar yüngül təsirə malik olduğundan əksər hallarda xəstələr həkimə müraciət etmirlər".

"Hazırda şöbəmizə bu cür müraciətlərlə əlaqədar olaraq heç bir xəstə yoxdur. Çünki bu virusların yaratdığı təsir yüngül əlamətlərlə müşahidə olunduğu üçün adətən belə xəstələr nəzarətdən kənarda qalır", - deyə o əlavə edib.

Adıçəkilən virusların insan səhhəti üçün təhlükəsinin olmadığını vurğulayan həmsöhbətimiz qeyd edir ki, belə xəstələr adətən 1-5 gün ərzində öz-özünə sağalırlar: "Nadir hallarda bu cür viruslar ağırlaşma ilə müşahidə oluna bilər. Bəzi xəstələrdə təzyiqin düşməsi isə mayenin itirilməsi, çatışmazlığı ilə əlaqədar ola bilər".

C.İsayevin sözlərinə görə, bu virus adətən maye, su yolu ilə, bəzi hallarda isə hava-damcı vasitəsi ilə keçir. Profilaktik tədbir kimi isə insanların şəxsi gigiyena qaydalarına əməl etməsi tələb olunur. Həkim bildirir ki, ciddi narahatlıq yarandığı və çox maye itkisi olduğu halda isə xəstələrin həkimə müraciət etməsi vacibdir.

 

Əsas mövzular