15:15 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
73211

Mütəxəssislər prostat vəzi xəstəliklərinin vaxtında aşkar olunması üçün 40 yaşdan sonra ildə 1 dəfə həkim müayinəsindən keçməyi tövsiyə edir

BAKI, 3 apr – Sputnik. Prostat vəzi sidik kisəsinin altında yerləşən şabalıda oxşar və həmin ölçüdə olan kişi cinsiyyət vəzisidir.

Sidik kanalının arxa hissəsi prostat vəzinin içərisindən keçərək sidik kisəsinə daxil olur. Prostat vəzinin əsas funksiyası xüsusi maye olan prostat şirəsini ifraz etməkdir.

40 yaşından sonra bütün kişilərdə hormonal dəyişikliklərlə əlaqədar prostatda böyümə baş verir. Əksər hallarda prostatın yaş ilə əlaqədar böyüməsi xoşxassəli olur və mütəxəssislər bunu prostat vəzinin xoşxassəli hiperplaziyası (böyüməsi) adlandırırlar.

Sidik kanalı prostatın içərisindən keçdiyindən, vəzinin böyüməsi zamanı yaşı 50-ə çatmış kişilərin çoxunda sidik buraxmada çətinləşmə, sidik kisəsinin natamam boşalması hissi və sidik şırnağının zəifləməsi şikayətləri əmələ gəlir. Bu şikayətlərə yaşı 60-a çatmış kişilərin 50%-də, 80 yaşlı olanların isə 80%-də rast gəlinir.

Sputnik Azərbaycan Saglamolun.az-a istinadən, prostat vəzinin hiperplaziyasının risk faktorlarını təqdim edir:

— Yaş

— İrsi faktor (yaxın qohumlarda prostat vəzinin böyüməsi hallarının olması)

— Metabolik sindrom (şəkərli diabet, piylənmə və s.)

— Sidik-cinsiyyət sisteminin iltihabi xəstəlikləri.

1990-cı illərdən başlayaraq bu günə kimi Avropa və Amerikada prostat vəzi xəstəliklərinin aşkarlanması, profilaktikası və maarifləndirilməsi ilə bağlı ciddi işlər aparılıb və bu işlər çox yaxşı nəticələr verib.

Belə ki, 90-cı illərdə bu ölkələrdə prostat vəzi xərçənginə tutulan hər 3 xəstədən biri dünyasını dəyişirdi. Hal-hazırda bu rəqəm 10 dəfə azalıb. Bunun əsas səbəbi əhalinin prostat vəzi xəstəlikləri mövzusunda maarifləndirilməsi və hər kəs üçün əlçatan, ucuz və 1 gün müddətində hazır olan laborator-instrumental müayinələrinin aparılması olub.

Mütəxəssislər prostat vəzi xəstəliklərinin vaxtında aşkar olunması üçün 40 yaşdan sonra ildə 1 dəfə həkim müayinəsindən keçməyi tövsiyə edir.

Əsas mövzular