21:13 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
SƏHİYYƏ
Qısa URL
334 0 0

"Bu əməliyyatın evdə hətta həkim tərəfindən aparılması belə, təhlükəlidir"

BAKI, 4 may — Sputnik. Azərbaycanda qadınların abort etdirməsi problemi aktuallığını saxlayır. Statistika son illər abortların sayının xeyli artdığın göstərir. Qeyri-rəsmi intim münasibətlər, uşağı saxlamaq üçün maddi imkanın olmaması, eləcə də 21-ci əsrdə yaşamağımıza baxmayaraq, cəhalət düşüncəsinin (məsələn, qız yox, oğlan istəyirəm kimi) hakim olması qadınları bu addıma sövq edir.

Amma savadsızlıq, maddi-iqtisadi vəziyyətin aşağı olması üzündən qadınlarımız çox zaman abort və digər ginekoloji əməliyyatlar üçün tibbi lisenziyası olmayan obyektlərə və yaxud evlərdə qeyri-qanuni fəaliyyət göstərən tibb bacılarına müraciət edirlər. Bu kimi hallara daha çox bölgələrdə rast gəlinir.

Ginekoloq Yayla Babayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, abort və mini abortlar xəstəxana daxilində həyata keçirilməlidir: "Əks halda bu xəstənin sağlamlığı və hətta həyatı bahasına başa gələ bilər. Abort heç də hesab edildiyi kimi sadə və kiçik əməliyyat deyil. Candan can qoparılır. Bu zaman qanaxma, təzyiqin qalxması və s. kimi hallar baş verə bilər ki, ev şəraitində bu halların qarşısını almaq qeyri-mümkündür".

Müsahibimiz qeyd edir ki, bətnə düşmüş körpəni ən uzağı 12 həftəyə qədər abort etdirmək mümkündür: "Sonra döl daxildə böyüyür və ananın və ya körpənin sağlamlığında problem olmadığı təqdirdə aborta icazə verilmir. Daha sonrakı aylarda isə abort qadının sağlamlığı üçün təhlükəli hesab edilir. Buna görə də uşaq qeysəriyyə əməliyyatı ilə çıxarılır (əgər döl bətndə ölərsə)".

Həkim evdə abort və digər əməliyyatların aparılmasına da toxunub: "Bu əməliyyatın evdə hətta həkim tərəfindən aparılması belə, təhlükəlidir. Çünki xəstəxanada həkimin əlinin altında hər vasitə olur, ev şəraitində isə bu, mümkün deyil".

"Bəzən təhsili olmayan şəxslər belə, evdə abort əməliyyatları həyata keçirirlər. Müxtəlif iynələr, dərmanlar və hətta alətlərlə əməliyyat etməyə çalışırlar. Bu da çox zaman xəstənin elə əməliyyat stolunda qalmasına, həyatını itirməsinə səbəb olur. Arzuolunmaz hamiləlikdən qurtulmaq üçün həkimə müraciət etmək lazımdır" — Y. Babayeva diqqətə çatdırır.

O, abortun xəstəxanada hansı şəraitdə, hansı qaydalarla aparıldığını da izah edir: "Xəstə əvvəl müəyyən müayinələrdən keçməli, hamiləliyin müddəti USM–lə müəyyən edilməli, xəstənin təzyiqi ölçülməli, daha sonra hamiləliyə uyğun abort tətbiq edilməlidir. Yanımıza qanaxma ilə çox xəstələr gəlir. Onların həyatını güclə xilas edə bilirik".

Xatırladaq ki, Azərbaycanda qanunsuz abort edilməsinə görə, cərimələrin məbləği artırılıb. Belə ki, Cinayət Məcəlləsinin 141-ci "Qanunsuz abort etmə" maddəsinin birinci bəndinə görə, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya altı ayadək müddətə islah işləri ilə cəzalandırılır. Maddənin ikinci bəndinə görə, xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməyə görə 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Maddənin üçüncü bəndində qeyd edilir ki, Məcəllənin 141.1 və 141.2-ci maddələrində nəzərdə tutulmuş əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurduqda, 2000 manatdan 3000 manatadək cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Əlaqədar

Azərbaycanda abortlar qadağan ediləcək
Məktəb yaşlı qızlar arasında aborta gedənlərin sayı artıb
O, abort edilmiş uşaqların cəsədlərini klinikadan alır və...
Roma Papası abort etdirənlərin əvf olunmasına icazə verib
Teqlər:
Yayla Babayeva, cəhalət, intim münasibət, ginekoloq, statistika, həkim, abort, cinayət, ana, xəstəxana, Azərbaycan, qadın, ev, uşaq

Əsas mövzular