17:51 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
86001

Balıq insan orqanizmi üçün ən faydalı qidalardan hesab olunur. Amma ən çox zəhərlənmələrə səbəb olan təamlardan biri də balıqdır.

BAKI, 9 dek — Sputnik. Elə bir həkim və ya tibb mütəxəssisi yoxdur ki, balıq yeməyin faydalarından danışmasın. Balığın tərkibində çox asanlıqla həzm oluna bilən proteinlər mövcuddur. Xüsusilə B vitamini ilə zəngin olan balıq, insanın ürək-damar sistemini, qan dövranını normada saxlamaqla bərabər, insanın görmə qabiliyyətini də yaxşılaşdırır.

Balıq istənilən yaş dövründə olan insanlar üçün mükəmməl qida hesab olunur. Bir sözlə, insanı gənc saxlaya biləcək qida növləri içərisində balıqlar ilk sırada durur.

Bəs əgər, balıq belə xeyirli məhsuldursa, onda niyə zəhərlənmələrin çoxu, məhz bu məhsulla bağlı olur? Bu sualın cavabı çox sadədir. Çünki insanlar çox vaxt balığı düzgün yerlərdən almırlar. Təəssüf ki, əhalinin böyük əksəriyyəti daha ucuz başa gəlsin deyə, bu dəniz məhsulunu anti-sanitar qaydada, natəmiz yerlərdə, küçə kənarlarında, kimlərin satdığı, haradan gətirdiyi bəlli olmayan aralıq ticarətçilərindən alırlar. Üstəlik alıcılar çox vaxt heç maraqlanmırlar ki, balıqlar hansı şəraitdə saxlanılır və necə təmizlənir. Məhz, bu laqeydlik ucbatından tez-tez balıqdan zəhərlənmə hadisələri eşidirik.

İnsanlar çox vaxt balığı düzgün yerlərdən almırlar
© Sputnik / Fuad Hasanov
İnsanlar çox vaxt balığı düzgün yerlərdən almırlar

2014-cü ilin noyabrında Sumqayıt şəhərində 1 ailənin 5 üzvü balıq zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib. Onlar həkimlərin ciddi səyi nəticəsində, çətin də olsa, həyatda qala biliblər.

Bundan başqa, 4 il əvvəl paytaxt yaxınlığındakı Qaraheybət Ümumqoşun Təlim Mərkəzində də analoji hadisə yaşanmış, 200-ə yaxın əsgər konservləşdirilmiş balıqdan zəhərlənərək xəstəxanaya aparılmışdı. Ötən ilin oktyabrında isə Qazax rayonun Daş Salahlı kəndində toy zamanı 35 nəfər balıqdan zəhərlənmişdi.

Sadaladığımız faktlar, təkcə kütləvi zəhərlənmələrə aiddir. Fərdi olaraq özünü evində müalicə edənlər də az deyil.

Yazının əvvəlində qeyd etdiyimiz kimi, paytaxt Bakıda balıq satışına çox yerdə, natəmiz dayanacaqlarda, metrostansiyaların üstündə, ara həyətlərdə rast gəlmək mümkündür. Bu balıqlar haradan tutulur, necə satılır və buna kim icazə verir?

Bütün bunları öyrənmək üçün "İnşaatçılar" metrostansiyasının çıxışında, küçə kənarında dayanıb balıq satanlarla söhbət aparmağa çalışdıq. Ancaq satıcılar nə şəkil çəkməyə, nə də ətraflı məlumat verməyə razı oldular. Sadəcə "məhsullarımız təmizdir, birbaşa dənizdən və Kürdən gətirilir" deməklə kifayətləndilər.

Lakin görünən mənzərə heç də ürəkaçan deyildi. Yuxarıda qeyd etdiyimiz problemli vəziyyət burada da hökm sürür.

Balıq məhsulları və digər ət məhsullarının pərakəndə satışı nəzarətdən kənar sayılır
© Sputnik / Fuad Hasanov
Balıq məhsulları və digər ət məhsullarının pərakəndə satışı nəzarətdən kənar sayılır

Həkimlər balığın necə və haradan tutulmasının əsas şərt olduğunu bildirirlər. Mövzunu Sputnik-ə dəyərləndirən, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, Baytarlıq Xidmətinin bazarlara nəzarəti çox vaxt formal xarakter daşıyır: "Ərzaq məhsullarının satışı çox ciddi məsələdir. Çünki məhsulların dövriyyəsi, saxlanma şəraiti ilə bağlı təlimatlar nəzərdə tutulur və buna ciddi riayət olunmalıdır".

"Balıq məhsulları və digər ət məhsullarının pərakəndə satışı nəzarətdən kənar həyata keçirilir. Açıq etiraf edim ki, bazarlarda və bir çox yerlərdə Baytarlıq İdarəsinin nəzarəti, bəzən formal xarakter daşıyır", — ekspert bildirib.

Onun sözlərinə görə, nə qədər ki, ölkədə ərzaq təhlükəsizliyi konsepsiyası yoxdur, problemlər həllini tapmayacaq: "Çünki bu məsələ milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olaraq lazımdır. Qayda-qanun olmayan, qanunda boşluq olan yerdə bu cür hallar üzə çıxır".

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəyini öyrənməyə çalışsaq da, sualımıza cavab verən olmayıb.

Əlaqədar

Mingəçevir balıqçılarının peşə sirrləri
İnsan sağlamlığı üçün zərərli olan 206 kilo balıq satışdan yığışdırılıb
Xəzərə həsrət qalmış Bakı balıqçıları: "Özlərini bizim yerimizə qoysunlar"
Azərbaycanda ağır çəkili balıq yetişdirilməsinə başlanıb
Qayığını xilas etmək istəyən balıqçı 100 milyonluq qənimət tapdı
Təbiət və balıq ovu həvəskarları üçün şəhərdən kənarda istirahət
Teqlər:
qida, satış, vitamin, insan, zəhərlənmə, balıq, xəstəxana

Əsas mövzular