16:39 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Məktəbli uşaqlar mobil telefonla oynayırlar, arxiv şəkli

Müasir texnologiyalar uşaqlarda görmə problemləri yaradır

© Sputnik / Igor Zarembo
SƏHİYYƏ
Qısa URL
15 0 0

Oftalmoloq: Müasir texnologiyadan istifadə uşaqlarda görmə problemləri yaradır

BAKI, 4 noyabr — Sputnik. Son vaxtlar görmə problemləri xeyli dərəcədə çoxalıb. Nəinki yaşlılar, gənclər, yeniyetmələr, hətta uşaqlar arasında da göz xəstəlikləri geniş yayılıb.

AZƏRTAC-a müsahibə verən Bakı Baş Səhiyyə İdarəsinin Baş Oftalmoloqu Sevda Bəşirova bu barədə məlumat verib.

Oftalmoloq deyib: “Təəssüf ki, 9-15 yaşlı uşaqların təxminən 60 faizində görmə problemləri müşahidə olunur. Uşaqlar arasında miopiya xəstəliyi yayılıb. Bunu yaradan əsas səbəblərdən biri də erkən yaşda müasir texnologiyadan istifadədir. Əfsuslar olsun ki, çox vaxt valideyn öz rahatlığı üçün 2-3 yaşlı uşağın əlinə telefon verir ki, uşaq oynayıb başını qatsın. Azyaşlı da saatlarla həmin telefonla oynayır. Bu, o həddə gəlib çatır ki, artıq məktəbə gedəndə uşaqda göz zəifləməsi başlayır. Açıq havada, təbiət qoynunda olmaq əvəzinə uşaqlar daha çox kompüterin, planşetin, mobil telefonun ekranı qarşısında vaxt keçirir. Şübhəsiz ki, göz zəifliyində genetik faktorlar da az rol oynamır. Əgər valideynlər və ya onlardan biri eynək taxırsa, bu, onun övladına da keçir. 

Alimlər sübut ediblər ki, kompüterdən gələn mavi işıq torlu qişada görmə zəifliyinə səbəb olan toksik maddə əmələ gətirir. Monitordan gələn mikrodalğalar göz toxumasında istilik yaradır və bu da büllurda dəyişikliyə səbəb olur. Məsələ ondadır ki, nəinki uşaqlar, yaşlılar da günün əksər hissəsini televizor və kompüter qarşısında keçirirlər”.

Həkim-oftalmoloq deyib: “Göz anatomik olaraq hərəkət üçün yaranıb və daim hər tərəfə hərəkət etməlidir. Göz yalnız uzağa baxanda dincəlir, yaxına baxanda isə əzələ yığılır və yüklənir. Göz uzun müddət kompüterə baxanda buynuz qişa quruyur və nəticədə bir sıra problemlər meydana çıxmağa başlayır. Kompüter arxasında işləyən adam mütləq hər 45 dəqiqədən bir fasilə verməlidir. Çünki bu müddət ərzində göz əzələləri yorulur. Fasilə zamanı göz əzələləri gimnastik hərəkətlər etməli, təxminən iki dəqiqə ərzində bütün istiqamətlərə-sağa və sola, yuxarı və aşağı, uzağa və yaxına baxmalıdır. Həmin hərəkətləri həm saat əqrəbi, həm də əksi istiqamətində etmək lazımdır. Fasilə zamanı su qəbul etmək də məsləhət görülür. C və A vitamini ilə zəngin məhsullar, xüsusilə sitrus meyvələrində olan vitaminlər göz üçün çox faydalıdır. Buraya həm də qırmızı və narıncı rəngdə olan meyvə-tərəvəzləri aid etmək olar”.

Hazırda ən geniş yayılan göz xəstəliyi haqqında danışan həkim bunların katarakta və miopiya olduğunu bildirib: “Ümumiyyətlə, gözü gün işığından keyfiyyətli, kompüterdən antiblik eynəklər taxmaqla qorumaq lazımdır ki, Günəşdən və kompüter işığından gələn şüalar tor qişanı yandırmasın. Çünki 55 yaşdan sonra gözdə makulodistrofiya başlayır. Bu zaman qişanı qidalandıran damarlar quruyur və tor qişada olan sarı ləkə generasiyaya uğrayır. Monitordan gələn işıq həmin prosesi daha da sürətləndirir”.

Əsas mövzular