08:12 23 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0459
  • RUB0.0222
SƏHİYYƏ
Qısa URL
13001

Həkim Aygün Muradlı: "Soyuqlamadan qorunmaq üçün mayın 20-nə qədər gödəkcələrinizdən imtina etməyin"

BAKI, 26 aprel — Sputnik. El deyimi var: "mart çıxdı, dərd çıxdı". Amma bu il mart çıxsa da, havalar isinmək bilmir.

Havanın temperaturu bir qədər düşən kimi "soyuq oldu" deyib, özümüzü qorumağa çalışırıq. Amma mütəxəssislərə görə, qışdan yaza keçid dövründə xəstələnmənin səbəbi soyuq deyil, orqanizmin öz istiliyini tənzimləyə bilməməsidir. Yəni, hər zaman orqanizmin istiliyini 37 dərəcə istilikdə saxlaya bilsək, əsla xəstələnmərik.

Mart-aprel aylarında havanın temperaturu dəyişkən olduğu üçün bədən istiliyi də tez-tez dəyişir. Bunun nəticəsində maddələr mübadiləsi yavaşıyır, mikroblar aktivləşərək xəstəliyin yaranmasına səbəb olur. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, artıq bir neçə gündür ki, ölkə ərazisində, paytaxtda, eləcə də bölgələrdə hava şəraiti qeyri-sabit keçir: "Arabir yağışlar yağdı, yüksək dağlıq ərazilərdə qar yağması, güclü şimal-qərb küləkləri müşahidə edildi. Amma bu gündən etibarən ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi gözlənilir. Əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə yaxın 2 gün ərzində tədricən yüksələcək".

G. Məmmədovanın sözlərinə görə, mart–aprel ayları keçid ayları hesab olunduğu üçün hava şəraitinin dəyişkən olması ilə xarakterizə edilir. Əvvəlki illərdə də aprel ayında yağışlar yağmış, dağlıq ərazilərdə qarın yağması və güclü küləklərin əsməsi müşahidə edilmişdi.

Havaların qeyri-sabit keçməsi isə insanlarda da müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Terapevt Mətanət Cəfərovanın sözlərinə görə, havaların qeyri-sabit keçməsi baş ağrılarına, arterial təzyiqin oynamasına, ürək ritminin pozulmasına, oynaqlarda, əzələlərdə yorğunluğa, ağrıların artmasına, iş qabiliyyətinin azalmasına, yuxululuğa, bəzi şəxslərdə isə yuxusuzluğa, depressiyaya, həyəcanlanmalara səbəb olur: "Temperatur fərqinin yaranması yuxarı tənəffüs yollarının kəskin iltihablı xəstəliklərinin yaranması üçün əlverişli şərait yaradır. Havaların küləkli, soyuq olması temperatur fərqini yaradır. Belə hava xüsusən dayaq hərəkət aparatında, onurğa və oynaqlarında problem olan xəstələr üçün bir qədər əlverişsiz şərait yaradır. Xroniki xəstəliyi olan şəxslər belə dönəmlərdə özlərini daha çox pis hiss edirlər. Ağrılar müşahidə edilir". 

Mütəxəssislərə görə, mart-aprel ayları insan orqanizminin həssas olduğu aylardır. Bu aylarda mövsümi xəstəliklərdən qorunmaq üçün diqqətli olmaq lazımdır. Həkim Aygün Muradlının sözlərinə görə, qış aylarında bədəndə avitaminoz-vitamin çatışmazlığı yaranır: "Sonrakı aylarda bir az soyuq olan kimi soyuqlama və soyuğun təsirindən müxtəlif xəstəliklər ortaya çıxır. Məsələn, siz səhər görürsünüz ki, hava günəşlidir və nazik geyinirsiniz, axşam qayıdanda hava soyumuş olur və siz soyuqlayırsınız. Yəni, mart-aprel aylarının havası aldadıcı olur. Buna görə də çalışın ki, günəşin çıxmasına aldanmayasınız".

Həkim bildirir ki, belə havalarda qalın geyinmək, çoxlu maye qəbul etmək və meyvə-tərəvəz yemək lazımdır: "Əgər xəstələnmisinizsə, çalışın ki, çox maye qəbul edin. Su, süd, müxtəlif şorbalar için. Bu ayların xəstəliyinə qarşı çox sayda dərman qəbul etmək məsləhət görülmür. Limon-nanə qaynadıb için. Balla limonu qarışdırıb yeyin. Dərmanlardan yalnız köməkçi vasitə kimi, məsələn, hərarəti azaltmaq, baş ağrısını kəsmək üçün istifadə edin". 

A. Muradlı qeyd edir ki, soyuqlamadan qorunmaq üçün mayın 20-nə qədər gödəkcələrinizdən imtina etməyin.

Müsahibimiz bildirir ki, uşaqlar qrip xəstəliyini daha ağır keçirir. Buna görə də, qrip xəstəsi olan evdə uşaq varsa, uşaq xəstəyə yaxın buraxılmamalıdır: "Yeni doğulmuşlar və 5 yaşına qədər uşaqlar qripdən, soyuqdəymədən qorunmalıdır. Çünki tez-tez xəstələnmək uşaqda immunitet zəifliyi yaradır. Uşaq qidalanmadan qalır, zəifləyir və başqa ağır xəstəliklərin yoluxma ehtimalı da artır. Bu səbəbdən də uşaqları xəstə ilə eyni otaqda saxlamayın. Bol maye verin və uşağı qidalandırarkən, geyimini dəyişərkən əllərinizi sabunla yuyun. Əgər özünüz xəstəsinizsə, ağzınıza maska taxın".

Əlaqədar

Nazirlik fermalarda quş qripi aşkar edildiyi haqda bəyanat yaydı
“Honkonq qripi”ndən ölən var
Bakı zooparkının direktoru quş qripi məsələsinə aydınlıq gətirib
Həkim: Forma dəyişdiyinə görə qrip virusuna qarşı peyvənd tapılmır
Teqlər:
Yaz xəstəlikləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, Mətanət Cəfərova, Aygün Muradlı, Gülşad Məmmədova

Əsas mövzular