15:28 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Aptek

Ekspert: "Ölkəyə keyfiyyətsiz dərmanlar gətiriləcək"

© Sputnik / Ramil Sitdikov
SƏHİYYƏ
Qısa URL
549 0 0

Ekspert: "Bəzi hallarda mövcud qiymət maneələri son nəticədə Azərbaycana daha keyfiyyətsiz məhsulların idxalına gətirib çıxara bilər"

BAKI, 21 fev — Sputnik. “Liberal iqtisadi mühitin formalaşmasının tərəfdarıyıqsa, o zaman dərman qiymətlərinin tənzimlənməsini istəməməliyik. Çünki istənilən formada tənzimlənən qiymətlər iqtisadi müdaxilə hesab olunur”.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

İqtisadçının sözlərinə görə, bu, proseslərin təbii axarında getməməsinə və bir çox hallarda bazarın mənfi istiqamətdə dinamika nümayiş etdirməsinə gətirib çıxardır: “Məsələn, bu gün bizdə dərman qiymətləri tənzimlənir. Bunun ilkin qiymətləndirməsi vətəndaşların alıcılıq imkanları baxımından yaxşıdır. Amma eyni zamanda, prosesin fəsadları özünü göstərir. Belə ki, dərmanların idxalı ilə məşğul olan şirkətlərin anbarlarında olan məhsulların həcmində, çeşidlərində, həmçinin pərakəndə satışla məşğul olan apteklərdə dərmanların miqdarında, çeşidində kəskin şəkildə azalma müşahidə olunur”. 

Onun fikrincə, biznesmenlər prosesdə daha az maraqlı görünürlər: “Bu baxımdan biznesmenlər bir çox məhsulların ölkəyə idxalını dayandırıblar. Bəzi hallarda mövcud qiymət maneələri son nəticədə Azərbaycana daha keyfiyyətsiz məhsulların da idxalına gətirib çıxara bilər. Dərman məhsulları bir çox hallarda müxtəlif növ prototiplərdən ibarət olur. Bazarda eyni məqsədə, istiqamətə xidmət edən minlərlə adda dərman görə bilərik. Onların qiymətləri keyfiyyəti ilə əksər hallarda düz mütənasib olur”.  

“Bəzi hallarda idxalçı şirkətlər dərman istehsalçıları, xüsusilə də ikinci və üçüncü dünya ölkələrində istehsal ilə məşğul olan dərman şirkətləri ilə razılığa gəlirlər. Bunun əsasında məhsulun keyfiyyətini dəfələrlə aşağı salmaqla daha ucuz qiymətə alması və ölkəyə gətirərək orijinal adı ilə satışını təşkil etməsi mümkün olur. Bütövlükdə götürəndə, bazara istənilən formada kənar müdaxilə mənfi hallara gətirib çıxarır. Yəni, hər zaman müsbət nəticələr göstərmir” — o qeyd edib. 

Ekspertin sözlərinə görə, Azərbaycan bazarının özünəməxsusluğunun biri də odur ki, bazarda qiymətlərin tənzimlənməsindən əvvəl və sonra ciddi inhisarçılıq mövcuddur: “Əksər hallarda bazarda rəqabətin olmaması süni qiymətlərin yaranmasına gətirib çıxarırdı. Bu, inhisarçılıq qiymətləridir. Bazarda rəqabət mühiti yaradılsaydı, inhisarçı təşəbbüslərin qarşısı alınsaydı, bu zaman süni qiymətləri də görməyəcəkdik. Yaxud da, dövlət hansısa formada sosial sifariş, qayğıya qalmaq kimi  tənzimləyici metodları tətbiq etməyəcəkdi”. 

İqtisadçının fikrincə, onu da nəzərə almaq lazımdır ki, Tarif Şurası heç bir halda valyuta bazarındakı dəyişikliklərə adekvat olaraq çevik reaksiya verə bilməyəcək: “Bu da son nəticədə sahibkarların zərərinə gətirib çıxara bilər. Onlar bəzi hallarda bu istiqamətdə fəaliyyətini daha da azaldacaq, bu da son nəticədə ölkədə dərman qıtlığına və yaxud da qeyri-qanuni dərman bazarının formalaşmasına gətirib çıxarda bilər”. 

O, hesab edir ki, indiki şəraitdə tənzimləyici mexanizmi saxlamaq lazım olsa da, gələcəkdə daha rəqabətli bazarın formalaşması istiqamətində addımlar atmaqla 2-3 ilə bu mexanizmi ləğv etmək lazımdır: “Çünki Azərbaycan bundan sonrakı dövrdə tənzimləyici formada proseslərə müdaxilə etmək əvəzinə, daha çox təşəbbüskarlıq iqtisadi mexanizminə üstünlük verməlidir”. 

İqtisadçı-ekspert Qalib Toğrul Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, normal iqtisadiyyatı olan ölkələrdə dərmanın qiyməti tənzimlənməməlidir: “Normal ölkə deyəndə, normal anti-inhisar siyasəti olan, rəqabət qanunvericiliyinə əməl olunan ölkələri nəzərdə tuturam. Axı dərmanın qiyməti niyə tənzimlənməlidir? Dərman təbii inhisarçıların istehsal etdikləri məhsul deyil ki, onun qiymətini Tarif Şurası tənzimləsin”.

Ekspertin sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, yalnız təbii inhisar sahələrinin qiymətləri tənzimlənməlidir: “Yəni, kommunal xidmət göstərən müəssisələr, dəniz limanları, qaz paylayıcı şəbəkələr və s. Hansı ki, oraya özəl sektoru buraxmaq mümkün olmur. Hesab olunur ki, orada dövlətin sahibkarlıq ilə məşğul olması istehlakçılar üçün daha faydalıdır. Bunlar təbii inhisar sayılır. Onların qiymətləri tənzimlənməlidir”.

İqtisadçının fikrincə, dərmanın qiyməti tənzimlənməməlidir: “Azərbaycanda dərmanın qiyməti ona görə tənzimlənir ki, hazırda dərmanın idxalı inhisardadır. İndi inhisarçılığa qarşı tədbir kimi qiymətləri tənzimləyirlər və hesab edirlər ki, bu, istehlakçıların hüquqlarının qorunmasıdır”. 

“Amma bunun ən düzgün yolu odur ki, dərmanın idxalından monopoliya götürülür, əsl rəqabət mühiti yaranır, qiymətlər də bazarın tələbinə uyğun olaraq formalaşır. Dərmanların qiymətlərinin tənzimlənməsinin əleyhinəyəm. Hesab edirəm ki, rəqabət mühiti yaradılmalı, dərman qiymətləri sərbəst buraxılmalıdır” — o qeyd edib. 

Onun sözlərinə görə, istehlakçıların mənafeyi ilə sahibkarların mənafeyi arasında çox incə sərhəd var: “Bu sərhəddi gözləmək lazımdır. Biz bu məsələlərə yanaşanda, sahibkarın mənafeyi baxımından yanaşmırıq. Hesab edirik ki, istehlakçının mənafeyi baxımından yanaşılmalıdır. Əslində, bu heç istehlakçının mənafeyi baxımından yanaşma da deyil. Yəni, bu da hansısa bir və ya bir neçə şirkəti himayə etməkdir. Bu, düzgün deyil”.

“İndi qiymətləri sərbəst buraxsalar, təbii ki, qiymətlər qalxacaq. İndiki halda Tarif Şurası qiymətləri tənzimləməlidir. Amma bu, düzgün yol deyil” — o əlavə edib. 

Əlaqədar

Sərhəddə qanunsuz dərman preparatları aşkarlandı
Keyfiyyətsiz və bahalı dərman probleminin həllinə doğru mühüm addım
Direktorun təcavüz etdiyi qız: "Meyvə şirəsinə yuxu dərmanı qatıbmış..."
Teqlər:
dərmanlar, Qiymətlərin tənzimlənməsi, Tarif Şurası, Qalib Toğrul, İqtisadçı-ekspert Rəşad Həsənov, Azərbaycan

Əsas mövzular