CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təcili yardım xidmətinin baş həkimi Səhiyyə Nazirliyinin hərəkətinə mat qalıb

© Sputnik / Nigar IskanderovaBərdə rayonu Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili
Bərdə rayonu Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Baş həkim təcili yardım briqadasınını üzvlərinin döyülməsi ilə bağlı deyib: "On iki həkimimiz var, bircə təzə gələn əməkdaşımız döyülməyib"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 14 iyun — Sputnik. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşları daim insanların həyatına qurtarmağa tələsirlər. Amma bəzən iş başında olarkən müxtəlif hücumlara məruz qalırlar. Xəstə və onların yaxınları əksər hallarda  təcili yardım briqadasının üzvlərinə qarşı aqressiv davranışlarını onların mənzil başına gec yetişməsi ilə izah edirlər.

Doğrudur, belə hücumların sayı ilə bağlı nə Səhiyyə Nazirliyindən bir statistik məlumat əldə edə bildik, nə də 103 xidmətinin əməkdaşlarından. Amma ümumi mənzərə barədə məlumat almaqda bizə bu günlərdə əməkdaşları hücuma məruz qalmış Bərdə rayonu Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin baş həkimi Adil Cəlahani yardım etdi.

Xəbər verdiyimiz kimi iki gün əvvəl Bərdə rayonu Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşları iş başında ikən hücuma məruz qalaraq müxtəlif dərəcəli xəsarətləri alıblar. Hadisədən bir gün sonra isə Milli Məclisin plenar iclasında həkimlərin və pasiyentlərin hüquqlarının qorunmasına dair yeni qanun layihəsi hazırlanıb. Qeyd olunub ki, yaxın zamanda müzakirəyə çıxarılacaq layihədə sözügedən məsələlər əksini tapacaq.

Bəs, iş başında ikən ağ xalatlılar hansı maneələrlə qarşılaşır, kimlər onları dinləyir, kimlər şikayətlərini cavabsız qoyur? Sputnik Azərbaycan-ın bu suallarını Adil Cəlahani cavablandırıb.

© Sputnik / Nigar IskanderovaBərdə rayonu Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili
Təcili yardım xidmətinin baş həkimi Səhiyyə Nazirliyinin hərəkətinə mat qalıb - Sputnik Azərbaycan
Bərdə rayonu Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili

- İş başında ikən əməkdaşlarınız nə kimi hədə-qorxularla, zorakılıqla qarşılaşır?

- Ümumiyyətlə, bu cür hadisələr tez-tez baş verir. Bu yaxınlarda da bir qəribə olay baş vermişdi. Bir dəfə həddindən artıq alkoqollu içki qəbul edərək zəhərlənən şəxs dostları tərəfindən təcili yardıma gətirilmişdi. Bizim əməkdaşlarımız tərəfindən həmin xəstənin mədəsi yuyuldu. Daha sonra həmin sərxoş şəxs xərəkdən ayağa qalxdıqda həkimin gözünün altına yumruq vuraraq sifətini, təpklə ayağını zədələdi. Həkimin vəziyyəti pis idi, onun gözünə 4 tikiş qoymuşdular. Bu hadisə ilə bağlı məhkəməyə müraciət etdikdə isə dedilər ki, "yazıq bu millətin halına ki, sizin kimi həkimlərin əlində qalıb". Daha bu sözdən sonra bizi kim eşidəcək? O səbəbdən də canımızın dərdindən bu hadisələri rəsmiləşdirmir, ora-bura şikayət üçün getməyin dərdindən əksər hallarda polisə müraciət etmirik. Çünki kimə nə deyirik, heç kim bizi eşitmir, dərdimizə hayan olan yoxdur. Gedib ona-buna pul verib bizi günahkar çıxardırlar. Əvəzində isə başımıza bu cür oyunlar gəlir, çox haqsızlığa uğrayırıq.

- Bu kimi başqa hansı hadisələri xatırlayırsınız?

- Bu yaxınlarda da Bərdə rayonunun Qarayusuflu kəndində həkimlərimizi, sürücünü girov götürmüşdülər. Ya da görürsən ki, ölənin yaxınları da gəlib bizim üstümüzə düşür. Bu yaxınlarda restoranların birində ölən şəxsi təcili yardım xidmətinə gətirmişdilər. Öncə diaqnostik mərkəzə aparılan şəxsin öldüyü haqda orada yaxınlarına məlumat verilmişdi. Təcili yardım xidmətində də eyni söz deyilsə də, bunu eşidən mərhumun yaxınları stolun üstünə çıxaraq həkimləri döydü, paltarını cıraraq əynindən çıxartdı.

- Deyirsiz ki, dərdinizə hayan olan yoxdur. Amma ötən gün baş verən hadisə çox operativ şəkildə qiymətləndirildi...

- Ötən günkü hadisə ilə bağlı artıq telekanalların birinə məlumat vermişdik. Nəticədə bu məsələ böyüdü və aləm bir-birinə qarışdı. Bu cür hadisələrin baş verməsində günahın hamısını yuxarılarda görürəm. Çünki təbliğat yoxdur. Həkimi döyürlər, telekanallar bunu bir dəfə göstərəndə prosesin necə yekunlaşdığı haqda məlumat vermirlər. Ona görə məlumat vermirlər ki, həmin döyən şəxs kimlərəsə pul verir. Ona görə də belə hadisələrlə qarşılaşırıq. Hər kəs düşünür ki, həkimi döyəcək, sonra da pulunu verəndən sonra hər şey həll olunacaq.

- Səhiyyə Nazirliyi də ötən günkü hadisə ilə bağlı operativ tərpəndi...

- Səhiyyə Nazirliyi əvvəllər bizə reaksiya vermirdi. Amma nə yaxşı ki, ötən günkü hadisə ilə bağlı maraqlanaraq müvafiq məlumatları yayımladı. Səhiyyə Nazirliyi bunu nə əcəb edib, özüm də mat qalmışam. Bilirsiniz necədir, çox danışsaq, bu, bizə ziyan olacaq. Müəyyən vəzifəli adamlar var ki, onlar bu işlə məşğul olmalıdır, amma məşğul olmurlar. O şəxslər hər şeyi bizim üstümüzə atırlar. O səbəbdən də hər şeyi çox açıqlaya bilmirik. Belə hadisələrə baş qoşası olsaq, gərək silah tələb edək ki, verin özümüzü müdafiə edək.

- Bu sual qəribə də olsa, verəcəyəm: döyülməyən həkiminiz varmı?

- 12 həkimimiz var, bircə təzə gələn əməkdaşımız döyülməyib. Qalan bütün həkimlərimiz döyülüb.

- Sizcə bu aqressivliyə səbəb nədir?

- Səbəb millətimizin, camaatımızın mədəniyyətsizliyidir.

© Sputnik / Nigar IskanderovaBərdə rayonu Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili
Təcili yardım xidmətinin baş həkimi Səhiyyə Nazirliyinin hərəkətinə mat qalıb - Sputnik Azərbaycan
Bərdə rayonu Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili

- Bəs, briqadanın mənzil başına gec yetişməsi necə, buna səbəb ola bilərmi?

- Sizə düzünü deyəcəyəm. Çünki mən Allahdan başqa heç nədən qorxmuram. Çünki dürüst adamam. Bizim həkimlər mənzil başına hər zaman vaxtında yetişirlər. Baxın, tək dünən, baş verən o məlum hadisə ilə bağlı 08:45-də çağırış daxil olmuşdu, 08:46-da həkimlər xidməti avtomobillə ərazidən çıxdılar. Mənzil bizdən 6 kilometrlik məsafədə yerləşirdi. Briqadamızın gediş-gəlişi isə ümumilikdə 16 dəqiqə vaxt apardı. İnanın, bunu kimə desən, inanmaz, amma görün briqadamız necə operativ işləyib. Ötən gün baş verən hadisədə xəsarət alan tibb bacılarından biri bu gün səhərədək yata bilməyib. Şüşə qırıntıları onun gözünə, başına dağılmışdı. Allaha and olsun ki, həkimlərimiz bu cür səbəblərə görə ərazilərə çıxmağa, çağırışa getməyə qorxur.

- Bəs, bu cür hallar baş verdikdə, hətta bir neçə dəfə təkrarlandıqda necə, əməkdaşlarınız bezərək işdən çıxmaq haqda düşünürmü?

- Tibb bacısı, həkim yazıq işdən çıxıb nə etsin? Həkim işdən çıxıb hara getsin, necə dolansın? Acından ölsün?

- Bəs, xidməti avtomobillərə necə, çoxmu ziyan dəyib?

- Hazırda 2 xidməti avtomobilimiz pis vəziyyətdədir. Maşının şüşələri xəstə yaxınları tərəfindən qırılsa da, qarşı tərəf buna görə bizə heç bir vəsait ödəməyib. Bizi eşidən yoxdur.

- Ümumiyyətlə, belə hallarla əlaqədar olaraq Səhiyyə Nazirliyinə şikayət etmisiz?

- Bu cür hadisələrlə bağlı Səhiyyə Nazirliyinə şikayət etməmişik.

- Özünüz necə təhdid olunmusuz?

- Mən 1980-cı ildən təcili yardım briqadasında işləyirəm. Bu müddətdə nələr görməmişəm ki?! Məni vuran da olub, söyən də olub. Mənə qarşı o qədər zorakı hadisələr olub ki, hansından danışım, bilmirəm. Bu cür hadisələr çox olub.

 

Xəbər lenti
0